"Neftçi"nin müdafiəçisi Elvin Bədəlov Premyer Liqanın 13-cü turunda "Turan Tovuz"la qolsuz bərabərliklə bitən matç haqda Sportinfo.az-a açıqlama verib.
O, ilk öncə görüşü dəyərləndirib:
"Tovuz ağır səfərdir. Üzərinə meydançanın durumunu gəlsək ikiqat çətin olduğunu deməliyəm.
Epizodlar az oldu. Demək olar ki, ancaq mübarizə getdi.
Qol vuran qalib gələcəkdi. Səfərdə əldə olunan bir xalı bu gün üçün normal hesab edə bilərik".
Təcrübəli oyunçu iki iddialı komandanın oyununda sürətin aşağı, çox sayda top itkilərinin qeydə alınmasına meydanın örtüyünü səbəb gətirib:
"Ancaq meydança ilə bağlamaq olar. Kənardan bəlkə də asan görünür, amma bu cür meydanda oynamaq çox çətin idi.
Hər an zədə almaq riski vardı. Topa sahib olmaq çətin idi. Müdafiədə maksimum diqqətli olub, irəlidə şans gözləyirdik".
XANOĞLAN

