Samir Abasovun “Neftçi”dən ayrılığı klub tarixində qeydə alınan ilklə yadda qaldı.
İndiyə qədər 10-larla məşqçi ilə yolların ayrılmasına baxmayaraq, “ağ-qaralar” rəsmi formada o cür paylaşım etməmişdi.
“Neftçi”nin yaydığı məlumatda keçmiş baş məşqçinin onlarla təzminat davası etməsi ictimaiyyətə açıq şəkildə çatdırılıb.
Artıq yollar ayrılıb, Samir bəy köməkçiləri ilə birlikdə klubu tərk edib. Hətta namizəd çalışdırıcılarla danışıqlara start verilib.
İndi sual doğuran əsas məsələ klub rəhbərliyinin keçmiş baş məşqçiyə təzminat ödəyib-ödəməyəcəyidir.
İş burasındadır ki, Abasovla ayrılıq söhbəti zamanı təzminat razılığı əldə olunmayıb. Yəni kimsə sənəd üzərində yazılan rəqəmi sumqayıtlı mütəxəssisin hesabına köçürəcəyinə dair söz və zəmanət verməyib.
O, komandanın nəticələrini yaxşılaşdıracağına ümid edib işini davam etdirmək niyyətindəydi. Lakin “yuxarıdan” gələn göstəriş əsasında tutduğu postdan ayrılmaq məcburiyyətində qalıb.
47 yaşlı çalışdırıcı gözləmə mövqeyindədir. “Neftçi”dən ona və köməkçilərinə çatmalı olan təzminatı gözləyir. Bu, baş verməsə, hansısa formada addım atacaq.
Rəhbərliyin qapısını döyəcək, yoxsa AFFA-ya və FİFA-ya şikayət edəcək – dəqiq nəsə demək çətindir. Hələ ki, gözləyir.
HƏBİB / SPORTİNFO.AZ

