“Neftçi”nin futbolçuları baş məşqçinin gedişini bu gün Tovuzda qələbə ilə “yuyacaq”?

14:20 Neftçi 105
“Neftçi”nin futbolçuları baş məşqçinin gedişini bu gün Tovuzda qələbə ilə “yuyacaq”?

13-cü turun mərkəzi qarşılaşması Tovuzda baş tutacaq.

Çempionluq titulu uğrunda qollarını çırmalayan və hələ ki, işləri pis getməyən “Turan Tovuz” doğma azarkeşlərinin önündə “Neftçi”ni qəbul edəcək.

İndiki məqamda oyunun favoriti tovuzlular göstərilir. İstər nəticələr baxımından olsun, istərsə də turnir cədvəlində tutduğu mövqe sarıdan. Öz meydanında oynaması da aşkar üstünlük sayılmalıdır.

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 12 turdan sonra 23 xal toplamaqla “Zirə” ilə birlikdə 2-3-cü pillələri bölüşür və 1 oyun az keçirən “Qarabağ”dan cəmi 3 xal geridə qalır. “Neftçi” isə 15 xalla 8-cı yerdə qərarlaşıb.

Ötən həftə “Araz-Naxçıvan”la dueldə cəza səbəbindən meydana çıxa bilməyən Roberto Olabe ilə Roderik Miller də artıq komandaya qoşulub və hər iki legioner bu axşam meydana çıxa biləcək.

Psixoloji durum, meydan amili, idman forması, Berdıyevin təcrübəsi – bütün bunlar qərblilərin xeyrinə işləyir. Buna görə də onları 3 xala daha yaxın saymaq olar.

Lakin elə bir məqam var ki, “ağ-qaralar” məhz buna görə qələbəyə sevinən tərəfə çevrilə bilər.

“İmişli”yə yenilgidən sonra baş məşqçi Samir Abasov istefaya göndərilib. Yananmış duruma uyğun olaraq komandanı “Turan”la qarşılaşmaya əvvəlki dönəmlərdə köməkçi kimi görməyə alışdığımız Sənan Qurbanov hazırlayıb.

“Neftçi” dünənə qədər həyəcan içindəydi. Xal itirmək qorxusu futbolçuların ayaqlarında əsməcəyə səbəb olurdu. Lakin indiki durum kökündən fərqlidir.

Bakılılar itirdiyini itirib. 4-cü yerdə qərarlaşan və digərlərindən 1 oyun az keçirən “Sabah”la xal fərqi 7-yə çatıb.

Abasovun gedişindən sonra psixoloji gərginlik də azalıb. Futbolçularda “uduzsaq, dünya dağılar” düşüncəsi parçalanmaq üzrədir. Çünki xal itkiləri adi hal alıb.

Dünya futbolunda görməyə alışdığımız reallığı də unutmamalıyıq. Adətən baş məşqçi istefasından sonra komandada dirçəliş yaşanır. Bütün hallarda olmasa da, bir çox nümunələrdə buna rast gələ bilərik.

Odur ki, “Turan Tovuz”un qələbəni bayram edəcəyi ilə bağlı proqnoz özünü doğrultmaya bilər. Hadisələrin axarı “Neftçi”nin bölgədə məğlub olmayacağından xəbər verir. Çünki qələbə qazanmamaq qorxusu meydan sahiblərinin tərəfində olacaq.

Bu gün Tovuz şəhər stadionunda baş tutacaq duelin start fiti saat 18:30-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!