«Neftçi» yalnız Samir Abasova təzminat ödəməyəcək.
Paytaxt klubu istefaya göndərdiyi baş məşqçi ilə yanaşı, onun 4 köməkçisinə də kompensasiya verəcək.
Bura Seymur Rəhimov, Mübariz Orucov, Vəfadar Quliyev və Anar Niftəliyev daxildir. Onların müqaviləsi gələn ilin yayınadək nəzərdə tutulduğundan, hər biri ona çatacaq pulu alacaq.
Premyer Liqanın 12-ci turunda «İmişli»yə 2:3 hesablı məğlubiyyətdən sonra vəzifəsini itirən Samir Abasovun korpusundan düşərgədə yalnız 1 nəfər saxlanılıb.
Həmin şəxs İvan Yovanovskidir. Bu ilin yayında bura gələn şimali makedoniyalı fiziki hazırlıq üzrə mütəxəssisdir.
Sabah Premyer Liqada 13-cü tura start veriləcək. «Neftçi» hesabat həftəsinin ilk oyun günündə «Turan Tovuz»un qonağı olacaq.
«Ağ-qaralar» qərb səfərinə Sənan Qurbanovun rəhbərliyi altında yollanacaq. Samir Abasovun istefaya göndərilməsindən sonra müvəqqəti olaraq komandanın başına keçən mütəxəssis özünə 2 köməkçi götürüb.
Bunlar Samir Zərgərov və Aqil Məmmədovdur. Akademiyada çalışan trio ən azı 1 matçda bu kollektivə nəzarət edəcək.
Sonra nə olacaq, nə olmayacaq, klub yönətimindən asılıdır. Danışıqlar apardıqları məşqçilərdən kiminlə tez razılığa gəlsələr, onu da görəvə gətirəcəklər.
Bu prosesin nə vaxt bitəcəyi isə hələ naməlumdur.
SPORTİNFO.AZ

