“Neftçi” müqaviləsinə birtərəfli qaydada xitam verdiyi Samir Abasova təzminat ödəyəcək.
Bu, klubun yaydığı son bəyanatdan da bəlli olur.
İstefaya göndərilən baş məşqçi ilə bağlı orada bunlar qeyd edilir:
“Samir Abasovun “Neftçi”də həm oyunçu, həm də məşqçi kimi xidmətlərini, həmçinin bumövsümkü fəaliyyətində göstərdiyi çalışqanlığı nəzərə alaraq, peşəkar etika naminə özünün istefa verməsi klub tərəfindən ona təklif edilib.
Öz növbəsində Samir Abasov gətirilən arqumentlərlə razılaşmayaraq, cari nəticələrin elə də pis olmadığını, hazırkı uğursuzluqların bilavasitə onun məşqçi fəaliyyəti ilə deyil, təsadüfi faktorlarla bağlı olduğunu iddia edib, mövsümün sonunda komandanın ilk 3-lüyə düşəcəyini söyləyib.
İstefa verməkdən imtina edərək bildirib ki, klub onunla müqaviləyə birtərəfli qaydada xitam verəcəyi təqdirdə, tam həcmdə təzminat tələb etmək fikrindədir. Qeyd olunanları nəzərə alaraq, “Neftçi” PFK Samir Abasovu istefaya göndərib“.
İki gündər ictimaiyyəti maraqlandıran sual budur - görəsən, Samir Abasov hansı məbləğ üstündə özünə belə əl qatıb?
Saytımız bu yöndə bəzi araşdırmalar aparıb. Əldə etdiyimiz qeyri-rəsmi informasiyaya görə, o, 500 min manatdan artıq kompensasiya göz dikib.
Klubla sözləşməsi 2026-cı ilin yayınadək qüvvədə olan mütəxəssis alacağı təzminatın miqdarında heç bir güzəştə getməyib. “Son qəpiyinə kimi o pulu istəyirəm“ deyərək, israr edib.
Paytaxt klubu 2024-cü ilin oktyabrında görəvə qaytardığı mütəxəssisə kifayət qədər böyük əməkhaqqı ödəyib.
O, burada hər ay 35 min dollar məvacib alıb.
Beləcə, sözügedən çalışdırıcı fəaliyyətdə olduğu 13 ay ərzində 450 min dollardan çox pul qazanıb.
Bəs qarşılığı? Həmin vaxt Roman Qriqorçuku əvəzləmiş Samir Abasov qaş düzəldən yerdə vurub göz çıxarıb.
Ötən mövsümü boşa verib, cari «futbol ili»ndə isə pis nəticələrlə yadda qalıb. Komanda 12 tura cəmi 15 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində yer alıb.
SPORTİNFO.AZ

