"Neftçi"də Samir Abasovun ikinci dönəmi uğursuzluqla sonlandı.
Klub yekunda təcrübəli mütəxəssislə ayrılıq qərarı verdi.
Düz və ya səhv qərar olması geniş müzakirə olunur.
Mən isə keçmişdə qalmaq yox, gələcək barədə danışmaq istəyirəm.
Elə "Neftçi" azarkeşlərini qayğılandıran bundan sonrasıdır.
Ki, necə olacaq?
Bunu demək çətindir.
Bəs necə olmalıdır?
Hə, bu barədə müəyyən fikirlərim var.
Adətən mövsümün gedişində gələn yeni baş məşqçilər zaman adlı libasa bürünür, həmin mövsümün qurban verilməsini seçir. Uğur qazansa qəhrəman sayılır, uğursuzluqda sabiq həmkar nişangaha gətirilir.
Məncə, "ağ qaralar"ın rəhbərliyi bu yanaşmanı yaxın buraxmalı deyil.
Bu gün "Neftçi"nin kifayət qədər yaxşı heyəti var.
Hazırkı kollektivlə rahat avrokuboklarda iştirak etmək olar.
Bunun üçün heyətə uyğun mütəxəssis axtarılmalıdır.
Və mütləq qarşısına avrokuboklarda iştirak hüququ qazanmaq tələbi qoyulmalıdır.
Əks halda, "Neftçi"ni tarixində üçüncü dəfə Avropa səhnəsindən kənarda görə bilərik...
XANOĞLAN İMANOV

