“Neftçi”ni qara günə qoyan Samir Abasovun PUL DAVASI!

17:40 Neftçi 525
“Neftçi”ni qara günə qoyan Samir Abasovun PUL DAVASI!

Noyabrın 23-də, axşam saatlarında yaydığımız xəbər dünən rəsmi təsdiqini tapdı - “Neftçi” baş məşqçi Samir Abasovu istefaya göndərdi.

Klubun mətbuat xidməti bu barədə geniş məlumat yayıb. Açıqlamada qeyd olunub ki, rəhbərlik və baş məşqçinin iştirakı ilə görüş keçirilib.

Görüşdə komandanın cari mövsümdəki çıxışı müzakirə edilib.

Bildirilib ki, Samir Abasova ötən ilin oktyabrında müqavilə bağlanandan indiyədək rəhbərlik tərəfindən hər cür dəstək göstərilib, o cümlədən transfer fəaliyyəti və komanda quruculuğunda ona tam səlahiyyət verilib:

“Mövsümlərarası fasilədə və mövsüm başlayandan sonra həyata keçirilmiş 14 transferin hamısı baş məşqçinin istəyi və təsdiqi ilə baş tutub, o cümlədən komandanı tərk edən oyunçularla bağlı bütün qərarları baş məşqçi verib.

Müqavilə bağlanarkən Samir Abasovun qarşısına hədəf kimi yaradıcı və hücum futbolu sərgiləmək, komandanın iştirak etdiyi bütün turnirlərdə ən yüksək nəticələrə nail olmaq qoyulub.

Bununla belə, keçən 12 tur ərzində nə komandanın inkişaf dinamikası, nə də turnir cədvəlində qərarlaşdığı yer qənaətbəxşdir.

Baş məşqçi tərəfindən mövsüm ərzində komandanın oyundan oyuna yüksələn xətlə gedəcəyi, noyabr ayında futbolçuların formasının ən yüksək pilləsinə çıxacağı vəd edilsə də, son qarşılaşmalarda oyun keyfiyyətinin aşağı düşməsi müşahidə edilib.

12 oyunda qazanılan cəmi 3 qələbə arzuolunan sayılmayıb, “İmişli” ilə görüşdəki məğlubiyyət isə enişin kulminasiya nöqtəsi olub.

Samir Abasovun “Neftçi”də həm oyunçu, həm də məşqçi kimi xidmətlərini, həmçinin bumövsümkü fəaliyyətində göstərdiyi çalışqanlığı nəzərə alaraq, peşəkar etika naminə özünün istefa verməsi klub tərəfindən ona təklif edilib.

Öz növbəsində Samir Abasov gətirilən arqumentlərlə razılaşmayaraq, cari nəticələrin elə də pis olmadığını, hazırkı uğursuzluqların bilavasitə onun məşqçi fəaliyyəti ilə deyil, təsadüfi faktorlarla bağlı olduğunu iddia edib, mövsümün sonunda komandanın ilk “3-lüy“ə düşəcəyini söyləyib.
İstefa verməkdən imtina edərək bildirib ki, klub onunla müqaviləyə birtərəfli qaydada xitam verəcəyi təqdirdə tam həcmdə təzminat tələb etmək fikrindədir.

Qeyd olunanları nəzərə alaraq, “Neftçi” PFK Samir Abasovu istefaya göndərib. Klubda çalışdığı müddətdə yüksək əzmkarlıq göstərmiş və iş etikasına sadiq qalmış Samir Abasova xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.

Hazırda yeni baş məşqçi axtarışları davam edir. Komandanı “Turan Tovuz”la noyabrın 28-də keçiriləcək qarşılaşmaya hazırlamaq Sənan Qurbanova həvalə edilib”.

Saytımız Premyer Liqanın 12-ci turunda “İmişli”yə 2:3 hesablı məğlubiyyətdən sonra Samir Abasovun istefa xəbərini yaymışdı.

Bu informasiya böyük rezonans doğurdu, “Neftçi“ azarkeşləri tərəfindən sevincək qarşılandı.

Klubun məlum bəyanatı isə göstərir ki, sözügedən görüş qətiyyən sakit məcrada keçməyib. Toplantı zamanı gərgin anlar yaşanıb.

Buradan bəlli olur ki, rəhbərlik iclasın nəticəsindən heç razı qalmayıb. Bəyanatda əkini tapan cümlələrdən də bu narazılıq açıq-aydın bizə tərəf boylanır.

Onların buna haqqı varmı? Var, əlbəttə!

“Neftçi“ başbilənləri 2024-cü ilin oktyabrından bu ilin noyabrına kimi, yəni, baş məşqçi postunu tutduğu müddətdə Samir Abasova hər cür dəstək verib, onun arxasında dayanıb.

Hər addımda, hər fürsətdə çalışdırıcıya kömək əlini uzadıb, heç bir istəyini, tələbini, xahişini geri çevirməyib. O, nə deyib, «olsun» cavabı alıb.

Bütün bunlardan sonra Samir Abasovun üzərinə düşən mənəvi məsələ üzüsulu getmək idi. Bəlkə də nəvaxtsa bir daha geri qayıda bilmək üçün.

Təəssüf, bu şansı qaçırdı. Təzminat almaq xatirinə bütün «körpülər»i yandırdı.

Sabahkı günü düşünməyərək, karyera pilləkanlarını nəzərə almayaraq.

Müqaviləsi var, pulun almalıdır - bu, işin peşəkarlıq tərəfidir. “Neftçi“ Abasova ödəyəcəyi təzminata görə kasıblamayacaq.

Yel qaydan heç nə apara bilməz. Burada uduzan tərəf baş məşqçi postundan göndərilən şəxsin özüdür.

Dünənə kimi “Neftçi“də işləmək şərəfdir“ söyğləyən mütəxəssis bir də dönüb arxaya boylanmalı idi. Öz-özünə sual verməli idi, mən bu klub üçün nə etdim, nə iş gördüm?

Ümumiyyətlə, vicdanını sorğulamalı idi ki, mənim bu kluba bir faydam dəydimi? Bəyanatda yazılanların hamısı həqiqətdir.

Bir sözünün iki edilmədiyi “Neftçi“yə uğurun “u“sunu qazandıra bilməyən, əvəzində hər ay böyük miqdarda məvacib alan məşqçi bundan sonra alacağı kompesasiyanı xımır-xımır yeyəndə, daxilən sızıldamayacaqmı?

İçi yanmayacaqmı? O ki hansısa əcnəbi deyil, əvvəl də “Neftçi“də işləmiş, bu klubun ölkə futbolunda çəkisini, yerini, dəyərini bilməli olan biridir.

“Neftçi“ bu genişlikdə açıqlama yayıbsa, təsəvvür edin ki, Samir Abasovun daş atıb başını tutması, öz xoşuyla istefa verməkdən boyun qaçırması rəhbərliyə necə pis təsir göstərib.

Bəyanatdən tüstü çıxır e, tüstü! Yandırıb-yaxıb adamları. Mənəvi haqqı ola, bu cür yanaşmazdılar ona.

Gətirib iş verdilər, pul verdilər, şərait qurdular, bu da ki, özünü toxt tutmaq yerinə özünü Məşədi İbadın hambalı kimi apardı.

Samir Abasovun bu hərəkətini görüncə, «O olmasın, bu olsun»dak məşhur səhnə göz önündə canlanır,

- Mənim 1 abbasım noldu?

Və yaxud da ki:

- Pulumu verin!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti