“Neftçi” kifayət qədər məşhur şəxsi görəvə gətirdi – Keçmiş direktorun yeni işi nə olacaq?

22 Sentyabr 16:20 Neftçi 3 098
“Neftçi” kifayət qədər məşhur şəxsi görəvə gətirdi – Keçmiş direktorun yeni işi nə olacaq?

Avropanın təcrübəli, tanınmış futbol funksionerlərindən biri, İsveç millisinin idman direktoru Yens Andersson “Neftçi” PFK-nın idman direktoru vəzifəsinə təyin olunub.

Paytaxt klubu saytımızın xeyli müddət öncə yaydığı informasiyanı az əvvəl rəsmən açıqlayıb.

50 yaşlı mütəxəssis buna qədər ölkəsinin “AİK Solna” (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın “Hayduk Split” (2013), Danimarkanın “Aarhus” (2014-2016) klublarında idman direktoru olaraq çalışıb.

Təcrübəli mütəxəssis 2022-ci ildən İsveç millisində idman direktoru kimi fəaliyyət göstərib.

Son müddət ərzində İsveçin bütün yaş qrupu üzrə millilərində, həmçinin uğurlu çıxış edən qadınlardan ibarət yığma komandada keçirilən islahatlarda Yens Andersson böyük pay sahibidir.

Açıqlamada bildirilir ki, “Neftçi”də idman direktoru vəzifəsinin Yens Anderssona həvalə olunması qabaqcıl Avropa təcrübələrinə əsaslanan yeni struktur və sistem quruculuğu ilə bağlı klubun mövsümün əvvəlində bəyan etdiyi niyyətlərin ciddiliyini bir daha təsdiqləyir.

Klubun yaxın gələcək üçün strateji hədəflərindən biri akademiyada keyfiyyətli və köklü dəyişikliklərin həyata keçirilməsi, gənc istedadların üzə çıxarılması, onların gələcək inkişafı və əsas komandaya düzgün cəlb edilməsi sisteminin təkmilləşdirilməsidir.

Bu strateji hədəflərə, həmçinin səmərəli və uzunmüddətli transfer siyasətini planlaşdırmağa və həyata keçirməyə imkan verən inkişaf etmiş, geniş skautinq sisteminin qurulması da daxildir.

Klubun bütün yaş qrupları üzrə komandalarına “Neftçi”nin vahid, unikal oyun fəlsəfəsini və idman etikasını aşılamaq vacib məqsəd kimi qarşıya qoyulub.

Bununla yanaşı, həm bütövlükdə komandanın, həm də ayrı-ayrı oyunçuların, eyni zamanda, klubun potensial transfer perfomansının və digər zəruri taktiki göstəricilərinin təhlili üçün qabaqcıl və süni intellektə əsaslanan texnologiyaların tətbiqi də planlaşdırılır.

Klubda aparılan islahatlar davam edir və yeni, köklü dəyişiklər gözlənilir. Hazırda idman direktoru vəzifəsində çalışan Zaur Əzizov klubda qalır və yeni idman direktoru ilə bərabər klubun inkişafı üçün çalışmağa davam edəcək.

Yens Andersson müqavilənin imzalanması üçün Bakıya gəlib. Mütəxəssis işə dörd həftə sonra İsveçdə federasiyadakı sənədləşmə işlərini yekunlaşdırdıqdan sonra başlayacaq.

Bununla bağlı mətbuat konfransı keçiriləcək və mövzu ilə bağlı suallar cavablandırılacaq.

Skandinav funksionerə böyük səlahiyyətlər tanınıb. Demək olar bütün məsələlərə o, cavabdehlik daşıyacaq. Tezliklə bir neçə departament fəaliyyətə başlayacaq. İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti iki yerə bölünəcək.

Zaur Əzizovin yeni işinə gəlincə, o, Anderssonun əsas köməkçisi olacaq. Təcrübəli kadr birbaşa akademiya ilə bağlı məsələlərdə isveçliyə yardım edəcək.

Həmçinin “A” komandanın seleksiya tədbirlərində öz məsləhətlərini verəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 23:40 "Bəli, məyusluq oldu"