"Neftçi”nin məğlubiyyətinə görə Kamran Quliyevə "gözaydınlığı" verdi

2 Oktyabr 2022 16:40 Neftçi 1 407
"Neftçi”nin məğlubiyyətinə görə Kamran Quliyevə "gözaydınlığı" verdi

Turun mərkəzi qarşılaşması gözlənildiyi kimi gərgin və maraqlı alındı.

Proqnozları alt-üst edən “Neftçi” ilk hissədə rəqibinə əl-qol açmaq imkanı verməyərək lazım olan qolu vurdu, 45 dəqiqə boyunca ağdamlılardan üstün təsir bağışladı.

Lakin fasilədən sonra təcrübə və səviyyə fərqi özünü göstərdi ki, taqətdən düşən və bununla da fərdi səhvlərə yol verən “ağ-qaralar” qapısından 3 top buraxaraq meydanı məğlub tərk etdi – 1:3.

Oyun başa çatandan sonra bakılı fanatların narahatlığı və etirazı anlaşılan idi. İlk 45 dəqiqə “Neftçi”nin “Qarabağ”a qarşı layiqli mübarizə apara biləcəyini göstərdi və azarkeşlər də bundan ümidləndi.

Fasilədən sonra meydanda baş verənləri izləyən tərəfdarlar yenilgini qəbul etməyərək sosial şəbəkələrdəki paylaşımlarda “ürəyini boşaltmaqla” əsəblərini soyutmağa çalışırdı.

Bu da “Neftçi”sevərlərin məğlubiyyətə reaksiyası:

“Bu heyətlə Rege bundan artığını edə bilməz”.

“Mboc sıfır, Laval əvvəlki kimi oynamır, Donyo ikinci Karikaridir. Oyunu gücləndirməli olan Pato və Rəhmanla da “Qarabağ”ı udmaq olmaz”.

“Kamran gözlərini açsın, görsün kimlər artıqdır. Qapıçılar, Mboc, Donyo – kimə lazımdır bunlar? Mənə çatmır, Kamranla Zaur niyə imkan vermir ki, Rege Avropadan şəxsən tanıdığı futbolçuları dəvət etsin?”

“Bir “Neftçi” azarkeşi olaraq təbrik edirəm, Kamrana gözaydınlığı verirəm. Biz nəinki 1:3, hətta 0:3, 0:4 hesabı ilə uduzmağa layiqik. Növbəti turlarda böyük hesablı məğlubiyyətlər gözləyirəm”.

“Məşqçilik deyil. Oyunu uduzan yarıtmaz idarəçiliyi ilə fərqlənən Kamrandır”.

“Qapıçı, sağ cinah müdafiəçisi, və normal “9 nömrə” şərtdir. “Qarabağ”a uduz, “Sabah”a uduz, nə deyək daha?”

“Ordan prezidenti Kamranı çağırın, gəlib borc bağlamaq uğurundan danışsın”.

“Günahkar “Neftçi”nin prezidenti ilə baş məşqçisidir. Derbi öncəsi Qurban Qurbanov bu oyuna hazırlaşanda bizim baş məşqçimiz klub prezidenti ilə Rumıniyada 8 gün istirahət edib”.

“Heç bir şey. “Neftçi”ni bu vəziyyətə gətirənlərin Allah bəlasını versin!“

“Bu uğursuzluğun bir sonu olacaq, hörmətli Zaur Əzizov?”

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti