Konfrans Liqası reytinqinə görə UEFA-nın üçüncü, ən aşağı reytinqli yarışmasıdır.
«Neftçi» kimi klub belə bir turnirdə ən azından qrup mücadiləsi verməlidir.
Bu, onun azarkeşinin doğal haqqıdır. Və bu doğal haqqı fanatına verməyi bacarmayan şəxslər «Neftçi» rəhbərliyində yer almamalıdır, oranı tərk etməlidir. Kimliyindən asılı olmayaraq.
Pley-off-a yüksələ bilməmək bağışlanmaz xətadır, müqəssirlər «Neftçi» tərəfdarı və ictimaiyyət önünə çıxmalı, hesabat verməlidir.
Komandanın sükanını əhli-kef Lorentsiu Regekampfa tapşırmaqlarının, həmdəxəyal yeni baş məşqçidən xəbərsiz, onunla razılaşdırmadan transfer əməliyyatları həyata keçirmələrinin gerçək səbəblərini açıb deməlidirlər.
Açıq deməlidirlər, nala-mıxa vurmamalıdırlar. Özlərini dağı arana, aranı dağa daşımış kimi göstərməsinlər ey! Keçməz ta!
«Rapid» keçilməli rəqib idi, əldən qaçırdılar. Tarixinin ən zəif dövrünü yaşayan Avstriya klubu Azərbaycan Premyer Liqasının ortabab iştirakçı səviyyəsindədir.
Onu şişrtməyə dəyməz, «Rapid» şanlı günlərini yaşamır. «Səbail» belə, «Rapid»lə başabaş mübarizə apara bilər.
Əlbəttə, «Neftçi» dünənki oyunu ilə utandırdı. Meydana çıxan heyət komanda təəssüratı yaratmadı. Dağınıq bir oyun oynadılar. Regekampf
hücum futbolu sərgiləyəcəklərini, ev sahiblərini elə öz «silahlar»ı ilə vuracaqlarını bildirmişdi. Start fitindən saatlar öncə ona kim nə dedi, nə demədi, tamam fərqli taktika tətbiq etdi.
Mən bu ehtimalın həqiqiqiliyinə inanıram, açığı. Neyçün ki, Regekampf yeni iş yerinə təyinatı üçün transfer bazarlığından imtina edən biridir.
Nə var, nə var, 2 illik müqaviləyə qol çəksin deyə, rəhbər şəxslərin onunla məsləhətləşmədən yeni futbolçular almasına göz dumub.
Deməyiblər ki, ay adamlar, baş məşqçi mənəmsə, seçimi də mən etməliyəm, qiyməti gedib özünüz danışarsız.
«Neftçi» başbilənləri Regekampfa inanmışdısa, bu işləri də onun öhdəsinə buraxmalı idi.
Ciddi klublar, peşəkar və başqa maraqları olmayan funksionerlər məhz bu cür edər. Səlahiyyət bölgüsündə bu kimi şərtlər irəli sürməz.
Regekampf transfer mövzusundan kənarda saxlanılmasına razı olubsa, yəqin ki, taktiki seçimdə də rəsmilərin fikri ilə oturub-durub.
Kenni Sayefin dəyərləndirmədiyi iki-üç real epizoda görə xəyal qırıqlığı yaşayırıq. Doğrudan da, israilli vinger ən çətin olanı etdi, qol fraqmentlərini insafsızcasına boşa verdi və heç nə olmamış kimi üstündən su içdi.
«Rapid»in qaçırdığı qol vəziyyətləri necə olsun bəs? Meydan sahibləri «Neftçi»dən iki dəfə çox qol epizodu ilə burun-buruna gəldi, cəmi ikisini reallaşdırdı.
Qapanmış və topu yalnız cərimə meydançasının həndəvərindən uzaqlaşdırmaqla işini bitmiş sayan müdafiə xətti istənilən halda hardasa səhvlərə yol verməli idi.
Regekampfın futbol savadına bax burada bir «quş»!
Qurban Qurbanov fərqi bundadır. O, «Qarabağ»ı «Ferenstvaroş»la Macarıstandakı cavab oyununa bu cür çıxarsaydı, «Neftçi»nin başına gələnlər 1 gün əvvəl onları da yaxalayacaqdı.
Qurbanov uzaqgörənliyi və düzgün analizi ilə Stanislav Çerçesovu A-dan Z-yə oxudu, həmkarını çaşdırdı. Regekampf köhnə fikirlə, praqmatik tövrü ilə «Rapid»ə qarşı plan qurdu, bu da tutmadı.
Topu qapıdan oyuna kiçik paslarla daxil edən «Rapid»ə üçüncü fazada, pressinq tətbiq eləmək, yaxın oynamaq lazım idi:
«Neftçi» yalnız matçın son bölümündə yadına saldı ki, bizim görməli olduğumuz əsas iş bundan ibarət olmalıdır.
Rekekampf bunda da gec qaldı, həmkarına uduzdu, nəticədə «Neftçi» qitənin ən aşağı reytinqli klub turnirini başıaşağı tərk elədi.
MUSA