
Samir Abasov yol üstündədir.
Sirr deyil ki, çalışdırıcı ilə mövsümün sonu, bəlkə də tez yollar ayrılacaq.
Artıq "getsin düyməsi" basılıb. Qalır Abasovun getməsi.
Bu gedişatı tezləşdirən Abasov özü oldu. Qəbələdə verdiyi yöndəmsiz, düşüncəsiz açıqlama ilə. Adam da öz azarkeşinə "Həyatda mövqeyi olmayan şəxslər " deyərmi?
Heç elə olsa da deməz. Amma Abasov dedi.
Azarkeş təhqir olundu, istefaya göndərilən də baş məşqçi olacaq. Bəs rəhbərlik? Narahat olmayın, onlara heç nə olmadı.
Abasovun sayəsində...
Necə?
Deməli belə, artıq bütün tənqidlər, təhqirlər yönəlib Samir Abasova.
Hazırda "Neftçi" azarkeşinin günahkar qiyafəsində Abasovdan başqa kimisə görməyə gözləri, halları, taqətləri qalmayıb. Mövsümün yükündən beləcə qurtuldularmı? Bəli!
Bu hələ harasıdı. Abasov yəqin ki, özü də istəmədən avrokuboklarda yaşana biləcək mümkün fiaskodan da rəhbərliyin canını qurtarmış oldu.
Ki, yayda komanda ciddi uğur qazanmasa, rəhbərlik atacaq yeni çalışdırıcının üstünə. Bəs yeni gəlmişdi, istədiyi komandanı formalaşdırmağa zaman lazımdır.
Beləcə "Neftçi" fanatları da çar-naçar oturub yeni mövsümü gözləməyə məhkum olacaq. Abasov onda bəlkə də yenə kənddə smovar qaynatmaqla gününü keçirəcək.
Amma rəhbərlik heç nə olmayıbmış kimi rahat kreslosunda işinə davam edəcək. Dünən və bu gün olduğu kimi.
Olan isə azarkeşə və kluba olur. Bir də Samir Abasov kimi siyasəti olmayan zavallılara.
XANOĞLAN İMANOV