“Neftçi”dən kütləvi qaçış – “Yarpaq tökümü”nün SƏBƏBİNİ BİLİN!

21 Yanvar 2022 15:00 Neftçi 2 968
“Neftçi”dən kütləvi qaçış – “Yarpaq tökümü”nün SƏBƏBİNİ BİLİN!

Bir ara özünə gəlib, qaytardığı çempionluq titulu ilə azarkeşlərini ümidləndirən “Neftçi” yenə yaxın keçmişi xatırladır.

Komandada vəziyyət ürəkaçan deyil. Bunu görmək üçün kollektivdəki “yarpaq tökümünə” nəzər salmaq kifayət edir.

Aparıcı futbolçular bir-bir “ağ-qaralar”ı tərk etməkdədir. Əlacları və imkanları olsa, çempionluqda əsas söz sahibi olanlar da “dabanına tüpürüb” qaçar.

Problemin kökü kimdə, yaxud nədədirsə, konkret demək olmur. Mütləq ki, içəridə bir əmma var.

Yayda Namiq Ələsgərovla Anton Krivotsyuk başını götürüb qaçmışdı. Hər iki legioner həyatı yaşamağa qərar versə də, üz tutduqları komandaların bugünkü “Neftçi”dən üstün olduğunu iddia etmək çətindir.

Öz aramızdır, Türkiyənin Birinci Liqasında ortabablardan sayılan “Bursaspor” hara, avrokuboklara vəsiqəyə iddia edən komanda hara? Plotsk “Visla”sı da həmçinin.

Qış fasiləsi elan olunan kimi Fəhmin Muradbəyli, Romen Bask və Sabir Buqrin həmin “qatara bilet aldı”. Deyilənlərə inansaq, Xorxe Korrea ilə Mamadu Kane də karyerasını Azərbaycanda davam etdirməyəcək.

Bu qədər futbolçunun “Neftçi”ni sırf yaxşı pul qazanmaq niyyəti ilə tərk etdiyini deyə bilmərik. 1-i pula qaçsın, 2-si qaçsın, nə oldu, hamısı fantastik təklif aldı? İnandırıcı deyil.

Heç şübhəsiz, başlıca səbəblərdən biri komandanın növbəti çempionluq yolunda “Qarabağ”dan aşkar geri düşməsi və bu geridüşmənin daxildə müəyyən problemlərə yol açmasıdır.

Rəhbərliyin kollektivlə münasibəti “isti” deyil, Samir Abasov futbolçularla yola getmir, daxildə qruplaşma var, oyunçular hansısa “oyunlardan” duyuq düşüb – bu və digər mümkün ehtimallar qaçılmazdır. Amma var, orada mütləq nəsə var.

Səbəbini qətiləşdirməkdə çətinlik çəksək də, çətinlik çəkmədən qətiləşdirdiyimiz bir şey var: “Neftçi” illər sonra min bir zəhmətlə qaytardığı simasını itirməyə doğru gedir.

Bu gedişlə çempionatın ikinci yarısında bakılılar üçün çətin olacaq, çox çətin.

Kaş, yalan olsun. Amma hadisələrin axarı buna doğru aparır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti