AFFA da Kamran Quliyevi "Neftçi"yə gətirməsinə peşmandır

27 Fevral 2021 22:20 Neftçi 1 034
AFFA da Kamran Quliyevi "Neftçi"yə gətirməsinə peşmandır

Kamran Quliyev çıxır, ictimai rəydə «mən birinci gün deyiləm futbolda» açıqlamasıyla özüyçün xal toplamağa çalışır.

Ehh…

Sus, barı!

Bir prezident ki oyun bitəndən sonra komandanın paltardəyişmə otağına daxil ola bilmir, gərək boş-boşh guruldamasın.

Bir prezident ki baş məşqçi onun futbolçuların olduğu yerin qapısından içəri keçməsinə icazə vermir, gərək utansın, başını yuxarı qaldırmasın.

Bir prezident ki futbolçuya mükafatın məbləğini söyləyəndə dili topuq vurur, o tərəf-bu tərəfə boylanır, gərək idarəçilikdən danışmasın.

Bir prezident ki vəzifəcə ondan aşağıda olanlara sözünü qəbul etdirə bilmir, onlardan «olmaz» cavabı alır və susur, gərək istefa ərizəsi yazsın, sakitcə kreslodan ensin və hava qaralmamış buranı birdəfəlik tərk etsin.

Bir prezident ki klubun sponsorlarından hansısa xahişi etməyi üçün dördüncü-beşinci dərəcəli işçilərə dil tökür, onda onun nəyi rəhbər oldu?

AFFA-nın başında əyləşənlər indi başlarına-başlarna döyür ki, oy da, biz nə boyda səhv elədik, bu adamı «Neftçi»yə urcah elədik. Deməyinə deyirlər, yüz faiz!

Elnur Məmmədov gəldi, bir cür hoqqa verdi, yedi, çapıb-taladı, getdi. Orxan Hüseynzadə gəldi, onu vəzifə əyləşdirənlərə bir müddət sonra saymazyanalıq nümayiş etdirdi, getdi.

Bu gün də Kamran Quliyev gah nala vurur, gah mıxa. AFFA-dakılara da xoş deyil qoşa nağara çalanın havasına oynamaq. Üzdən, hörmətdən, izzətdən bir qədər də salır bu onları.

Düşünürəm ki, zamanı gözləyirlər. O zaman isə Kamran Quliyevin lehinə işləmir. Verdiyi vədlərin boş çıxmasını ondan soruşacaqlar. Yaxasını elə-belə buraxmazlar.

Ondan sorulacaq başqa işlər də var. Klublara forma satması, ispan şirkətinə burada dillerlik etməsi, menecerlik həvəsinə düşməsi, kluba götürülən legionerlərlə bağlı pul haqq-hesabları xırda şeydir, bunlar heç. Ondan daha dərin məsələlər soruşulacaq, daha dərin…

Bunların heç birinin «Neftçi»sevərlərə dəxli, isti-soyuğu yoxdur. Day bundan keçib e! «Neftçi»ni istəyən, canı, qanı, ruhu ilə bu camiəyə bağlı biri klubun rəhbəri olmayana kimi Kamran Quliyevin biri gedib, biri gələcək. Ani qələbələrin istisi belələrini böyük «Neftçi» ailəsinin lideri edə bilməz.

Bu cür adamları yalnız öz mənfəəti maraqlandırır. Kamran Quliyev sosial şəbəkədə troll dəstəsi yarada bilər sadəcə. Güclü «Neftçi» yaratmaq onluq olmayıb, deyil, olmayacaq.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti