"Bunu danmaq, onları yaddan çıxarmaq olmaz"

1 Dekabr 2020 09:40 Müsahibə 659
"Bunu danmaq, onları yaddan çıxarmaq olmaz"

Bildiyimiz kimi "Qarabağ" 27 ildən sonra təmsil etdiyi Ağdam şəhərinə səfər etdi.

Səfərə gedənlər arasında bir vaxtlar Ağdamda yerləşən əzəmətli "İmarət" stadionunda topa qovmuş, işğaldan sonra da "Qarabağ"ın yaşaması üçün çox əziyyətlər çəkmiş sabiq hücumçu və hazırda doğma klubunda məşqçi kimi çalışan Müşfiq Hüseynov da vardı.

Hüseynov səfərlə bağlı təəssüratlarını Sportinfo.az-la bölüşüb.

- 27 ildən sonra doğma Ağdama dönmək necə hislərdi?

- Çox ağrılı, həsrətli günlər idi. Şükür Allaha ki, gedib öz gözümüzlə doğma yurdu gördük. Düzdü, ürək ağrısı ilə o hissləri yaşadıq, amma ağrılı olsa da qismət oldu oraları ziyarət etmək. Buna görə əsgərlərimizə, cənab ali baş komandana minnətdarıq. Çox gözəl anlar yaşatdılar bizə.

- Bir vaxtlar futbolçu kimi meydana çıxdığın "İmarət"ə uzun müddətdən sonra yenidən ayaq basmaq qismət oldu. İlk nələri düşdü yadınıza?

- Uşaqlıqdan ordan çıxana kimi olan bütün anlar gözümün önündən canlandı. Birgə günlərimizin keçdiyi, indi aramızda olan-olmayan hər kəs bir anlıq xatirələrimə gəldi. Həyatdı davam edir. Uşaqlıq məşqçim olan, sonradan əsas komandada baş məşqçim olan Allahverdi Bağırovun adını qururla çəkə bilərəm. Allah rəhmət eləsin. Ondan başqa indi aramızda olmayan, amma çox əziyyət çəkmiş Adil Nadirovun adını çəkə bilərəm. Çox istərdim ki, Adil Nadirov bu günü görsün. Çünki bu günün həsrətilə yaşamış, "Qarabağ"ın bu günlərə gəlib çıxmasında əziyyəti olmuş insanlardan biridir. Özü görməsə də oğluna bu ziyarət qismət oldu. Atasının məzarı üçün Ağdamın torpağından götürdü . Ürək ağrısıdı, amma şükür bu günləri gördük. O insanları, orda döyüşən qəhrəmanları yada saldıq. Birinci Qarabağ müharibəsində döyüşən hər kəs xatirələrimizə gəldi. Oyunlarımız zamanı atılan bombalar yada düşdü. Şükür bu günlər arxada qaldı. Ümid edirik ki, bundan sonra orada gözəl stadion, evlər tikilər. İnsanlar öz doğma yurdlarına qayıdar. Bizim cavan nəsil futbolçularımız orda meydana çıxar.

- Düşmən Ağdamı xarabalığa çevirib. Gördüyünüz mənzərədən sonra ən çox nəyə üzüldünüz?

- Sözün düzü, Ağdama girdiyimiz andan gördüyümüz mənzərə üzüntü yaradırdı. Gözlərim dolmuşdu, özümü güclə saxladım. Bizimlə gedənlər oraları məndən maraqlanırdılar. Özümü toparlayıb Ağdamı onlara tanıtmağa çalışırdım. Bu bizim həyatımızdır. Amma yaşadıqlarımızı yaddan çıxartmamalıyıq. Yoxsa gələcəyimiz də əziyyət çəkəcəkdir.

- Ağdama qayıdışınızda ilk arzunuz nə idi?

- Məscidi görəndə ürəyim açıldı. Cavan vaxtı oradan ayrılmışam. O vaxtlar məscidin yanından çox keçmişəm, amma içinə girməmişdim. Ən birinci arzum o məsciddə namaz qılıb, əsgərlərimizə dua etmək idi. Şəhidlərimizin ruhuna dua etmək istəyirdim. Bunlar qismət olduğu üçün şükür səcdəsi etdik, şükür namazı qıldıq. Allahın bu gününə şükür ki, orda namaz qılmaq qismət oldu. Allahverdi Bağırovun məzarına getdik. Ruhuna dua oxudum. Bu da bir təskinlik, rahatçılıqdır. Öz borcumu yerinə yetirmək, yüngülləşmək kimi gəldi mənə.

- Müşfiq müəllim, hər zaman arzusunda olduğunuz "Qarabağ"ın Ağdama bütöv qayıtması reallaşdı. Bu yolda əziyyəti keçənlərdən biri də sizsiniz ...

- Məndən başqa, bu yolda Elçin, Məhəmməd, Şahid, Vasif, Təbriz, Cəmaləddin vardı. Adını çəkmədiyim neçə-neçə ağdamdan olmayan yerli uşaqlar vardı ki, bizimlə çətin günləri çiyin-çiyinə yaşadılar. Bunu danmaq olmaz. O insanlar bizim qardaşlarımız, yoldaşlarımızdır. Onları yaddan çıxarmaq olmaz. Hər birinə bir daha minnətdarlığımı bildirirəm ki, bir yerdə olmuşuq və komanda gəlib bu günlərə çıxıb. Bundan sonra Ağdamda birgə daha gözəl günlərimiz olar. Bizim xidmətimiz də futbol oynamaq idi.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!