“Turan Tovuz”dan ayrılaraq “Şamaxı” ilə anlaşan Abdulla Rzayev komandaya qoşulan kimi start heyətində yer aldı.
İkinci hissənin gedişində zədə aldığına görə əvəzlənən 23 yaşlı müdafiəçinin ayağı bölgə təmsilçisinə düşərli oldu.
“Şamaxı” çətin Yevlax səfərində “Kəpəz”i 2:0 hesabı ilə məğlub etməyi bacardı, Rzayev isə ikinci qolun ötürməsini verdi.
Abdulla Sportinfo.az-a verdiyi müsahibədə sualları cavablandırıb.
- Özün və komandan adına belə uğurlu debütü təsəvvür edirdin?
- “Kəpəz” güclü rəqibdir. “Qarabağ”ı məğlub edəndən sonra bir az da inamları artmışdı. Bu, 6 yox, deyərdim ki, 9 xallıq oyun idi. Daha çox oynamaq istəyi ilə “Şamaxı”nı seçdim. Baş məşqçimiz Ayxan Abbasovla söhbətimizdə mənə güvən verdi. Şükürlər olsun ki, debütüm uğurlu alındı. Xeyli vaxtdır oynamırdım, əziyyət çəkirdim.
- “Şamaxı”ya bir neçə gün əvvəl qoşulduğunu nəzərə alsaq, start heyətində yer alacağını gözləyirdin?
- Baş məşqçimizin mənə verdiyi özgüvəni və məşqlərdəki inamı görəndə, “11-lik”də yer alacağımı hardasa təxmin edirdim.
- İkinci hissədə əvəzlənməyin yəqin ki, aldığın zədə ilə bağlıydı.
- 15 turdu oynamırdım. Ümumi götürsək, son ilyarımda sabitlik çatmırdı. Birdən-birə belə yüklənmə oldu deyə, arxa əzələmdə ağrılar baş qaldırdı. Həm də bura gələnə qədər otda məşq edirdik, Yevlaxdakı meydan isə süni örtükdür, nisbətən ağırdır. Get-gedə qıcolmalar baş qaldırırdı. Ona görə də risk etmək istəmədim.
- “Turan Tovuz”da daha çox şans qazanacağın gözlənilsə də, əsas heyətdə möhkəmlənə bilmədin. Yayda verdiyin qərara görə peşmansan?
- Peşmanlıq yoxdur. Çünki ora oynamağa getmişdim, lakin alınmadı. Hamı ilə yaxşı münasibət çərçivəsində sağollaşdım. Heç kimə kin saxlamıram. Futbolda belə hallar qaçılmazdır. Orda alınmadı, “Şamaxı”da alınar, inşallah. Debütdə “11-lik”də şans qazandım, qol ötürməsi verdim.
- Son ilyarımda Premyer Liqada mütəmadi şans qazanmadığını nəzərə alsaq, həmin dönəmi özün üçün necə xarakterizə edirsən?
- 23 yaşım var, karyeram irəlidədir. Belə hallarda işə peşəkar yanaşma mütləqdir. Hətta oynamasan belə, peşəkarlığı, soyuqqanlılığı qorumalısan, var gücünlə məşq etməlisən. Bilirdim ki, bu gün oynamıramsa, nə vaxt oynayacağam. Ona görə də məşqlərdə var gücümlə məşq edirdim.
- Geriyə addım atdığını hiss edirsən?
- Əlbəttə. Futbolçu oynamırsa, istər-istəməz geriləyir. Nə qədər həvəslə və var güclə məşq etsən də, oyunun yerini vermir.
- Ayxan Abbasov həm də Azərbaycan millisinin baş məşqçisidir. “Şamaxı”da özünü yaxşı tərəfdən göstərsən, səncə, millinin qapıları üzünə açıla bilər?
- Hələ milliyə çox var. Bu gün əsas məqsədim özümü yaxşı tərəfdən göstərərək “Şamaxı”da möhkəmlənməkdir. Əsas məqsədim fiziki durumumu əvvəlki vəziyyətə qaytarıb, oyun təcrübəsini yaxşılaşdırmaqdır. Ayxan müəllimdən özümə qarşı inam görmək mənə motivasiya verir.
- Səhv etmirəmsə, Abbasov “Turan Tovuz”u çalışdırdığı vaxt səni sərəncamında görmək istəyirdi.
- “Araz-Naxçıvan”la icarə müqaviləsi başa çatmışdı deyə, “Sabah”a qayıtmışdım. “Turan Tovuz”a getməyim üçün klublar öz aralarında razılaşmalıydı. Deyəsən, razılıq olmamışdı.
HƏBİB

