"Zirə"nin yarımmüdafiəçisi Ceyhun Nuriyev Premyer Liqanın 19-cu turunda "Sumqayıt"ı məğlub etdikləri matçdan (3:2) sonra Sportinfo.az-a müsahibə verib.
- Kubokdan fərqli olaraq bu dəfə baxımlı oyuna şahid olduq. Nə dəyişdi qısa müddətdə?
- Dəyişənlərdən biri hava idi. Daha yaxşı və futbol üçün əlverişli hava var idi. Bu amil həmişə oyunun gedişatına təsir edir. Başqa çox dəyişən bir şey yox idi. Baxımlı qollar alındı. Hər 2 komanda açıq futbol oynadı.
- Dramatik oyun keçdi. Səncə, qələbədə nə həlledici oldu?
- Rəqibi düzgün analiz eləməyimiz qələbədə ən böyük rol oynadı. Futbolçular tapşırıqları düzgün yerinə yetirdi və işlədiyimiz hücumdan qol vurduq.
- 5 oyunluq fasilədən sonra qələbə gəldi. Bundan sonrası sizin üçün daha rahat ola bilər?
- Bizim liqada rahat period yoxdu. 11 oyunun hər birində xal itirmək ehtimalı var. Heç bir oyun asan olmayacaq.
- Mövsümə yaxşı start vermişdin. ilk iki turda 2 qol vurmuşdun. Hətta milliyə də dəvət aldın. Amma ondan sonra nə qol, nə də məhsuldar ötürmən var. Davamını gətirmək niyə mümkün olmadı? Enişdə olduğunu demək olar?
- Milliyə 2 qol vurulandan sonra çağırılmadım. Son 3 ilə yaxındı mütəmadi çağırılıram. Müqayisə eləsəm, indi daha yaxşı formada olduğumu düşünürəm və o oyundan sonra çox yaxşı performans göstərdiyim çox oyun olub. Sadəcə məhsuldarlığım azalıb. Bunu da düzəldəcəm, inşəallah.
XANOĞLAN İMANOV

