Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması öncəsi Liverpul küçələri qeyri-adi görüntülərə səhnə olub.
Sportinfo/az xəbər verir ki, UEFA-nın səfər qadağasına baxmayaraq, yüzlərlə “Qalatasaray” azarkeşi İngiltərəyə axın edərək komandalarına dəstək nümayiş etdiriblər.
İstanbuldakı ilk oyunda “Liverpul”u 1:0 hesabı ilə məğlub edən “sarı-qırmızılılar”ın tərəfdarları tarixi 1/4 final şansını qaçırmamaq üçün maraqlı üsula əl atıblar.
Belə ki, UEFA-nın bilet və səfər qadağası səbəbindən stadiona buraxılmayacaqlarını bilən bir çox azarkeş “cimbom”a dəstək olmaq üçün rəqib klubun formalarını geyinərək ev sahibi azarkeşlərinin arasından stadiona sızacaqlarını bildiriblər.
Onlar bu “kamuflyaj” üsulu ilə həm qadağadan yan keçməyi, həm də matç boyu tribunada komandalarının yanında olmağı hədəfləyirlər.
UEFA bundan öncə pley-off mərhələsindəki “Yuventus” matçında baş verən iğtişaşlara görə tətbiq etdiyi bilet qadağasını “Liverpul”la matçda da qüvvədə saxlayıb.

