“Arsenal”ın sabiq futbolçusu Samir Nəsri Afrika Millətlər Kubokunun finalı ilə bağlı qalmaqallı qərarı şərh edib.
Afrika Futbol Konfederasiyası (CAF) finalda 1:0 hesablı qələbə qazanan Seneqal millisinə texniki məğlubiyyət verərək, kuboku Mərakeş yığmasına təqdim edib.
Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı sabiq futbolçu bu qərarı sərt tənqid edib:
“Bunu oyundan dərhal sonra və ya növbəti gün etsəydilər, başa düşmək olardı. İstəsəydilər, 2035-ci ildə də edə bilərdilər.
Bu, sadəcə komediyadır. Seneqal millisi qalib gəldi və kubokla evə qayıdıb bayram etdi. İndi nə etməlidirlər? CAF tamamilə nufuzdan düşüb”.
Seneqal Futbol Federasiyası bu qərarla bağlı İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verməyə hazırlaşır.
2026-cı il yanvarın 18-də Rabatda keçirilən final matçında seneqallılar qapılarına təyin olunan penaltiyə etiraz olaraq meydanı tərk etmişdilər.
Təxminən 15 dəqiqəlik fasilədən sonra geri qayıdan komandanın qapıçısı Eduard Mendinin sayəsində penaltini dəf etmiş, əlavə vaxtda isə Pape Quyenin qolu ilə 1:0 hesablı qələbə qazanmışdılar.

