Premyer Liqanın 24-cü turunun 6 görüşünə 3820 azarkeş gəlib.
Bu, gözəyarı hesablanan, əksər hallarda şişirdilən rəqəmlərin cəmidir.
Tablo imkan verir ki, rahat şəkildə "bu ölkədə futbola maraq yoxdur" deyəsən/desinlər.
Amma bir də boylanaq ölkədəm səviyyəcə dördüncü liqa hesab etdiyimiz Region Liqasına.
Adıçəkilən yarışın 1/8 final mərhələsi çərçivəsində keçirilmiş "Bərdə" - "Lənkəran" görüşünü təxminən 4000 tamaşaçı izləyib.
Bu, Premyer Liqanın son turunun 6 matçından çox sayda tamaşaçı deməkdir.
Mərhələnin bir başqa görüşündə "Biləsuvar" "Ağsu Siti"ni qonaq edib. Burada isə tribunlara minimum 2-3 min civarında azarkeş cəm olub.
Bəs bizdə futbola maraq yoxdur idi? Tribunalara azarkeşlər gəlmirdi?
Demək ki, biz nəyisə düz etmirik.
Futbola kifayət qədər maraq var.
Sadəcə illərdi stadionlarda uzaq salınan insanları tribunalara cəlb etmək lazımdır.
Məsələn, necə ola bilər ki, həvəskarların top qovduğu, infrastrukturanın bərbad olduğu liqaya peşəkarların mübarizə apardığı, milyonların axıdıldığı, daha yaxşı stadionların olduğu Premyer Liqadadan çox azarkeş gəlir?
Səbəblər çoxdur.
Məsələn, biri ondan ibarətdir ki, həmin Bərdədə, həmin Biləsuvarda yaradılan həvəskar komandalarda bir səmimiyyət var.
Futbolçu ilə azarkeş arasında...
Məşqçi ilə azarkeş arasında...
Rəhbərliklə azarkeş arasında...
Hamı vəhdət olub, bir amal ətrafında birləşib - Rayonumuzda böyük futbol olsun.
Komandaları ayaqda qalsın deyə insanlar cibindən pul xərcləyir.
Azarkeş futbolçudan sevgi görür. Həmçinin də futbolçu azarkeşdən.
Premyer Liqada bunların demək olar heç biri yoxdur.
Əksər hallarda futbolçular maaşını düşünür, rəhbərlər kreslosunu, işçilər mükafatını.
Hə, bir də 20-25 nəfərdən ibarət fanklublar maraqlıdır. Ki, lazım olanda məqsədləri üçün istifadə etsinlər.
Futbol kimi müstəqil azarkeşlər də ən axırıncı planda dayanır.
Belədə azarkeş sizə niyə maraq göstərməlidir axı?
Axşama kimi deyinib, azarkeşləri günahkar çıxarınca, papağınızı qarşınıza qoyub, yaxşı-yaxşı düşünün - Axı biz nəyi səhv edirik?
Sual ritorikdir...
XANOĞLAN / SPORTİNFO.AZ

