“Kəpəz” deyəndə, ağıla gələn ilk ad Mehman Allahverdiyevdir.
Düzdür, Gəncədə çox sayda istedadlar yetişib. Lakin söhbət həm məşqçi, həm də futbolçu kimi iz qoymuş adamların siyahısından gedirsə, Allahverdiyev həqiqətən bir nömrədir.
Futbolçu qismində 17 yaşında “Kəpəz”in formasını geyinən, uzun illər “Neftçi”nin şərəfini qoruyan, SSRİ dövründə ən sürətli futbolçulardan sayılan, Azərbaycan çempionatları tarixində bir oyunda vurduğu 10 qolla bu günə qədər rekord müəyyənləşdirən, məşqçi kimi 3 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanan, 2 dəfə gümüş, 1 dəfə bürünc medalları qazanan adamdan gedir söhbət.
Yanvarın 13-də Mehman bəy “6-lar”ı qoşalaşdırdı. Xeyli vaxtdır mətbuatdan uzaq gəzən, müsahibə verməyə isti yanaşmayan səbəbkarı ad günündə susqunluğu pozmağa razı sala bildim.
Doğum günü ilə bağlı suallardan başlayıb, “Kəpəz”lə davam etdik ki, nəticədə indiyə qədər heç vaxt mətbuatda dilinə gətirmədiyi faktların üstünü açdı.
(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/240166.html)
- Deməli, klub rəhbərliyi sizi “Kəpəz”də işləməyə layiq bilmir.
- Təklif edən, çağırıb danışan yoxdur.
- “Kəpəz”in gələcəyində işıqlı günlər hiss edirsiniz?
- Neçə illərdir vəziyyət eyni cür davam edir, “Kəpəz” yerində sayır. Əvvəlki illərdə eləydi ki, komanda çempion olmayanda azarkeşlər narazılıq edirdi, 2-3-cü yerləri qəbul etmirdilər. Amma bu gün “Kəpəz” Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Hədəfə çatandan da bunu bayram kimi qeyd edirlər. Son illərdə komandanın ən yaxşı göstəricisi 8-ci yer olub.
- Sizcə, niyə belədir? Əvvəlkitək əzəmətli görünməyə kim, yaxud nə mane olur?
- Bu dəqiqə dünyada hər şey maliyyəyə bağlıdır. İstər səhiyyə olsun, istər mədəniyyət, istər müharibə, istərsə də idman. Yaxşı sponsorun varsa, nəyəsə ümid etmək olar. Pul yoxdursa, uğurlu nəticə qazanmaq möcüzədir. Fikrimcə, maliyyə dayaqları möhkəm olsa, “Kəpəz”i yüksək yerlərə qaldırmaq olar.
- Hətta indiki zamanda qohumluq, dostluq bağları da müəyyən mənada maliyyəyə söykənir.
- Əvvəl hamı işləyirdi, hamı qazanırdı, insanların üzü gülürdü, biri digərinin əlinə baxmırdı. İndi insanlar maddi baxımdan çətinlik yaşayır. O dövrdə qohumluq, qonşuluq, kişilik, mərdlik var idi. Bu gün pulun varsa, yaxşı oğlansan. Məclislərdə imkanlı adamlara münasibəti görürsünüz də. “Orda oturma, burda otur” deyib başına fırlanırlar.
- 2 ildir işsizsiniz. Dolanışığınız necədir?
- Pensiyaya baxıram, onunla dolanıram.
- Vaxtilə böyük pullar görmüş biri üçün 300-400 manata bel bağlamaq çətin olar.
- Tək məndə belə deyil, hamı üçün eynidir. İşləmirsənsə, kənardan gəlir yerin yoxdursa, pensiyaya baxmaq çətinliklər yaradır.
- Ad günlərinizi adətən necə qeyd edirsiniz?
- Ailəmlə, dost-tanışlarla. Günorta evdə oluram, axşam hansısa restoranda dostlarla yığışırıq. Açığı, ad günü qeyd etməyi elə də xoşlamıram. Ancaq məcburam.
- Deyirlər, “13” nəhs rəqəmdir. İnanırsınız buna?
- Qardaşım Füzuli yanvarın 1-də - Yeni ildə anadan olub. Mənim ad günüm isə 13-ündədir – “Köhnə yeni il”də. Nəhs rəqəmlə bağlı çox eşitmişəm, amma mənə düşərli olub. “Neftçi”dəki ilk oyunum “Lujniki”də Moskva “Spartak”ına qarşı olub. 19080-ci il idi, 20 yaşım vardı. Həmin matça “13 nömrə” ilə çıxmışdım.
- Telefon və maşın nömrələrində “13”dən uzaq durmusunuz niyəsə.
- Avtomobilimin nömrəsi “20 002”dir. Onun da öz tarixçəsi var.
- Nədir, sirr deyilsə?
- Bilirsiniz, “20” Gəncə seriyasıdır. Allah Ruslan Abdullayevə rəhmət eləsin, baş məşqçimiz idi. Səfərdə “SKA Rostov”la “Neftçi” oynayanda, ehtiyat oyunçular skamyasında oturmuşdum. Matçın gedişində Ruslan müəllim məni yanına çağırıb, “yarımmüdafiənin sağ cinahında oynaya bilərsən?” sualını verdi. Mən də hücumçu, həm də solaxay idim axı. Dedim, vallah, heç vaxt oynamamışam, amma çalışıram. Meydana çıxdım, çıxışım uğurlu alındı, baş məşqçi məni təbrik etdi. Ondan sonra mənə əsas heyətdə güvənməyə başladı. Mən də “2 nömrə”ni seçmişdim. O gündən məndə “2”yə qarşı doğmalıq yarandı deyə, maşına nömrə alanda “002”ni seçdim.
- İncik düşdüyünüz dostlarınız çoxdur?
- Var, var, var. Amma kinli adam deyiləm. Allah bağışlamağı bacarandırsa, biz də bağışlamalıyıq. Düzdür, dostların, qohumların arasında həddən artıq incidiyim adamlar var. Həyat elədir ki, bu gün varıq, sabah yox. Ona görə də bağışlamağı bacarmalıyıq.
- Sizcə, nöqsanlar deyilməli deyil?
- Mütləq deyilməlidir, 100 faiz. Ancaq mən bunu bacarmıram. İstəmirəm kimsə düşünsün ki, özü işləmir deyə, belə danışır, işləsə, belə danışmazdı.
HƏBİB

