17-ci turda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edən “Kəpəz” bir həftədən sonra eyni hesabla “Şamaxı”ya boyun əydi.
Sportinfo.az-a müsahibə verən gəncəlilərin müdafiəçisi Məqsəd İsayev məlum yenilgidən bəhs edib, digər mövzularla bağlı sualları cavablandırıb.
- Məğlubiyyətə nə səbəb oldu?
- Oyuna pis başlamamışdıq. Topa nəzarət edir, rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaradırdıq. Sadəcə buraxılan qollar zamanı diqqətsizlik etdik. Matçdan əvvəl tapşırılmışdı ki, sadə oynamaq lazımdır, öz qapımızın qarşısında top saxlamağa gərək yoxdur. Qısa ötürmələrlə oynamağın acısını çəkdik. İkinci hissədə üstünlüyü ələ aldıq, yaxşı imkanlar yaratdıq. “Şamaxı”nın qapıçısı inanılmaz seyvlərlə komandasını xilas etdi. Futbolda belə hallar olur. Bundan dərs çıxarmaq lazımdır.
- “Şamaxı” qələbəyə layiq idi?
- Bəli. Düzdür, biz də pis oynamadıq. Ancaq rəqib 2 qol vurubsa və öz qapısıdan top buraxmayıbsa, deməli, layiqdir.
- “Qarabağ” üzərində qazanılan 2:0 hesablı qələbədən sonra sanki bu oyuna tam köklənə bilməmişdiniz. Rahatlıq, eyforiya...
- Rahatlıq olsaydı, o qədər qol imkanı yaratmazdıq, üstəlik, rəqibə çox imkanlar verərdik. Bəlkə də döyüşkənlik, mübarizlik çatmadı.
- “Kəpəz”də maddi durum necədir?
- Heç bir problem yoxdur, hər şey qaydasındadır.
- Maaş və mükafatları vaxtı-vaxtında alırsınız?
- Bəli-bəli. Narahatlığa gərək yoxdur.
- Qarşıda “Turan Tovuz”la kubok qarşılaşması var. İki cəbhədə mübarizəyə hazırsınız, yoxsa əsas diqqəti Premyer Liqaya – elitadakı yerinizi qorumağa ayırmısınız?
- Qarşımıza kubokda mərhələ adlamaq şərti qoyulub. “Turan Tovuz” hər nə qədər güclü rəqib olsa da, bunun üçün əlimizdən gələni edəcəyik. Hər iki cəbhədə sona qədər mübarizə aparmalıyıq.
HƏBİB

