“Kəpəz” deyəndə, ağıla gələn ilk ad Mehman Allahverdiyevdir.
Düzdür, Gəncədə çox sayda istedadlar yetişib. Lakin söhbət həm məşqçi, həm də futbolçu kimi iz qoymuş adamların siyahısından gedirsə, Allahverdiyev həqiqətən bir nömrədir.
Futbolçu qismində 17 yaşında “Kəpəz”in formasını geyinən, uzun illər “Neftçi”nin şərəfini qoruyan, SSRİ dövründə ən sürətli futbolçulardan sayılan, Azərbaycan çempionatları tarixində bir oyunda vurduğu 10 qolla bu günə qədər rekord müəyyənləşdirən, məşqçi kimi 3 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanan, 2 dəfə gümüş, 1 dəfə bürünc medalları qazanan adamdan gedir söhbət.
Yanvarın 13-də Mehman bəy “6-lar”ı qoşalaşdırdı. Xeyli vaxtdır mətbuatdan uzaq gəzən, müsahibə verməyə isti yanaşmayan səbəbkarı ad günündə susqunluğu pozmağa razı sala bildim.
Doğum günü ilə bağlı suallardan başlayıb, “Kəpəz”lə davam etdik ki, nəticədə indiyə qədər heç vaxt mətbuatda dilinə gətirmədiyi faktların üstünü açdı.
- Ad gününüzü təbrik edir, can sağlığı və xoşbəxtlik arzu edirəm.
- Çox sağ olun. Arzular qarşılıqlıdır. Göstərdiyiniz diqqətə görə təşəkkür edirəm.
- Yaş artıqca dostların da sayı artır, yoxsa azalır?
- Belə baxanda, artıb-azalma olmur. Dost deyiriksə, elə həmin sayda qalır. Amma ümumi götürsək, 40-da, 50-də indikindən çox idi. Dostlarla tez-tez yığışıb harasa gedir, deyib-gülür, zarafatlaşır, Allahın verdiyi nemətlərdən yeyirdik. İndi...
- Pul çox olanda dostlar da çox olur, eləmi?
- Belə baxıram ki, elədir.
- Yaxşı vaxtlarınızda yanınızda olanların neçəsi bu gün də sizinlədir?
- Qalanlar var, amma sayları əvvəlki qədər deyil. Zaman keçdikcə zəng edənlərin də sayı azalır, gəlib-gedənlərin də. Həyat belədir. Nə edə bilərik?
- İlk ad günü təbrikini kimdən aldınız?
- Ailə üzvlərimdən başqa Novruz Əzimov, Maşallah Əhmədov, Ramiz Məmmədov, Nazim Süleymanov zəng etmişdilər.
- Bəs, rəhbərliyiniz altında oynamış futbolçular?
- Sağ olsunlar, onlardan da təbrik edənlər oldu.
- İndiyə qədərki ad günlərinizdə aldığınız ən dəyərli hədiyyə nə olub?
- Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin. Ən bahalı hədiyyəni mənə “Kəpəz”in keçmiş prezidenti Rza Məmmədov Dubayda verib.
- Nə idi, sirr deyilsə?
- 1998-ci ilin dekabr ayı idi. “Kəpəz”lə təlim-məşq toplanışı üçün Dubaya getmişdik. Dedi, ad günündə sənə “Mercedes” hədiyyə etmək istəyirəm. El arasında “dördgöz” kimi tanınan yağın içində avtomobili elə oradan alıb Gəncəyə gətirdik. Yanvarın 13-də həmin maşın məndə idi. Bu günə qədər də onu sürürəm. O vaxt “Kəpəz”in ən uğurlu dönəmi idi. İlk dövrəni məğlubiyyətsiz lider kimi başa vurmuşduq. Rza müəllim həm insan, həm də rəhbər kimi möhtəşəm insan idi. Elə insanlar həyatda çox azdır.
- Siz həm də yaxın dost olmusunuz, bildiyimə görə.
- Əlini çiynimə qoyub deyirdi, sən mənim ən yaxın dostumsan. Deyirdim, Rza müəllim, siz məndən yaşca böyüksünüz. Deyirdi, dostluq yaşa baxmır, bu münasibəti sən qazanmısan. Məni həqiqətən çox istəyirdi. Deyirdi, Valeri Lobanovskini gətirmək imkanım olsa belə, onu etmərəm. “Kəpəz”in baş məşqçisi sən olmalısan.
- Geriyə dönüb “66”ya baxanda, qazandıqlarınızın çəkisi ağır gəlir, yoxsa itirdiklərinizin?
- Qazandıqlarım çoxdur, bunu dana bilmərəm. İtirdiklərimi isə, baxır hansı mənada soruşursunuz.
- Məsələn, maddiyatda.
- Təbii ki, itirdiklərim. “Kəpəz”in yaşaması, ayaqda qalması üçün şəxsi vəsaitimi xərcləmişəm. Klubun halal-halal xoşu olsun. O vaxt dost-tanış mənə deyirdi ki, Mehman, sən baş məşqçisən, sponsor yox. Öz boğazından kəsib niyə klub üçün xərcləyirsən? Deyirdim ki, mən bu pulları “Kəpəz”də qazanmışam, “Kəpəz” üçün də xərcləyirəm. Qazanıb cibimə qoyum, sabah çətinə düşən kimi qaçım, belə şey mənlik deyil. “Kəpəz” üçün külli miqdarda vəsait xərcləmişəm, elə-belə məbləğ yox. Bir hadisə yadıma düşdü.
- Buyurun, buyurun....
- Rəhmətlik Əhməd Ələsgərovun “Kəpəz”də baş məşqçi olduğu dönəm idi, mən də futbol oynayırdım. Komanda Rusiyaya səfər oyununa getməliydi. Təyyarə bileti, məskunlaşma, qidalanma, nə qədər vəsait tələb olunurdu. Ancaq klubda pul yox idi. Birinci katibin köməkçisi var idi, Jarkov. Mənə dedi ki, vəziyyət yaxşı deyil, görək neynirik. Nə qədər çalışsalar da, pul tapa bilmədilər. Komanda uçmalıydı, başqa cür ola bilməzdi. Gördüm ki, çıxılmaz vəziyyətdir, səfərin bütün xərclərini öz cibimdən qarşıladım. Maraqlısı, bilirsiniz nə idi?
- Nə?
- Həmin səfərə qardaşım Füzuli Allahverdiyevlə mən getməmişdik.
- Niyə?
- Qardaşım qırmızı vərəqə cəzalısı idi, mən isə zədəmi müalicə etdirirdim. İndi söhbət açıldı deyə, bunu dedim. Yenə təkrar edirəm, nə etmişəmsə, klubun halal-halal xoşu olsun. Məsəl var, deyir, pulu qazanmaq asandır, xərcləməyə hünər lazımdır. Hər adamda o hünər olmur.
- Bəzən təəssüfləndiyiniz anlar olur?
- Xeyr, qətiyyən! “Kəpəz” üçün etdiklərimə görə heç vaxt heyifslənməmişəm. Çünki Mehmanı Mehman edən “Kəpəz” olub.
- Bəs, bu gün niyə kənardasınız?
- Nə bilim, qardaş, nə bilim.
- Bəlkə səhhətiniz imkan vermir, bəlkə....
- Nə olub səhhətimə? Maşallah, heç bir problem yoxdur. Bu dəqiqə oturub sizə hansı ildə, hansı gündə nə baş verdiyini deyim, danışım. İnanın, indi özümü 50 yaşımdakından gümrah hiss edirəm.
-Həvəsiniz var işləməyə?
- Bir yerdə ki, “Kəpəz”in adı var, orada həvəssizlikdən söhbət gedə bilməz. “Kəpəz” üçün canımı vermişəm, bundan sonra da verərəm.
- Deməli, klub rəhbərliyi sizi “Kəpəz”də işləməyə layiq bilmir.
- (davamı olacaq)
HƏBİB / SPORTİNFO.AZ

