Müharibədən qaçdı, 30 saatdan çox Azərbaycanla sərhəddə qaldı

00:40 Hadisə 229
Müharibədən qaçdı, 30 saatdan çox Azərbaycanla sərhəddə qaldı

Haiti millisinin və “İstiqlal”ın futbolçusu Dukens Nazon İrana endirilən zərbələr fonunda ölkəni necə tərk etdiyindən danışıb.

Fevralın 28-də İsrail İran ərazisinə “profilaktik zərbə” endirdiyini açıqlamışdı.

ABŞ-nin prezidenti Donald Tramp da ölkəsinin bu hücumda iştirakını təsdiqləmişdi. Bundan sonra İran da İsrailə cavab zərbəsi endirmişdi.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, zədəli olduğu üçün İranı tərk etməyə icazə alan Nazon, həmin gün səhər saat 10-a bilet alıb.

O, İsraildə çıxış edən dostu Vircil Pinsondan xəbərdarlıq mesajı aldığını bildirib:

“O yazdı ki, otelində sığınacaqlar açılır və tezliklə partlayış olacaq. Mən isə artıq təyyarədə idim. Birdən yazdı: “Qardaş, təyyarədəsən? Həyəcan siqnalı çalınır, sən son anda uçdun!”

Ancaq təyyarə havaya qalxmadan pilotlar sərnişinləri təcili endirib. Nazon və “Barselona”nın sabiq futbolçusu Munir Əl Həddadi klub avtobusu ilə yenidən Tehrana qayıdaraq, komanda yoldaşlarını götürüblər. Şəhərdən kütləvi çıxış başlayıb, yollar iflic olub.

Futbolçu daha sonra Türkiyə istiqamətinə yox, Azərbaycan sərhədinə üz tutub. 10 saatlıq yol və çoxsaylı blok-postlardan sonra səhər saat 4-də sərhədə çatıb. Ancaq viza üçün tələb olunan xüsusi kod olmadığına görə keçid mümkün olmayıb.

O, 30 saatdan çox sərhəddə qaldığını bildirib:

“30 saatdan çox sərhəddə qaldım. İran çıxış möhürü vurmuşdu, geri dönə bilmirdim. Faktiki olaraq iki ölkə arasında, heç yerdə idim”.

Nəticədə, müxtəlif diplomatik kanallar işə düşüb. Fransanın Azərbaycandakı səfiri vasitəsilə məsələ həll olunub və Nazon ölkəni tərk edə bilib.

O, bunun həyatında yaşadığı ən qəribə və çətin an olduğunu deyib:

“Sərhədi keçəndə hər şey müharibə zonasını xatırladırdı: çay, hərbçilər, boz mənzərə… Bu, həyatımda yaşadığım ən qəribə və çətin an idi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu