Norveç millisinin keçmiş yarımmüdafiəçisi Tarik Elyunussi “Qarabağ”ı yaxından izlədiyini bildirib:
Sportinfo.az xəbər verir ki, 2017-2018-ci illərdə Ağdam təmsilçisinin formasını geyinmiş legioner keçmiş klubunun bu mövsüm Çempionlar Liqasında uğurlu çıxış etdiyini vurğulayıb.
“Komanda bir çoxlarını təəccübləndirməyi bacardı. Müxtəlif insanlardan mesajlar aldım.
Onlar mənim vaxtilə “Qarabağ”da oynadığımı bildikləri üçün komanda ilə maraqlanırlar. Əvvəllər “Qarabağ”ı tanımayanlar artıq bu klub haqqında məlumatlıdırlar.
Düşünürəm ki, komanda Çempionlar Liqasındakı çıxışına görə dünyada böyük hörmət qazanıb.
“Azərbaycanı çox sevirəm. Təəssüf ki, orada uzun müddət qala bilmədim, cəmi altı ay çıxış etdim.
Zədəli vəziyyətdə gəlmişdim və tam hazır formaya düşməyim vaxt apardı. Bu səbəbdən özümü istədiyim səviyyədə göstərə bilmədim. Bu, mənim üçün çətin idi”.
O, Bakıda keçirdiyi dövrü xoş xatirələrlə xatırladığını əlavə edib:
“Klubda rəhbərlik, məşqçilər heyəti, futbolçular, bir sözlə, hamı mənə çox yaxşı münasibət göstərdi. Bakı möhtəşəm şəhərdir.
Kaş ki, daha uzun müddət qala və ölkənin digər bölgələrini də görə biləydim. Coğrafiya, tarix və mədəniyyətə böyük marağım var.
Hələ də Azərbaycanda bəzi insanlarla əlaqəm qalır. Gələcəkdə yenidən Bakıya səfər etməyi planlaşdırıram”.

