“Elə bilirdilər, “Qarabağ” dönüb olacaq “Xəzər Lənkəran”ın tayı”

20:00 Müsahibə 289
“Elə bilirdilər, “Qarabağ” dönüb olacaq “Xəzər Lənkəran”ın tayı”

Son vaxtlar “Qarabağ”ın adı ətrafında hallanan söz-söhbətlər geniş müzakirələrə yol açıb.

21-ci turda “Neftçi”lə oyunun təxirə salınması ehtimalı, “Nyukasl”la qarşlaşmadakı şanslar, çempionluğun əldən çıxmasının mümkünlüyü, hücumçu transferi – bir sözlə, gündəmdə hər zaman olduğu kimi, “Qarabağ”dır.

Belə vəziyyətdə “köhlən atlar”ın sadiq və stajlı azarkeşlərindən olan, ağdamlı millət vəkili Aqil Abbasla söhbətdə qeyd etdiyimiz mövzulara münasibətini öyrəndik.

- Çempionlar Liqasında inamla irəliləyən “Qarabağ”ın “Nyukasl”la oyunlardakı şanslarını necə dəyərləndirirsiniz? Mərhələ adlamaq mümkün görünür?

- Hesab təxminim yoxdur. Bir onu deyə bilərəm ki, “Qarabağ” “Nyukasl”ı keçəcək. Görəcəksiniz, inşallah.

- Premyer Liqanın turnir cədvəlindən xəbərdarsınız yəqin.

- Əlbəttə. Baxıram, görürəm, izləyirəm.

- “Sabah” son çempionu 4 xal qabaqlayaraq cədvələ liderlik edir.

- Nə olsun ki? Öz aralarında neçə oyunları qalıb? İki oyun, düzdür? Həmin matçları udub çempion olacaq. Əslində, mən “Sabah”ın da, “Zirə”nin də çempion olmasını istəyirəm. “Neftçi” yuxarı pillələrə yüksəlsin, “Turan Tovuz” mübarizədən qopmasın. “Araz-Naxçıvan” yaxşı başlamışdı, son görüşlərdə nə isə yaxşı getmir. Yəqin zamanla toparlanar. İstədiyim odur ki, çempionat gərgin keçsin və çempion amansız mübarizənin sonunda məlum olsun. Belə olması komandalarımıza da xeyirdir.

- Əvvəlki dönəmlə müqayisədə futboldan çox yazmamağınızın səbəbi nədir?

- Yazmağına yazıram. Ancaq bəzən ara vermək lazımdır. “Qarabağ”ı çox tərifləyirəm, o da kimlərinsə xoşuna gəlmir. Deyirlər, ə, bu nə istəyir, “Qarabağ”ı hara qaldıracaq? Daha demirlər ki, “Qarabağ”ı mən yox, Qurban Qurbanovla futbolçuları qaldırıb.

- “Qarabağ”ın rəqiblərini “İmarət”də qəbul etməsini ən çox istəyənlərdən biri də sizsiniz.

- Bundan böyük arzu olar? Allahın köməkliyi ilə 3 ilə hazır olar yəqin. O vaxt Ramin Musayev şərait yaratmışdı, “Qarabağ” Quzanlıda oynayırdı. Avtobusun qarşısına “Bu gün Quzanlı, sabah “İmarət” plakatı vurulmuşdu. O vaxt gəlib çatmaqdadır, bir şey qalmayıb.

- Azərbaycan millisinə Ayxan Abbasovun baş məşqçi təyinatına münasibətiniz necədir?

- Ayxan Abbasova inanıram. Düzünü desəm, əcnəbi məşqçilərin əleyhinəyəm və bunu çəkinmədən deyirəm, deyəcəyəm də. Onlar plagiatdır, pul yığmağa gəlirlər. Foqts, Prosineçki, Yurçeviç, De Byazi, Santuş – neçə il işlədilər, nə etdilər? Ancaq Qurban Qurbanovu 1 il işləməyə qoymadılar.

- Sizcə, niyə?

- Elə bilirdilər ki, Qurban Qurbanov milliyə gedəndən sonra “Qarabağ”dan əlini çəkəcək, “Qarabağ” dönüb olacaq “Xəzər Lənkəran”ın tayı. O niyyətlə gətirmişdilər milliyə. Qurbanov da o yolu getmədi deyə, 1 ili tamam olmamış, dedilər, “yaxşı yol”. Sağ olsun, ruhdan düşmədi, “Qarabağ”da işini davam etdirməklə bu yerlərə gəlib çıxdı. Həm də, Foqts kimi həyasızlıq edib təzminat istəmədi. Halbuki, təzminat tələb etmək haqqı var idi. Onu etsəydi, hoca olmazdı, olardı Foqts.

- “Qarabağ”ın əzəli rəqibi “Neftçi”nin hazırkı durumuna münasibətiniz necədir? Həzz alırsınız, yoxsa əksinə, “dirilməsini” istəyirsiniz?

- “Neftçi” düzəlməyinə düzələcək. O komandanı ancaq Tərlan Əhmədov düzəldə bilər. O vaxt komandanı aşağı pillələrdən götürüb 3-cü pilləyə qaldırdı, mövsümün sonunda işindən uzaqlaşdırdılar. Bu dəqiqə çox yaxşı futbolçuları var, əvvəl də olub. Görək, yeni gələn məşqçi nə edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti