“Qarabağ” tərəfinin bu hərəkəti “Sabah”ı narazı saldı - XÜSUSİ MƏQAM

20:00 Qalmaqal 136
“Qarabağ” tərəfinin bu hərəkəti “Sabah”ı narazı saldı - XÜSUSİ MƏQAM

Premyer Liqanın 22-ci turunda keçirilən “Qarabağ” - “Sabah” qarşılaşması (2:2) bitsə də, onun ətrafında gərginlik səngimir.

Hər şey oyunun son dəqiqələrində, “Sabah”ın köməkçi məşqçisi Valerio Zuddasın “Qarabağ”ın məşqçilər korpusuna tərəf etik olmayan jest göstərməsi ilə başladı.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas oyun zamanı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan köməkçisinin yerinə üzr istəsə də, əsəblər soyumurdu ki, soyumurdu.

Vəziyyət o həddə çatdı ki, “Qarabağ”ın məşqçiləri matç bitdikdən sonra da meydanın mərkəzində dairə yaradaraq, Dambrauskasın köməkçisinin bütün məşqçilər korpusundan üzr istəməsini tələb etdilər. “Sabah”ın məşqçisi bunu da etdi.

Buna baxmayaraq, oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında da bu hadisə ilə bağlı ətraflı danışdı.

Bu gün isə “Sabah”ın prezidenti Maqsud Adıgözəlov ölkə mediasına müsahibəsində komandanın məşqçisi Valerio Zuddasın etdiyi hərəkəti dəstəkləmədiyini, bu cür münasibətin istənilən klubun məşqçilərinə qarşı olmasının yolverilməz olduğunu bildirirb.

Lakin Adıgözəlov “Qarabağ” tərəfindən də əvvəllər oxşar jestlərin olduğunu lakin “Sabah” tərəfinin bu hadisəni gündəmə gətirmədiyini və qarşı tərəfdən üzrxahlıq tələb etmədiyini bildirib.

Çox güman, “Sabah” tərəfinin narazılığına səbəb olan əsas məqam oyun zamanı Valdas Dambrauskasın üzr istəməsinə rəğmən, “Qarabağ” tərəfinin oyundan sonra da meydanın mərkəzində dairə yaradaraq köməkçi məşqçinin bütün kollektivdən üzr istəməsini tələb etməsidir.

“Sabah” tərəfdən bu hərəkətin ilk növbədə komandanın baş məşqçisi Dambrauskasın sözünün yerə salınması və ona qarşı hörmətsizlik kimi dəyərləndirmiş ola bilərlər ki, bu cür açıqlama verilib.

Yəni uzun sözün qısası, “Sabah” tərəfdə düşünürlər ki, Dambrauskas oyun zamanı köməkçisi adından üzr istəmişdisə bu məsələni bu qədər uzatmağın, hətta oyundan sonra meydanda dairə yaradaraq haqq-hesab çəkməyin nə mənası var idi...

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti