Yeni transfer üç nəfərin adını çəkdi, “nə yaxşı ki, gəldim” dedi

16:00 Müsahibə 261
Yeni transfer üç nəfərin adını çəkdi, “nə yaxşı ki, gəldim” dedi

“Qəbələ”nin yeni transferi Seydina Keyta Sportinfo.az-a müsahibə verib.

33 yaşlı seneqallı müdafiəçi komandasının “Şamaxı” üzərində qazandığı 4:0 hesablı parlaq qələbədən sonra sualları cavablandırıb.

- İlk oyunda ilk qələbəyə sevindin. Özünün və komandanın oyunu barədə nə deyə bilərsən?

- Mənim üçün çox yaxşı təcrübə oldu. Çünki ilk dəfə Azərbaycan Premyer Liqasında şans qazandım. Oyunuma qiyməti baş məşqçi verə bilər. Mənə verilən tapşırıqları yerinə yetirməyə çalışdım. O ki qaldı komandamızın çıxışına, göstərdiyimiz mübarizlik sayəsində layiqli qələbə qazandıq. 4:0-a baxmayaraq, rəqibin gücünü və sərgilədiyi oyunu qeyd etməliyəm.

- Səni mərkəz müdafiəçisi kimi tanıyırıq. Lakin bu dəfə dayaq yarımmüdafiəçisi kimi çıxış etdin. Çətin deyildi?

- Düzünü desəm, mənim üçün heç də asan deyildi. Çünki sonuncu dəfə bu mövqedə nə vaxt oynadığımı xatırlamıram. Bu, uzun illər öncə olub. Əsas olan mənə deyiləni yerinə yetirmək idi. Futbolçu üçün hansı mövqedə çıxış etmək önəmli deyil. Vacib olan işin öhdəsindən gəlməkdir. Bu gün itkilərimiz var idi deyə, buna məcbur idim.

- Premyer Liqanı daha öncə mübarizə apardığın Latviya və Litva çempionatları ilə müqayisə etsək?

- Burada oynamaq daha çətindir. Xüsusən mübarizə baxımından əziyyət çəkməli olursan. Litvada futbolun səviyyəsi Azərbaycanla müqayisədə fərqlidir.

- Azərbaycanlı Vüqar Əsgərovu xatırlayırsan?

- Yadıma gəlir. Vaxtilə komanda yoldaşı olmuşuq.

- “Dauqavpils”də.

- Bəli-bəli, tamamilə düz buyurursunuz. Hücumçu idi.

- Azərbaycandan təklif alanda onunla söhbətin oldu?

- Düzü, Vüqarla çoxdan danışmırıq, sıx əlaqəmiz yoxdur. Azərbaycanda oynamış tanışlarım çoxdur. Dodo, Kristian Torres, Mamadu Mboc... Torreslə söhbət ölkəniz və çempionatınız barədə yalnız xoş sözlər eşitmişdim. O, mənə düşünmədən “Qəbələ”nin təklifini qəbul etməyi söylədi. Çünki həm o, həm də Dodo vaxtilə bu komandada oynayıblar, tanınıblar. Gəlib gördüklərimdən sonra özümə “nə yaxşı ki, gəldim” dedim.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti