Azərbaycan klubunu çalışdıran əcnəbi hamıdan üzr istədi: “Söyüş işlətmişdim, amma...”

20:00 Müsahibə 267
Azərbaycan klubunu çalışdıran əcnəbi hamıdan üzr istədi: “Söyüş işlətmişdim, amma...”

“Şamaxı” – “Qəbələ” qarşılaşmasında qonaq komandanın baş məşqçisi Kaxaber Tsxadadze texniki zonada yer almaqdan məhrum idi.

Gürcü çalışdırıcı 16-cı turda “Qarabağ”la qarşılaşmanın gedişində nalayiq ifadələr işlətdiyi üçün İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzaya layiq görülmüşdü ki, belədə oyunu VİP-lojada klubun idman direktoru Səbuhi Səfiyarlı ilə yanaşı izləyirdi.

Kaxa ilk hissədə kifayət qədər təmkinli görünsə də, ikinci yarıda susmaq bilmədən köməkçiləri Georgi Çixradze ilə Asif Məmmədova tapşırıqlarını verirdi.

4:0-a görə olduqca məmnun görünən 57 yaşlı çalışdırıcı futbolçularını təbrik edəndən sonra Sportinfo.az-ın suallarını cavablandırdı.

- Oyunu tribunadan izləmək necə təsir bağışladı? Texniki zonada özünüzü rahat hiss edirsiniz, yoxsa VİP-lojada?

- Düzünü desəm, tribunadan hər şey daha aydın görünür. Digər tərəfdən, Çixradze ordadırsa, problem yoxdur. Mən, yaxud Georgi – fərqi yoxdur. Yaxşı əlaqəmiz var, uzun illərin dostlarıyıq. Ona görə də hansısa narahatlığın olduğunu düşünmürəm. Çixradze oradadırsa, deməli, mən də oradayam.

- Yoxlama matçlarında texniki zonada yerinizi Çixradzeyə verib, oyunları kənardan izləməyiniz indiki vəziyyətə hazırlıq idi?

- Bəli, sırf buna görəydi. Georgi ilə danışıb, razılaşmışdıq. Mənim yoxluğumda özünü rahat hiss etməliydi.

- Qələbə öz yerində, bəs, bu hesabla qələbə gözləyirdiniz?

- Sizə açıq deyim, təlim-məşq toplanışında gedə-gündüz demədən çalışmışdlq. Həm fərdi, həm də kollektiv çalışmalara xüsusi yer vermişdik. Son həftənin məşqlərini bu gün gün “Şamaxı”nın oynadığı 4-3-3 sxeminə uyğun qurmuşduq. Son matçlarda qarışıq sxmelə oynayırdılar, bəzən 5-3-2, bəzən 4-3-3. Hər iki gedişə hazırlaşmışdıq. Məni ən çox sevindirən məqam məşqlərdə üstünlük verdiyimiz standart vəziyyətləri bu gün layiqincə yerinə yetirməyimiz idi. Həm hücumlar zamanı, həm də müdafiə olunanda çox yaxşı oynadığımızı düşünürəm.

- Üç legionerin yoxluğunda məğlub olmaq qoruxusu var idi içinizdə?

- Qorxu yox, narahatlıq var idi. “Şamaxı”nın evdə necə oynadığını hamı bilir, görür. Oyun intizamı yüksək səviyyədə olan rəqibdir. Belə matçlarda təcrübəli futbolçuların olması vacibdir. Xüsusən də Xayme ilə Ba Lua kimi əsas heyət üzvləri. İstənilən halda əlimizdəki materiala görə hərəkət etmişdik. 2:0-dan sonra qol buraxsaydıq, əziyyət çəkəcəkdik. Ancaq əks-hücumda 3-cü qolu vurmağımız yerinə düşdü.

- “Şamaxı” ilə Qəbələdəki qarşılaşmada 0:1 hesabı ilə uduzmağınızın prinsipiallığı, revanş hissi var idi?

- Həmin oyunda məğlubiyyətə layiq deyildik. “Şamaxı”dan heç də zəif oynamamışdıq. Sadəcə, biz qol vura bilməmişdik, onlar vurmuşdu. Ancaq prinsipiallıq-filan yox idi. Bütün rəqiblərə eyni gözlə baxırıq. Bu dəqiqə rəqiblərin adını yox, mümkün 3 xalı düşünürük.

- Əsl mübarizənin irəlidə olduğunu nəzərə alsaq, bu qələbənin komandada rahatlıq yaratması sizi qorxutmur ki?

- Futbolçuları təbrik etdim və dedim ki, hələ yolun başındayıq, heç nə etməmişik. Bu qələbəni ən qısa zamanda unudub növbəti matçlara əvvəlkindən də istəkli şəkildə hazırlaşmalıyıq.

- Transfer çalışmalarınız hələ də davam edir.

- Bəli-bəli. Yaxın günlərdə daha iki futbolçu bizə qoşulmalıdır. Biri sol cinah müdafiəçisi, digəri dayaq yarımmüdafiəçisidir.

- Turan Manafovla anlaşdığınızı bilirik.

- (gülür) Hə, biri Turandır, digəri...

- Ad çəkin, baş məşqçidən saytımıza eksklüziv xəbər olsun.

- İnanın, məsələ tam dəqiqləşməyib. İki nəfərin üzərində dayanmışıq. Hazırda hər ikisi ilə danışıqların son mərhələsidir. Yaxın günlərdə onlardan biri ilə müqavilə bağlanacaq. Son qərarı vermədiyimiz üçün ad çəkə bilməyəcəyəm.

- Adriel Ba Lua haradadır?

- Ba Luanın sənəd problemi yaranmışdı deyə, bizə qoşula bilmədi. Artıq Azərbaycandadır, sabahdan bizimlə birlikdə olacaq. Bir aydır kollektivdən kənar qaldığı üçün fiziki durumunun ideal olacağına inanmıram. Növbəti oyunda Adriellə yanaşı, İbrahim Sanqare ilə Xayme Syerra da bizimlə olacaq.

- İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzaya sakit yanaşdınız. Tanıdığımız Kaxaber Tsxadadze və təmkinli yanaşma. Qəribə səslənir nədənsə.

- Çünki həmin epizodda səhvə yol vermişdim. Və buna görə hər kəsdən üzr istəyirəm. İşlətdiyim kobud ifadə televizorda eşidilib. Söyüş işlətmişdim, amma heç kimi ünvanlı söyməmişdim. Emosianal adamam, bəzən əsəblərimə hakim ola bilmirəm. Razıyam, yaxşı şey deyil, amma nə edim, bəzən olur. Sizin vasitənizlə hamıdan üzr istəyirəm. Çünki televizorun qarşısında uşaqlar da əyləşir, qadınlar da.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti