“Neftçi”nin ən məhsuldar futbolçusu Bassala Sambu “Araz-Naxçıvan”la oyunda fərqlənməyi bacardı.
Komandasının 4:0 hesabı ilə qələbə qazandığı qarşılaşmada ingiltərəli hücumçu vurduğu qolla adını tabloya yazdırdı.
Matç başa çatandan sonra komanda yoldaşları kimi sevincli görünən “9 nömrə” Sportinfo.az-a müsahibə verməyə “yox” demədi.
- Bu cür qələbədən sonra paltardəyişmə otağındakı ab-havanı sözlə ifadə edə bilərsən?
- Möhtəşəm hislərdir həqiqətən. Yeni baş məşqçi ilə növbəti qələbəni qazanmaq zövq verir. Xüsusən də 4 qollu qələbəni bayram etmək. Bu qələbə bizdəki özünəinamı artıracaq. İnşallah, bu şəkildə davam edərik.
- İlk iki qolda “ev tapşırıqları”nı düzgün yerinə yetirməyiniz qələbədə nə dərəcədə mühüm rol oynadı?
- Son iki həftədə standart vəziyyətlər üzərində çox işləmişdik. Çünki əksər oyunlarda rəqibin cərimə meydançası həndəvərində yerinə yetirdiyimiz cərimə zərbələri zamanı təhlükə yaratmaqda çətinlik çəkirdik. Lakin məşqlərdə təkcə “standartlar”ın yox, bir çox detalların üzərində işləyirik. Əlhəmdülillah, bunun nəticəsini gördük.
- Yuri Vernidub gəlişi ilə nələri dəyişməyi bacarıb?
- Baş məşqçinin bizdən gözləntiləri böyükdür. Ən vacib tələbi intensivlik yaratmaq, sürətli ötürmələrə və oyuna üstünlük verməyimizdir. Futbolçularla söhbətlər zamanı verdiyi motivasiyanı da qeyd edə bilərəm. Özümdən deyə bilərəm ki, bəzən qol epizodlarını boşa verəndə, ruhdan düşürdüm, özümü qınayırdım. Lakin baş məşqçi mənimlə söhbətdə inam verir, növbəti oyunda mütləq qol vuracağımı deyir. Artıq tək mən yox, bütün komanda birlikdə qaçır. Bunu baş məşqçi bizdən tələb edir.
HƏBİB

