Qurban Qurbanov: "Mənə “vermirik” deməyiblər, təklif ediblər, mən imtina etmişəm"

3 Fevral 08:40 Müsahibə 1 502
Qurban Qurbanov: "Mənə “vermirik” deməyiblər, təklif ediblər, mən imtina etmişəm"

Sportinfo.az "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir:

– Yassin Benzianın durumu necədir? “Braqa” ilə oyunlarda komandaya kömək edə biləcək?

– Yaxşı qurtarıb. Üzündə üç sümük sınıb, yaxşı ki, zərbədən daha ciddi fəsad almayıb, əsas sümük qırılsaydı, uzun müddət sıradan çıxacaqdı. Artıq məşqə çıxır, maska geyərək hazırlaşır.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun İTV-yə verdiyi geniş müsahibədən sonra onunla söhbətə körpü salmaq asan deyildi. Həm təkrarçılığa yol verməmək, həm də vacib suallara cavab almaq lazım idi. Avrokubok matçına hazırlıqla bağlı mətbuat konfranslarında tez-tez danışdığından daha uyğun mövzular tapmaq gərəkirdi.

– Son səfəriniz necə keçdi? Bu qədər uğurlara rəğmən, yenə öyrənməyə, özünüzü təkmilləşdirməyə davam edirsiz. Leverkuzendən “əlidolu” qayıtmısız?

– Öyrənməyə hər zaman ehtiyac var. Dünya futbolu sürətlə inkişaf edir, ayaqlaşmaq lazımdır. Nələrin dəyişdiyini öyrənmək üçün yaxşı oynayan, inkişaf edən, formada olan klubların düşərgəsinə getməyə çalışırdım. “Bayer”i seçməyimin bir səbəbi də baş məşqçi Xabi Alonsonun karyerasının məni cəlb etməsi idi. Məşqçiliyə yeni başlasa da, zəngin futbolçu karyerası olub. Mən daha uzun müddət işləmişəm, amma hətta 10-15 il işləyən digər məşqçilərdən də onun təcrübəsi daha çoxdur. Dünya, iki dəfə Avropa çempionu olub, Çempionlar Liqasında qalib gəlib. Ancaq böyük klublarda və böyük məşqçilərlə işləyib. Mourinyodan Benitesə kimi fərqli düşüncələri, futbol fəlsəfəsi olan, daim tələbat duyulan məşqçilərlə çalışıb.

– Həm də əksər vaxtlar kapitan, komandanın lideri olub…

– Bu, önəmli nüansdır. Seçimimin bir səbəbi də o idi. Bizi çox yüksək səviyyədə qarşıladılar. İki günümüzü orada keçirdik və faydalı təcrübə oldu. Ançelottini, Mourinyonu soruşdum, çox faydalı cavablar aldım. Söhbətimizdən başqa, müşahidələrim də oldu. Stadionları, yaxınlıqdakı 4 məşq meydançası bir-birini tamamlayırdı. Məşq meydanlarının qazonu ilə oyunları keçirdikləri meydan bir-birindən fərqlənmirdi. “BayArena” Almanyada ən yaxşı futbol stadionu sayılır, amma baza olaraq onlardan qat-qat yaxşıları var.

– Leverkuzendəki şəraitə heyran olmusuzsa, o zaman bazasının daha yaxşı olduğu deyilən digər klublardakı vəziyyət təsəvvür etmək olar…

– Əsas işin qurulmasıdır, məni də bu cəlb etdi. Hər şey saat mexanizmi kimi dəqiq qurulub. Hamı öz işini əla bilir, maraqlı rejimləri var. İlk görüşümüz məşqdə oldu, çalışmalarına baxdıq. Daha sonra otelə yerləşdik və Almaniya vaxtı ilə 15:00-da masa arxasında əyləşib söhbətləşdik. Avropa Liqasında onlara qarşı iki oyunumuz olmuşdu, hər kisi ətrafında danışdıq, xeyli sual-cavab etdik, uzun söhbətimiz oldu. Alonso çox səmimi idi, onun verdiyi informasiyalar gələcəkdə işimə yarayacaq. İşlədiyi məşqçilərin iş metodları, futbolçularla ünsiyyət formaları, özünün inkişafına təkan verən səbəblər – bütün bunlarla bağlı ətrafı danışdıq. Ertəsi taktiki hazırlığın keçirlidiyi qapalı məşqdə də iştirak etdik.

– Şərait fərqini başa düşdük, bəs, məşqdə hansı yenilikləri gördünüz?

– Futbolun dili birdir. Keyfiyyətli iş üçün şərait daha yaxşı olmalıdır, oyunçu keyfiyyəti önəmli rol oynayır. Bundan başqa, çıxış etdiyin çempionatın səviyyəsi mühüm faktordur. Həkim heyətindən vitaminləşməyə qədər o qədər nüans var ki… Elə incəliklərə diqqət edirlər ki, bizim o səviyyəyə çatmağımız üçün neçə illər lazım olduğunu hesablamaq belə çətindir. Bəzi şeylər bəsit görünür, amma çox önəmlidir. Hansı yükləmədən sonra hansı futbolçunun orqanizminin neçə matça dözəcəyini, yüksək tempi saxlamaq üçün nələrin gərək olduğunu hesablayırlar. Biz bu gün onlarla ayaqlaşa bilmərik, amma yubanmadan eyni şeyləri tətbiq etməyə başlamalıyıq ki, çox geri qalmayaq. Həm də ən azı 4-5 komandamız bunu etməlidir. Düzgün futbol oynamaq üçün düzgün yolu tapmalıyıq. Sonda bütün işi görən futbolçular, insanlardır. Hər şeyi onların sağlamlığına, yüksək səviyyədə olmasına hesablamalıyıq.

– Son televiziya müsahibənizdə azərbaycanlıların hər sahədə istedadlı olduğunu vurğuladınız. Mən də sizinlə razıyam ki, insanımız bütün bu dediklərinizi bacaracaq potensialdadır, sadəcə, həmin şəraiti qurmalıyıq. Bəlkə fərqli coğrafyada doğulduğumuz üçün bəxtsizik? Qurban Qurbanov və digərləri deyək ki, Almaniyada doğulsaydı, daha yaxşılara nail olardımı?

– Doğrusu, Azərbaycanda doğulduğum üçün çox şanslıyam. Bu ölkə qeyri-adi bir yerdir. Gəzdikcə, təcrübə topladıqca buna şahid oluruq. Avropada şərait gözəl ola bilər, amma yaşam tərzi bizdə daha yaxşıdır. Adət-ənənələrimiz tam fərqlidir və nə yaxşı ki, belədir. Azərbaycanı, Bakını çox sevirəm, taleyimdən şikayətim yoxdur. O ki qaldı futbola, istənlən şəraitdə keyfiyyətli iş görmək olar. İqlim fərqi var, biz bəzən 35-40 dərəcə istidə məşq edirik, halbuki sərin havada keçilən məşqin keyfiyyəti iki dəfə daha yaxşı olar. Avropa bu baxımdan bizi üstələyir. Fiziki göstəricilərdə də bunun rolu var. Amma Braziliya başda olmaqla daha isti olan ölkələr də var, hansı ki, istedadlı futbolçular yetişdirirlər. Deməli, şərait, iqlim heç də həlledici faktor deyil. İmkan daxilində daha yaxşı şərait yaratmaq və daha çox çalışmaq, düzgün işləmək lazımdır.

– Özümüz ora gedə bilmiriksə, oradakı şəraiti burada qurmalıyıq…

– Başqa çıxı yolu görmürəm. Futbolçu yaxşı şəraitdə məşq etməlidir, sağlam olmalıdır, bütün matçları azarkeş qarşısında oynamalıdır. Azarkeş məsuliyyət deməkdir, oyunun tempi artır, motivasiya, həvəs, istək yüksəlir. Biz bunları təmin etməliyik. Stadionlar düzəlməlidir, amma əsas məsələ azarkeşləri stadionlara qaytarmaqla bağlıdır. Səviyyə hiss olunmalıdır. Bizdə futbolun çox sevildiyini avrokubok matçları sübut edir. Elə səviyyəyə çatmalıyıq ki, çempionat oyunlarında da tribunalar boş qalmasın. Hamı öz işi ilə vicdanla məşğul olmalıdır, hamı eyni nöqtəyə vurmalıdır ki, bunları təmin edək. Bütün klublarda şərait yaxşılaşmalıdır.

– Potensial var, amma xərclənən pullar daha məqsədyönlü sərf edilməlidir.

– Mənim də düşüncəm odur ki, mövcud olan imkanlarla ilk növbədə ən vacib olanları etməliyik. Bazalara, stadionlara, şəraitə daha çox diqqət etməliyik. Ən sadə şeylərdən başlayıb ən yüksəyə doğru gedilməlidir. Özümüzdən misal çəkəcəm. “Qarabağ”ın hazırkı bazası Azərbaycan reallığında çox yaxşıdır – fitnes mərkəzimiz, məq və oyun meydançalarımız var. 2014-cü ildə bir dəfə vəsait sərf olunub, şərait qurulub və ondan faydalanırıq. Düzdür, indi də müəyyən xərclər var, amma əsas iş 10 il əvvəl görülüb, əvəzində futbolçularımız özünü evdəki kimi hiss edir, orada qidalanır, istirahət edir, hazırlaşır.

– Mövcud şərait dəvət edilən futbolçuların da seçimində böyük rol oynayır.

– Dəqiq elədir.

– Oğlunuz Musanı soruşmamış digər suallara keçmək istəmirəm. İsveçə qayıtdı?

– Artıq gedib. İspaniyada toplanışa başlayıblar.

– “Yurqorden” qışda 10-dan çox futbolçu ilə vidalaşıb. Musanın qalması göstərir ki, ona ümid böyükdür.

– Musaya çox inanıram. Ata kimi yox, məşqçi kimi deyirəm.

– Bəlkə saxlayıb “Qarabağ”da bir az da püxtələşdirmək və sonra yola salmaq lazım idi?

– Məncə, zamanında getdi. Burada oynamağı da çətin idi.

– Atasının rəhbərliyi altında oynamaq mane olurdu…

– Bir az olurdu.

– Musanın komanda yoldaşı “Barselona”ya keçmək üzrədir. Oğlunuzun da böyük klubların nəzər saldığı vitrinə çıxdığını deyə bilərik?

– Məncə, tələsməyək. Öncə indiki klubuna uyğunlaşmalıdır. Böyük klubların diqqət mərkəzinə düşmək üçün özünü sübut etməlidir. Yaxşı başlamışdı, sonra qollarının davamı gəlmədi. Avropada statistikaya böyük önəm verirlər. Özü ilə də söhbət etdim, İsveçə uyğunlaşmaqdadır. Görək necə olur. Daha çox çalışması şərtdir.

– İşiniz bir az da artıb. “Qarabağ”ın rəqibləri ilə yanaşı, “Yurqorden”in rəqiblərini də analiz edib Musaya kömək etməlisiz.

– Yox, o işlə adaşı olan əmisi məşğul olur (gülür).

– “Qarabağ” ötən il Musadan başqa Qara Qarayev, Ramil Şeydayev və milliləşdirilən Filip Ozobiçlə vidalaşdı. Limit üzündən yerli oyunçu sıxıntınız ola bilərdi. Emin Səfərovu “Qəbələ”dən buna görə almaq istəyirdiz?

– Dediyiniz futbolçu ilə bağlı konkret söhbət olmayıb.

– Bəs, Aleksey İsayev?..

– İsayevi təkcə limitə görə yox, bacarığına görə seçmişik. Həmin mövqedə futbolçuya ehtiyacımız var idi, İsayevi transfer etmək fürsəti düşdü, dəyərləndirdik. “Sabah” rəhbərliyi sağ olsun, danışdıq, razılaşdıq.

– Amma “Qarabağ” Alekseysiz daha yaxşı görünür. Gəldiyi gündən heyətdə yer alan İsayev oynamadı və onun sabiq klubuna 7 qol vurduz.

– Bizdə yaxşı oynamayan futbolçu yoxdur (gülür).

– Alekseyi transfer edəndə “Sabah”la onun keçmiş komandasına qarşı oynamayacağına razılaşmısız. Bu, doğru addımdırmı?

– Razılaşmamız yalnız kubokdakı iki oyuna aid idi. Çempionat matçında Aleksey də forma geyə biləcək.

– Leandro Andrade üçün nə qədər pul təklif edirlər? Satacaqsız, yoxsa qalacağını demək olar?

– Andrade bizim oyunçudur. Həm özünə, həm də kluba çox yaxşı təklif gəlmişdi. Amma o, bizə lazımdır.

– Buraxmadığınız üçün küsmədi?

– Həmişə futbolçular müəyyən vaxt küsürlər, sonra işlər yoluna düşür.

– Siz özünüz necə? Kadi Borgesdən küsməmisiz?

– Yox. Get-gedə futbolçulara qarşı ürəyim daha yumşaq olur, onları başa düşürəm. Öz karyeramı yada salıb onlara haqq verirəm. Mən də vaxtilə başqa klublardan daha yaxşı təklif alıb getmək istəmişəm. Onu edəndə böyük ehtimalla mən də düz etməmişəm. Bir yerə imza atdıqsa, müqaviləmz varsa, ona sadiq olmalıyıq. Getmək istəyəndə də bu, qarşılıqlı razılıqla olmalıdır. Halallıq üçün, narazı qalmamaq üçün. Futbolçuları başa düşməyə çalışıram, onların 90 faizinin başqa bacarığı, qabiliyyəti yoxdur, hamısı məşqçi işləyə bilməz. Ona görə də qısa karyeraları ərzində çox qazanmağa çalışmaları başadüşüləndir. Mən də bunu nəzərə alıram, oyunçunu buraxmırıqsa, əvəzində şəraitini yaxşılaşdırırıq.

– Kadini təsadüfən soruşmadım. Mənə müsahbəsində özü demişdi ki, istedadı var idi, onu əsl futbolçuya siz çevirmisiz. “Krasnodar”a gedəndən sonra sanki zəifləyib, “Qarabağ”dakı Kadi deyil. Bəlkə də özü özünə xəyanət etdiyi üşün inciməmsiz?

– İnciməmişəm, futbolçunu başa düşməyə çalışıram. Buradan gedən futbolçularla oturub üzbəüz söhbət etmişəm, hamısı yaxşı uşaqlardır, məni qəbul edir, dinləyirlər. Mənə həmişə pis təsir edən başqa məqamdır – futboçuların ətrafı onların ağlını əlindən alır.

– “Partizan”a gedib-qayıdan Patrik Andrade misalı…

– Məncə də. Bəzilərinin beynini elə doldururlar ki… Orada elə olacaq, belə olacaq və s. Futbolçunun bacarığını şişirdir, onu burada az dəyərləndirildiyinə inandırırlar. Onlar bu günü düşünürlər, sabahı yox. Ən çox da yerli futbolçuların belə tora düşməsindən narahatam. Biz bu yöndə də işimizi yaxşılaşdırmalıyıq, oyunçuların menecerinin sağlam adam olmasına əmin olmalıyıq. Hər menecer futbolçuya düzgün yol göstərmir, bəzən onların karyerasına zərbə vururlar. Halbuki bəzi futbolçular var ki, onların öz komandaları olur. Məsələn, Kadidə güc, sürət, düşünmə bacarığı var idi. Amma onun yeri məhz “Qarabağ” idi, burada ən yaxşı oyununu göstərirdi, gərək getməzdi. 5-10 manat artıq qazanmaq imkanı ola bilər, amma futboldan həzz alması üçün “Qarabağ”da qalmalıydı. Avropa klubları ilə fərqimiz həm də kaprizlərlə bağlıdır. Biz bəzən hansısa oyunçudan ən yaxşısını almaq üçün onun bəzi kaprizlərinə göz yumuruq, Avropada isə belə deyil.

– Kadi qayıtmaq istəsə…

– Kadi bizim uşağımızdır, qayıtsa, istərəm. Onun həyatı ilə maraqlanmışdım, çox əziyyət çəkmiş biridir. Çox kasıb olub, demək olar yaşamaq üçün oynayıb, Portuqaliyada aşağı liqanın autsayderində çıxış edirdi. Çox xatirələrimiz var, uşaqlıqda çox əziyyət çəkmişdi, buna görə onu daha çox istəyirdim. Ailəsinin ehtiyacları var idi, getməyi lazım bildi. Biz də pis şərait yaratmamışdıq. Gedən futbolçulardan kim qayıtmaq istəyibsə, qapımız açıq olub.

– Menecerlərlə bağlı narahatlığınıza görə soruşuram: deyəsən, sizdən israrla istənilən futbolçu yalnız Leandro Andrade deyildi…

– Var idi, ehtiyac duymadıq. Elə menecerlər də var ki, danışanda başa düşürlər. Klub nümayəndələrimizdən Asif Əsgərov futbolçuların yaxınları ilə, ailələri ilə danışır, başa salmağa çalışır, doğru yolu göstərir, onlar da anlayırlar. Bəzən kənardan hansısa futbolçu bizim oyunçulara zəng edir, onlara vəd verib beyinlərini qarışdırır. Görürsən ki, futbolçu bir ay özündə olmur.

– Ramil Şeydayevi çox istəyirdiz. O da Taylanda pula görə getdi və qısa müddətdən sonra Türkiyəyə yollanmalı oldu.

– Mən kimi çox istəmirəm ki? Hərəsinin bir xasiyyəti var, məhz ona görə də bəyənirəm. Ramilə gəlincə, dediklərinizlə razıyam, amma indi Türkiyəyə gedib, inşallah alınar.

– Bəzi futbolçular var ki, sanki “Qarabağ”da oynamaq üçün doğulub. Siz Kadini dediz, başqalarını da əlavə etmək olar. Lakin elələri də var ki, yaxşı oyunçu olsalar da, sanki “Qarabağ” onların klubu ola bilmədi. Maqaye Geye və Qaspar Panadero gününü əvəzedici komandada keçirdi.

– Geye bacarığına görə əsl “Qarabağ”lıq oyunçu idi, xarakteri ona imkan vermədi. İdman formasını qoruya bilmədi, peşəkar deyildi, həyat tərzi ona mane olurdu. Meydanda düşünmə qabiliyyəti, topla davranışı, bitiriciliyi – hər şey yerində idi. Nəfsini saxlaya bilmədi və özü öz karyerasını bitirdi. Qasparla bağlı isə razıyam, onun karyerası bizdə alınmadı.

– Adama Diakabi də eyni yolu gedir? Son kubok oyununda sanki ümid verdi, qol vurdu.

– Onun bəlli karyerası var, potensialına şübhə yoxdur. Yaxşı futbolçu olmaq üçün bütün keyfiyyətləri var. Onda da xarakter problemi özünü büruzə verir. Diakabidə xroniki hal alan mikrozədələr həddindən artıq çox idi. Yanvardan bəri sanki yaxşı formaya düşür. İki dəfə özü ilə söhbət etmişəm, sanki zədəylə mübarizə aparmaqdan yorulub. Oynamaq istəyir, amma alınmır, oynamayanda da psixoloji cəhətdən sarsılır. Bizim eksperiment aparmağa vaxtımız yoxdur, ən hazırlıqlılara şans verməyə məcburuq.

– Yayda siyahıdan kənarda qalmışdı, onu “Braqa” ilə oyunlar üçün sifariş edəcəksiz? Hələ Aleksey İsayev də var.

– Bizim iştirak ərizəsi ilə bağlı problemimiz olacaq. Orada da limitlər var. Legioner olduğu üçün Adamayla bağlı çətinlik var. İkisini də siyahıya salmaq üçün kimlərisə çıxarmalıyıq. Dünəndən bu işlə məşğul olmağa başladıq. Düzü, Diakabini siyahıya salmaq istəyirdim. Bəzən onun sürətinə ehtiyacımız ola bilər. Ən uyğun varianta baxacağıq.

– Yeni transfer olmayacaq?

– Çox aktiv iş gedir. İki variant var idi, alınmadı. Ad deməyəcəm, görək nə olur.

Qurbanova gələn mesajla söhbətə fasilə veririk. Çöhrəsinə məyusluq qonur. Murad Musayevin “Sabah”dan istefa verməsi xəbərinə görə sanki pərt olub. Rusiyalının məhz “Qarabağ”a 1:7 hesablı məğlubiyyətdən sonra vida etməsindən narahatdır. Diktofonsuz söhbətdə onlara məğlubiyyətdən sonra istefa verən məşqçilərə görə həmişə məyus olduğunu deyir, özünü günahkarmış kimi hiss edir. Biz isə davam edirik…

– 2017-ci ildə milli komandaya baş məşqçi təyin edildiniz…

– Yenə yığma ilə bağlı sual?

– Mənim işim sual verməkdir. Hamı bilmək istəyir ki, 6 il üçün razılaşdırılıb ilk öncə 3 illik müqavilə bağladığınız halda niyə bir il tamam olan kimi istefaya getdiz? Siz danışmırsız, o vaxt başverənləri, hamının qismən bildiklərini özünüz dilə gətirmirsiz və yerli məşqçilərin adı hətta namizədlər siyahısına salınmır.

– Yenə mənə aid olmayan suala cavab verməli oluram.

– Azərbaycanlı məşqçi “Qarabağ”da uğur qazanırsa, niyə millidə bunu etməsin? Söhbət məhz sizin baş məşqçi olmağınızdan da getmir, adlı-sanlı mütəxəssis kimi milli komandanın nəticələrinin yaxşılaşdırılması, ümumi sistemin qurulması üçün verə biləcəyiniz töhfədən gedir. Niyə yaxanızı kənara çəkirsiz?

– Bu, yaxanı kənara çəkmək deyil. Getdiyim yerdən danışmağı düzgün saymıram, istəmirəm.

– Danışmırsız və müxtəlif şayiələr ortaya çıxır. Məsələn, deyirlər ki, Qurbanov bir il işləsə də, müqavilənin pozulmasına görə təzmnat kimi 3 ilin maaşını alıb.

– Belə bir informasiyanın çıxacağına inanmıram, çünki olmayıb. Müqavilə bağlanarkən də, pozularkən də orada hamı mənim tanıdıqlarım idi. İlk növbədə prezident Rövnəq Abdullayev. Rövnəq müəllim və mən olan yerdə belə söhbət, ümumiyyətlə, ola bilməzdi. Abdullayevlə tanışlığımız hələ “Neftçi”dən başlayıb, bir yerdə işləmişik. İTV-dəki müsahibəmdə də demişəm, bəli, 6 illikdanışılmışdı, rəsmi olaraq 3 illik müqavilə bağlanıldı. Bütün rəsmi müqavilələrdə bənd olur ki, əgər klub və ya federasiya tərəfindən əməkdaşlığa son qoyularsa, qalan dövrün təzminatı verilməlidir. Belə söhbətlərin yayılması xoş deyil, amma məndə də bu bənd var idi, işdən çıxarılacağım halda təzminatı almalıydım. Detallara girmək istəmirəm, amma işbirliyi başa çatanda mənə deyildi ki, təzminat da ödəniləcək. Mən həmən cavab verdim ki, narahat olmayın, mən təzminat məbləğini götürməyəcəm. AFFA-nın ovaxtkı baş katibi Elxan Məmmədovla təkbətək söhbətimiz oldu, o mənə bu barədə dedi. Daha sonra İcraiyyə Komitəsinin ümumi iclasında Rövnəq müəllim də bildirdi ki, təzminatı alacaqsan. Hər iki söhbətdə bildirdim ki, təzminat üçün yox, Azərbaycan futboluna müəyyən fayda vermək üçün gəlmişdim. İşləmədiyim dövr üçün haqq etmədiyim pulu istəmərəm və götürmədim də. O, federasiyanın, Azərbaycan futbolunun puludur, onu uşaq futboluna, stadionlara və s. xərcləmək daha məqsədəuyğundur. Bir il işləyib üç ilin pulunu almaq… Alsaydım, hansısa qanunu pozmazdım, müqavilədə göstərilmişdi, amma mən həmin məbləğdən imtina etdim.

– Siz getdiz və həmin pullar əcnəbi məşqçilərə xərcləndi və hamısı da müqaviləsinin sonunadək işlədi.

– Otərəflərə getməyək. Bir insan hamı ilə eyni cür ola, dil tapa bilməz. Bir şeyə əminəm ki, vəzifəm nə idisə, onu yerinə yetirməyə canla-başla çalışırdım və yetirdim də. Sonda nə oldusa, hamıyla əl sıxıb görüşdüm.

– İstefanızdan 6 il keçib. Planlar, arzular var idi, bu müddətdə ən azı işlək bir mexanizmi qurmaq, sistem yaratmaq olardı, başlamışdınız da. Çox önəmli zamanı itirdik.

– Bəlkə bu barədə danışmayaq?

– Niyə?

– “Mən olsaydım, belə edərdik” demək istəmirəm. Fikirlər, planlar var idi. Amma nələrsə alınmadı. Geri qayıdıb o dərinlklərə girmək istəmirəm. Çünki nə olur-olsun, bizə uşaqlıqdan ailəmizdə deyiblər ki, rəhbərə qarşı düzgün davranmalıyıq. Dinimiz də bunu tələb edir. Necə də olsa, onlar AFFA-nın rəhbəri idilər. İşbirliyimiz alınmaya bilər, lakin davranışımızda diqqətli olmalıyıq,düzgün təmas qurmalıyıq. Bu gün də belədir. Bizim birgə işimiz alınmayıbsa, bu o demək deyil ki, onlara qarşı çıxmalıyam. Bəzi qaranlıq, təsirli məqamlar var ki, onları deməliyəm. Təzminat məsələsində olduğu kimi. Mənə “vermirik” deməyiblər, təklif ediblər, mən imtina etmişəm.

– Həmin dövrdə sizə qarşı haqsızlıq olmadımı?

– Bilmirəm necə edək ki, keçmişə qayıtmayaq. Bu gün də həmin insanlarla normal münasibətdəyəm.

– O zaman gələcəkdən danışaq. Qarşıdakı AFFA prezidenti seçkilərindən nə gözləyirsiz, necə olmasını istəyirsiz? Söhbət rəhbər dəyişikliyindən getmir, futbolda inkişafa nail olmaq üçün düşüncədə, baxışda olan dəyişiklikdən gedir.

– Bu, çox uzun bir məsələdir. Bu barədə çox danışmaq olar və danışmalıyıq. Söhbətimizin əvvəlində danışdığımız şərait məsələsinə qayıtmalı olacağıq. Gözəllik üçün nəsə etməməliyik, keyfiyyəti axtarmalıyıq. O keyfiyyətin harada olduğunu axtarmalıyıq. Birdən-birə çempion olaq, hansısa yüksək səviyyəyə çataq – bu yanaşma yanlışdır. Bəlkə də ona bir dəfə çata bilərsən, əvəzində 10-15 il geriyə düşərsən. Həmin səviyyəyə 5 ilə çataq, amma davamlı olsun. Yanaşmalar fərqlidir. İndi bəzi klublarımız fərqli işlər görür. Məsələn, “Sabah” bu gün uşaq futbolunda yaxşı işlər görür, diqqəti ora yönəldiblər, bünövrədən başlayıblar. Akademiyada təhsilə, hazırlığa ciddi önəm verirlər. “Turan-Tovuz”un rəhbərliyi, Ehtiram Quliyev sıfırdan başlamaq istəyir, uğuru pillə-pillə qazanmaq niyyətindədir. Belə yanaşmalar var. Amma əvvəl belə deyildi. Çempionatımızda çox güclü komandalar görmüşük. “Xəzər-Lənkəran”, “Neftçi”, “Qəbələ”, “Bakı”, “İnter”, “Simurq” kimi komandalarla gərgin mübarizəmiz olurdu. Maliyyə həddndən artıq çox idi, bəlkə də ən az büdcə elə “Qarabağ”da idi. Hamı ən yüksək səviyyədə olmaq istədi və bu, inkişafa mane oldu. Bir neçə il maraqlı çempionat izlədik və hər şey məhv oldu.

– Doğru yanaşma o deyildi. Pulu dağtmaqdansa, daha yaxşı inkişaf yolu seçilməliydi.

– Əslində, hər şey bəsitdir. Çox illərimizi itirmişik və itiririk.

– Ona görə seçkilərlə bağlı soruşdum… Dövlətin qayğısı var, kifayət qədər maliyyə ayrılır, düzgün inkişaf yolunu niyə seçə bilmirik? Nəyi dəyişməliyik?

– Seçki məsələsi mənə aid məsələ deyil (gülür). Məncə, nələrsə dəyişiləcək. Bu dəqiqə hansı ölkələrin inkişafa necə nail olması ilə bağlı o qədər misallar var ki. UEFA-nın müxtəlif proqramları var, vəsait də ayrılır. Dövlət səviyyəsində qayğı da hər zaman olub, proqram qəbul edilib. Sadəcə, düzgün yanaşma olmalıdır və tələsməmək lazımdır. 2-3 ilə hansısa yüksək səviyyəyə nail olmaq mümkün deyil, sadədən başlayıb səbrlə və düzgün işləmək gərəkdir. Keyfiyyətə nail olmaq lazımdır. İstedadlı gənclərimiz yetərincədir, onları qorumaq, yetişdirmək lazımdır. Məsləhət verən çoxdur, əsas olan bu işin içindəki insanların doğru yönəlməsidir.

– Siz İcraiyyə Komitəsinin üzvü də olmusuz. Həmin vaxt bu ideyaları reallaşdırmağın mümkünsüz olduğunu gördünüz?

– O vaxt ola bilər mən də İcraiyyə Komitəsinə tam hazır deyildim. Baş məşqçi kimi çalışdığımdan bəzi detallara qarışmaq istəmirdim. Hamı işləyir, iş saatını doldurur, Azərbaycan futbolu naminə addımlar atılır. Sadəcə, bəzən o ən bəsiti, haradan başlamaq lazım olduğunu axtarıb tapa bilmirik. Vəziyyət elə yerə gəlib ki, hamımız bir olmalıyıq. Nəvaxtsa AFFA ilə işbirliyim alınmayıb deyə bu gün futbolu kənara qoymamalıyam. Daha yaxşısı üçün şəxsi mübarizə aparmamalıyıq, əl-ələ verməliyik.

– Milli komandanın baş məşqçisinin kimliyi heç nəyi dəyişmir. Ümumi sistemin düzəlməsi lazımdır.

– Mütləq. Hamı birləşməlidir.

– AFFA-dan yeni təklif almadığınızı demisiz. Yenidən millinin baş məşqçisi olmaq istərsiz?

– Zəhmət olmasa, növbəti suala keçək (gülür).

– Yoxsa bunun üçün AFFA rəhbərliyi dəyişməlidir…

– Bu sualı da keçək. (pauza) Məndə belə fikir yoxdur. İnsanlar bəzən bunu yanlış başa düşürlər. Bir az əvvəl şəxsi prinsipləri kənara qoymalı olduğumuzu dedim.

– Axı, zaman göstərdi ki, indiki rəhbərliklə sizin baxışlarınız üst-üstə düşmür. 15-16 ildə heç nəyi dəyişə bilməyiblərsə, onlar özləri dəyişməməlidirmi?

– Bəzən nələrsə alınmır, hətta iki dostun dedikləri üst-üstə düşmür. “Onlar və digərləri” deməyək, AFFA eynidir. Məndə “bu insanlar nə qədər ki, buradadır, mən işləməyəcəm” fikri olmayıb. Mənim belə deməyim doğru olmaz. Şəxsi maraqlara görə səhv qərar vermək olmaz.

– 6 illik müqavilə vəd edb sizi qısa müddətdən sonra istefaya göndərən insanlardan dəvət alsaz, yenə işləyərsiz?

– Heç bir danışıq olmayıb və bu məsələnin üzərində dayanmaq istəmirəm.

– Müsahibəyə görə təşəkkür edirəm. Bir çox suallardan yayındınız. Ona görə bəzi sualları ümumiyyətlə, səsləndirmirəm. Məsələn, yoldaşlıq oyunlarındakı heç-heçələrə, seçmə mərhələ matçlarında məğlubiyyətlərə görə mükafat alan yığmanın, sizin vaxtınızda hətta qələbələrə görə buna layiq bilinməməsinə, bilərəkdən təzyq göstərilməsinə niyə susqun qalmağınızın səbəbini bilmək istərdim.

Qurban Qurbanov bu suala cavab vermir və təbəssümlə başqa şeydən danışmaq istəyir. Lakin müsahibə artıq yekunlaşıb (futbolinfo.az).

Digər Xəbərlər
Xəbər Lenti
23 Fevral 17:50 Çək və bizə göndər!
23 Fevral 13:40 Tanrının ikinci qolu...