
Millimizin növbəti dayanacağı Polşadır.
Ukrayna müharibə səbəbindən ev oyunlarını bu ölkənin Krakov şəhərində keçirir. Az əvvəl "Krakoviya" arenada olduq.
Ümumiyyətlə, yığmamız 11-i Bakı vaxtı ilə 12:00-da Parisdən yola düşüb, 19:30-da Krakovda qalacağı otelə yerləşdi.
95 dəqiqə Fransa ilə keçən ağır oyununun üzərinə bir də yol yorğunluğunu gələndə fiziki, psixoloji durum narahat etməyə bilməz. Bərpa üçün vur-tut 2 sutka zaman olub.
Ukrayna yığmasının İslandiya səfərində inamlı qələbəsi xoş olmadı. Kefləri yerində olacaq.
Amma dramatik keçən matç, uzaq şimalı səfərinə gedib-qayıtmaq rəqibimizi yormamış deyil.
Sadəcə Rebrovun əlinin altında olan resurslar rotasiya üçün yeni imkanlar yaradır.
Bəs bizdə vəziyyət necədir?
Çox şey danışmaq olmur. Ən yaxşı halda əsas heyətdə Mahiri Renat Dadaşovla, Qisməti Rahil Məmmədovla əvəzlənə bilərdi. Rinatın ardınca Rahil də sıradan çıxdı. Nəriman və Musanı start heyətdə görmək olar.
Aradakı səviyyə fərqi Fransa ilə olduğu qədər uçurum olmasa da, kifayət qədər çoxdur. Xüsusilə rəqibin cinah asmalarını daha çox görə bilərik. Bu da cərimə meydançamızda çaxnaşma düşəcəyi anlamına gəlir.
Ukrayna millisində Mbappe səviyyədə oyunçu yoxdur ki, fərdi ustalığı hesabına blok yaradan müdafiəmizi yarsın. Rebrovun arsenalında sürətli ötürmələrlə intizamlı müdafiəni fransızlar kimi çaş-baş salacaq fərdlər də azdır. Belədə ikinci mərtəbədə meydan sahibləri güc nümayiş etdirəcək. Ən yaralı nöqtəmizdən gələcək təhlükəyə hazır olmalıyıq.
Bakıdakı bərabərlikdən sonra ukraynalılar görüşə daha ciddi yanaşacaq. Xal itirmək limiti sıfırlanıb. Növbəti qəzaya yer yoxdur.
Bir sözlə, qarşımızda Fransa olmasa da, təhlükə yenə qapımızdadır.
Amma pozitiv şeylər də yox deyil.
Uzaq səfər, ağır oyuna rəğmən düşərgədə şən əhval-ruhiyyə var.
Fransa səfərində müsbət nəticə qazanmaq möcüzəyə bərabər idisə, bu dəfə buna ümidlər daha çoxdur.
Kollektiv də fərqindədir. Ki, Parisdən fərqli olaraq Krakovda hücumda olmaq, qol imkanları yaratmaq mütləqdir. Əksi haqlı tənqidlərə yol açacaq. "Park de Prens"dan fərqli olaraq bu dəfə "təki darmadığın olmayaq" prinsipi keçərli deyil.
Hücumda olmaq hücum futbolu oynamaq anlamına gəlməsin.
Eyni sistem qarşımızda olacaq. Sadəcə əks-hücumlara çıxmaq burada daha real görünür.
Nə küncdən zərbələrinin xanası sıfır olacaq, nə də qapıya zərbələrin. Qol imkanlarımız dəqiq olacaq. Sual dəyərləndirə bilib-bilməyəcəyimizlə bağlıdır. Onu da edə bilsək, Bakıdakı kimi Krakovda da üzlər gülə bilər.
XANOĞLAN İMANOV