
“Sumqayıt”ın futbolçusu Ayxan Süleymanlı Sportinfo.az-a müsahibə verib.
Gənclər millimizin kapitan sarğısını daşıyan müdafiəçi məhz komandası ilə bağlı sualları cavablandırıb.
- “Sumqayıt”ın ilk turlarda qazandığı nəticələrə təəccüblənmək haqqımız var?
- Şükürlər olsun, yaxşı gedirik. 3 oyunda məğlub olmamaq və 7 xal qazanmaq sevindirici haldır. Lakin çempionat yeni başlayıb, əsl mübarizə irəlidədir. Çalışıb bu tempi saxlamalıyıq ki, davamını gətirməyi bacaraq.
- Ötən mövsümü uğursuz başa vuran komandada nə(lər) dəyişdi?
- Keçən çempionatla müqayisədə hücum xəttinin xoş təsir bağışladığını deməliyəm. Aleksandr Ramalinqom, Rüstəm Əhmədzadə, Aleksa Yankoviç – bu və digər oyunçularımız hücum planında böyük işlər görürlər. “Sumqayıt”ın müdafiəsi həmişə etibarlı olub, yarımmüdafiə xətti də inamlı idi. Əsas əziyyəti hücumda çəkirdik ki, bu da öz həllini tapıb. Hücumda oynayanlar məhsuldarlıq göstərəndə, müdafiəçilərin özünəinamı bir az da artır. Ən vacib məqamlardan biri də Saşa İliçin bizdən nə tələb etdiyini bilməyimizdir. Çalışırıq tətbiq etdiyi sistemə uyğun hərəkət edək.
- Öz durumunla bağlı nə deyə bilərsən? U-21-in kapitanı üçün klubunda 3 oyunda 101 dəqiqə şans qazanması az deyil?
- Komandada rəqabət artıb, bu, öz yerində. Yerli futbolçularla bağlı limitin aradan qaldırılması da vacib faktdır. Rəqabətin olması xoş haldır. Əsas odur ki, özümə inanıram və rəqabətdən çəkinmirəm. Baş məşqçimizi tanıyan biri kimi bilirəm ki, məşqlərdə daha yaxşı olanlara şans verir. Çalışqanlığımla əsas heyətə layiq olduğumu göstərməyə çalışacağam.
- U-21-də mütəmadi şans qazanmağın serbiyalı çalışdırıcının diqqətini çəkə bilər?
- Gənclər millisində daim diqqət mərkəzində olursan. Çünki burada oynayan uşaqlar əsas milliyə potensial namizəd hesab olunurlar. Baş məşqçimiz də bu məqama önəm verir. Hətta yığmaya qoşulmamışdan əvvəl mənə U-21-lə bağlı suallar vermişdi, vəziyyətimlə maraqlanmışdı. İş burasındadır ki, “Sumqayıt”da əsasən sol cinah müdafiəçisi kimi oynadığım halda, millidə “3-lü müdafiə”nin solunda şans qazanıram. Sistemdə müəyyən fərq var.
- Limitin aradan qaldırılması azərbaycanlı futbolçuların işə yanaşmasına, psixoloji durumuna necə təsir edir?
- Yetər ki, sağlam rəqabət olsun. Rəqabət sağlam olacaqsa, hər şey öz əlimizdədir. Sağlam rəqabət fonunda heyətə düşə bilmiriksə, günahı özümüzdə axtarmalıyıq. Ötən mövsüm “11-lik”də yer alırdıqsa, indi bəzən ehtiyatda qalırıq. Bu da bəzən adamı narahat edir. Artıq mövcud durumla barışmalı, buna öyrəşməliyik.
HƏBİB