
“Şükür Allaha, yaxşı qurtardıq!” - Fransa - Azərbaycan matçı bitdikdən sonra bu sözü deyən, yazan xeyli azərbaycanlı vardı.
Qınamaq olmur, futbolumuzun, milli komandanın vəziyyəti elədir ki, Fransa qarşısında 0:3-ə də şükür edirik.
Bu, həmin Fransadır ki, 1995-ci ildə 0:10 hesabıyla uduzmuşuq və 30 ildir el-aləm arasında “zurna-balaban”ı kəsilmək bilmir, hərə bir şəbədə qoşur.
Allaha həm də ona görə şükür ki, bu dəfə Fransa - Azərbaycan matçı ilə bağlı yerli-yersiz, duzlu-duzsuz zarafatlar, atmacaların yaranması üçün səbəb olmadı.
Fransanın hazırki baş məşqçisi Didye Deşam həmin 10:0-da komandasının kapitanı, 3 il sonranın dünya, 5 il sonranın Avropa çempionu idisə, bizim Ayxan Abbasov “Oser faciəsi” vaxtı Buzovnada 9-cu sinif şagirdi idi.
Dünyanın fərqli bucaqlarında, fərqli statuslarda olan bu adamlar 30 il sonra meydanda qarşılaşır və Deşam oyundan sonra Ayxanın komandası haqqında “rəqibin sıx müdafiəsi qarşısında dik oyun və sürət çatmırdı” açıqlaması verməklə bu Azərbaycanın 1995-ci ildə gördüyü Azərbaycan olmadığına işarə edir.
Bəli, müsyölər, istər siyasi. Istər iqtisadi, istər hərbi baxımdan olduğu kimi, futbolda da bu həmin Azərbaycan deyil.
Bu nəticəyə görə qanı qaralanlar da oldu.
Bukmeyker kontorlarında Fransanın azı 4-5 qoluna pul yatırıb, sonra tüstüsü təpəsindən cıxanlar sosial şəbəkələrdə “Fransa özü oynamadı” və ya “Azərbaycan futbolçuları rəqib qapıçının üzünü görmədi” tipində şərhlərlə hisrini çıxmağa çalışdı.
Fransa özü oynamadı - nə edək? Gedək, fransızlara yalvaraq ki. siz Allah, oynayın? Ayaqlarını tutan yox idi ki. oynayardılar da.
Və ya Fransanın qapıçısının üzünü görmədik. Mayk Mayqnanın üzünü görmək istəyənlər şəklinə baxıb rahatlaşsınlar.
Fernandu Santuşun dövründə 3 qolu bizə Fransa yox e, Estoniya vururdu. Onda oyun vaxtı İsveçin, İslandiyanın qapıcısının üzünü görmüşdük, biri qapımıza 6, digəri 5 qol vurmuşdu.
De Byazinin komandası Belçikanın qapısına yaxınlaşmışdı. əvəzində 5 qol “yemişdi”. İndi sizə nə lazımdır: rəqib qapıçısını görmək, yoxsa 7-8 qol buraxıb biabır olmaq?
Qarşındakı Fransadır. Bir oyunçusunun qiyməti sənin bütün heyətindən baha olan Fransa! Bunu anlamaq belə cətindir?
Kilian Mbappe heyətin yarısını keçib qol vurursa, bu, həm də səviyyə fərqidir. Bzim Elvin Bədəlov az qala Mbappeyə yalvarırdı ki. çıx oyundan, canımız qurtarsın.
Fransa matçında millimizin başında Foqts, De Byazi, Santuş-zad olsaydı, “məşqçi neyləsin, olanımız budur” deyib, hələ 0:3 görə ona alqış da deyəcəkdilər.
Bu gün Ayxan Abbasov döyüşkən, mübarizə komanda meydana çıxarıb, ağız büzürlər ki. Fransanını qapısına zərbə vurmadıq.
Rəhnmərlik Mirzə Ələkbər Sabir 100 il əvvəl deyib də:
Bənzəmərik dünyada hər millətə.
Biz dözərik ölkədə hər zillətə.
Mindiyimiz kor yabıdan düşmərik.
Yadlara qul, doğmalara düşmənik!
Həmin millıətik. Heç dəyişməmişik. Parisdəki nəticə elə həmin stadiondan oyunu izləyən Elxan Məmmədovu da ciddi narahat etdi.
Axı illərlə Azərbaycan futbolunun evini yıxan, bu gün Parisdə FİFA-nın çətiri altına sığınan bu zat düz 15 il “yerli məşqçilərdən bir şey cixmaz, bizim komandaya xaricilər lazımdır” deyib,, milyonlarla pulu Foqtslara. Prosineçkilərə. Yurçeviçlərə, de Byazilərə yedirtdi.
İndi bəzilərinin ağız büzdüyü Ayxan Abbasov gəlib 1 sutkaya hazırladığı komanda ilə Ukraynadan xal alırsa, Mbappenin Fransası qarşısında dişiylə, dırnağıyla mübarizə aparıb, ən azından biabır olmursa, bu, təbii ki, “xarici məşqçi konsepsyası”nın müəllifi Elxana, Elşad Nəsirova xoş gəlməz.
Rövçən Nəcəf də, yəqin ki, səhvini başa düşüb. Vaxtında “bizə xarici məşqçi laızm deyil” deyəndə. eşitmədi,
70 yaşlı Santusla 4 illik müqaviləyə imza atdı, sonra da yarıyolda kompensasiyasını verib, vidalaşmalı oldu. Ayxan Abbasov “Santuşluq deyil, olanımız budur” deyənlərin ağzını yumdu.
Göstərdi ki. Foqtsun Almaniya yığmasıyla, Santuşun Kriştianu Ronaldo ilə Avropa çempionu olması fövqəladə bir şey deyil. Məşqçi odur, Bəhlulla. Elvinlə, Qismətlə, Şahruddinlə dünya çempionunun qarşısında dayansın.
Bəhlul Mustafazadə “Park de Prens”də fantastik oynadı. Müharibələrdə qala divarları uğrunda fədakarcasına vuruşan döyüşçüləırə bənzəyirdi.
Demək olar ki, hər zərbənin, hər həmlənin qarşısnda vardı. Ayxan Abbasovun kəsfi Abdullah Xaybullayev “Sabah”ın heyətində son 3 çempionat oyununda cəmi 3 dəqiqə meydanda olub,
Parisdə zəli olub yapışmışdı Mbappenin ayağından. Bax, meydanda can qoymaq, döyüşmək budur! Bizə belə komanda lazımdır.
İslandiyaya 0:5 uduzan komanda hara, Fransaya 0:3 uduzan hara? Həmin heyət, həmin oyunçulardır da.
Məğlubiyyətə görə komanda təriflənməz, amma bir var, əl-qolunu sallayıb uduzmaq - 1 gün əvvəl U-17 millimiz elə həmin fransalı həmyaşıdlarına 0:8 hesabıyla uduzduğu kimi.
Bir də var bacardığından da artıq mübarizə aparıb, məğlub olmaq.
Ayxan Abbasovun son 2 oyunda gördüyü iş təqdirəlayiqdir, bir Mahir Emrelinin də əvəzinə oyunçu tapsa, daha yaxşı olacaq.
Futbolçu da bu qədər komanda ucun faydasız olarmı? II Bundesliqada futbolçumuz var deye, ümidlə milliyə çağrıblar, elə bil, meydanda bulvar gəzintisinə çıxıb.
“Kayzerslautern”də heyətə düşməyənə qədər millinin qapıları Emrelinin üzünə bağlanmalıdır. Tək heyətə düşmək məsələsi deyil, xarakter, Istək laızmdır.
Dediyim kimi, Xaybullayev klubunda son üç həftədə 3 dəqiqə oynayıb, amma Fransa qarşısında kotan kimi meydanı şumlayırdı.
Tərslikdən Mahirin əvəzləyicisi kimi baxdığımız Nəriman Axundzadənin Musa Qurbanlının da oyunu zəifdir.
Qarşıda isə daha bir ağır oyun var. Fransa ilə dueldə bütün gücünü meydanda qoyan heyətin Ukrayna matçına tam hazır olacağı sual doğurur.
Vəziyyət qəlizdir, amma burada Azərbaycan variantı yada düşür – Ayxan, sən Allah, bax, gör neyləyirsən!
İlkin Fikrətoğlu