Nə qədər ki Ayxan Abbasov burada olacaq...

11:40 Milli komanda 865
Nə qədər ki Ayxan Abbasov burada olacaq...

Bir komandanı istədiyi səviyyəyə çatdırmaq, «qəlib» salmaq, öz fəlsəfəsini ona yeritmək üçün istənilən məşqçiyə vaxt lazımdır.

Klubda bu müddət minimum 6 həftə çəkir.

Bəzi hallarda bu proses 3-6 aya kimi uzanır.

Millidə isə heç bir məşqçinin belə lyuksu yoxdur. İşlər azacıq düz getməyən kimi çərxi-fələk tərsinə dövran edir.

Ayxan Abbasov ölkənin bir nömrəli komandasını sentyabrda götürüb. Bir gecənin içində. 32 saat zamanı oldu ki, millini Ukrayna ilə Bakıdakı matça hazırlasın.

Oktyabrın 6-da ilk məşqini keçdi, 2 gün sonra Fransanın önünə çıxdılar. Üç gün ötdü, Ukrayna ilə üz-üzə gəldilər.

İki məğlubiyyət - 0:3, 1:2. Rəqəmlərdən qəmginlik yağır, amma… Bu, yalnız rəsmiyyət üçündür.

Ümid varmı, var. Fransa ilə qarşılaşmanı keçirəm, Ukrayna ilə qarşılaşma müəyyən işartılar verdi bizə.

Əla oynamadıq, ancaq oynadıq! Son illərdə olmadığı qədər oynadıq. De Byazinin, Fernandu Santuşun dövründə oynaya bilmədiyimiz futbolu oynadıq.

Biz artıq müdafiə oluna bilirik. Necə gəldi, yox ha…

Dəftər-kitabda nə cür göstərilibsə, o cür.

Qayda-qanunla, düzgün formada. Adı olub, özü olmayan müdafiə xətti ilə meydanda çırpınmırıq ta!

Hər bir futbolçu öz funksiyasını anlayır artıq. Nə qədər ki Ayxan Abbasov burada olacaq, işləyəcək, milli beş nəfərlik müdafiə bloku ilə rəqiblərin önünə çıxacaq.

Baş dönər, o, bu yoldan dönməz.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?