
İslandiya yığmasının vitse-kapitanı Xaukon-Arnar Haraldson DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Ukrayna – Azərbaycan oyununda millimizə azarkeşlik edəcək.
Sportinfo.az xəbər verir ki, bunu 22 yaşlı yarımmüdafiəçi özü deyib.
“Lill”in pleymeykeri Ukraynaya evdəki 3:5 hesablı məğlubiyyətə görə çox üzüldüklərini deyib. Buna baxmayaraq, o, qrup ikinciliyinə şanslarının davam etdiyini düşünür:
“Uzun müddətdir ki, bir oyundan sonra bu qədər əsəbi olmamışdım. Ukrayna ilə matçda inanılmaz şeylər baş verdi, məğlubiyyətə görə üzüldük.
İşlərimiz daha yaxşı ola bilərdi, amma biz bu rəqibi səfərdə məğlub etməliyik. Ümid edirəm ki, Azərbaycan yenidən Ukraynanı büdrədər, onlara qalib gələr.
Belədə biz qrupda önə keçə və Fransa ilə matçda gərgin mübarizə apararıq”.
Bu gün millimiz Ukrayna ilə, İslandiya isə Fransa ilə qarşılaşacaq.