“5 min dollar alırdım, bahalı maşınlar, klublar, məşuqələr..." - “Neftçi”də tanınan

1 Noyabr 2022 21:20 Müsahibə 9 320
“5 min dollar alırdım, bahalı maşınlar, klublar, məşuqələr..." - “Neftçi”də tanınan

O, “Neftçi”nin çempionluqları sıraladığı dönəmdə “ağ-qaralar”ın istedadlı futbolçularından hesab olunurdu.

2011-ci ildə Birinci Divizionda “Abşeron”un heyətində bombardir olandan sonra Böyükağa Hacıyev onu israrla sərəncamında görmək istəmişdi.

Yanına gətirdi, hücumdan müdafiəyə çəkdi, gənc olmasına baxmayaraq şans verdi, 20 yaşında “San Siro”da “İnter”ə qarşı oynamasına şərait yaratdı.

2015-ci ildə “Neftçi”dəki rəhbər və heyət dəyişikliyindən sonra böyük futbol onun üçün də başa çatdı.

“Sumqayıt”a getdi, “Səbail”də bəxtini sınadı, Türkiyəyə yollandı, “Şamaxı”ya qayıtdı və bu gün ailəsini dolandırmaq üçün Azərbaycanın çimərlik millisində və Birinci Divizionda MOİK-də çıxış edir.

Stajlı futbol azarkeşləri söhbətin Emin Mehtiyevdən getdiyini mütləq ki, anladı. Elə isə 31 yaşlı futbolçu ilə maraqlı söhbətlə siz də tanış olun.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/neftci/153480.html)

- Bilirəm ki, rəhmətlik Hacıyev səni əsasən futbolçu keyfiyyətlərinə görə yox, başqa xüsusiyyətinə görə bəyənirdi.

- Deyib-gülməyimə, zarafatlarıma, səmimiyyətimə görə xətrimi çox istəyirdi. Olub ki, lazımsız yerdə deyib-gülmüşəm, artıq söz işlətmişəm, Böyükağa müəllim gəlib deyib ki, filan yerdə düz etmədin, orda elə danışmaq olmaz. Bu gün özüm də hansısa istedadlı gəncin səhv hərəkət etdiyini görəndə çağırıb başa salıram, izah edirəm. İstəmirəm ki, mənim başıma gələnlərlə gələcəkdə onlar da qarşılaşsın.

- Şən olduğuna görə “Neftçi”nin o vaxtkı legionerləri də xətrini çox istəyirdi. Hətta yadımdadır ki, zarafat söhbəti olanda səni axtarırdılar.

- Hər nə qədər zarafat etsəm də, böyük-kiçik yerini bilirdim, hörmətlərini saxlayırdım. Artıq hərəkətə yol verməzdim. O vaxt tək mən deyildim ki. Komanda qələbələri, uğurları sıralayırdı deyə, kollektivdə ab-hava yaxşı idi. İnanırsınız, oyunlara da gülə-gülə çıxırdıq. Ab-havanın yaxşı olması üçün əhval-ruhiyyə həmişə şən olmalıdır.

- Bilirəm, sənin zarafatlarında bağlı maraqlı hadisələr çox olub. Birini danışa bilərsən?

- Bəli, çox olub. O qədər çox olub ki, hamısı bir-birinə qarışıb, hansısa birini xüsusi şəkildə yadımda saxlamamışam. Həm də indi o əhval-ruhiyyədə deyiləm ki, keçmişdən məzəli əhvalat danışım. Allah Böyükağa müəllimə qəni-qəni rəhmət etsin! Gözəl kollektivimiz, günlərimiz var idi. Gözəl günlərin hamısı “Neftçi”də qaldı. İndi ailəmi dolandırmaq haqda düşünürəm.

- O vaxt yaxşı qazanırdın?

- Min şükür!

- “Neftçi”də nə qədər maaş alırdın?

- 5 min dollar. O vaxt dolların kursu manatdan az idi.

- Sağa-sola dağıdırdın?

- Yox-yox. Evimdə o qədər problem var idi, onların həllinə çalışırdım. Mən nəyinsə həvəskarı olmamışam. Bahalı maşın sürüm, brend geyimlər geyinim, klublar, məşuqələr – bunlar mənlik deyildi. Alın tərimlə qazandığım pulları evimin problemlərinin həllinə və doğmalarıma xərcləmişəm. Əlimdən nə gəlib, əzizlərim üçün etmişəm.

- “Neftçi”nin heyətində 2 dəfə Azərbaycan çempionu olmusan, 2 dəfə ölkə kubokunu qazanmısan, “Abşeron”la Birinci Divizionun çempionluğa sevinmisən. Medalların hardadır?

- İnanırsınız, heç bilmirəm. Gördüm ki, mənasızdır, evdə bir küncə atmışam. Vaxt var idi o medallara baxıb özümlə fəxr edirdim, qürur duyurdum. Sonradan ölkə futbolunda gördüklərim məni hər şeydən küsdürdü. Ona görə də medallara, titullara önəm vermirəm artıq.

- “Neftçi”nin vəziyyətini görürsən.

- Görürəm.

- 10 il əvvəlki “Neftçi” qayıdacaq?

- İnşallah, qayıdar. “Qarabağ” illərlə səbr edə-edə bu səviyyəyə gəlib çıxdı. Allahın izni ilə “Neftçi” də bir gün layiq olduğu yerə çatacaq, layiqli yerdə dayanacaq. Səbrli olmaq lazımdır.

- Premyer Liqa klublarının sənə güvənməməsinin kökündə nə dayanır?

- Bilmirəm ki. Futbol dünyasındakı adamlardan baş açmıram, düzü. Bu gün gəncliyimdə olduğumdan da yaxşı formadayam. Çimərlik futbolunda ölkə millisinin üzvüyəm, MOİK-də mütəmadi çıxış edirəm. Buna baxmayaraq, Premyer Liqadan çağırıb şans vermək istəyən yoxdur.

- “Kəpəz”, “Şamaxı”, “Turan Tovuz”, “Sumqayıt” kimi komandalarda rahatlıqla oynaya bilərsən.

- Güvənsələr, niyə oynamıram ki? 15 ildir futbol oynayıram, pis-yaxşı nələrəsə nail olmuşam. Ancaq şans vermək istəyən yoxdur. Allah köməkləri olsun!

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi