İlkin Fikrətoğlu: "Koronavirus AFFA-nın qanının arasına girdi"

19 Mart 2020 12:30 Milli komanda 645
İlkin Fikrətoğlu: "Koronavirus AFFA-nın qanının arasına girdi"

Azərbaycan millisinin baş məşqçisi postu ötən ilin dekabr ayından boş qalıb.

Mətbuatda bir neçə futbol mütəxəssisinin bu vəzifəyə gətirilməsi haqda xəbərlər dolaşsa da hələ ki, rəsmi olaraq təyinat baş tutmayıb.

Sportinfo.az-ın yazarı Natiq Muxtarlı milliyə baş məşqçi təyinatının gecikdirilməsi səbəbinin AFFA rəhbərliyinin planının dəyişməsi ilə bağlı olduğunu ehtimal edir:

"Əvvəlcədən bildirilmişdi ki, yığmanın baş məşqçi postuna namizədlər hamısı əcnəbidir. Amma indi mətbuatda yerli baş məşqçi variantı müzakirə olunur, Rəşad Sadıqovun adı hallanır.

Üstəlik, futbolçular da açıqlama verərək onun namizədliyini dəstəkləyirlər. Azərbaycanlı futbolçular özbaşına fikir bildirə bilməzlər. Böyük ehtimalla, AFFA Millətlər Liqasında yerli baş məşqçiyə güvənmək niyyətindədir".

N. Muxtarlı buna səbəb kimi Millətlər Liqasının əhəmiyyətsiz turnir olduğunu vurğuladı: "İndiki halda yığmaya əcnəbi baş məşqçi gətirilsə və millətlər Liqasında fiasko yaşansa, ictimai qınaq artacaq. AFFA məcbur olacaq ki, DÇ-2022-nin seçmə mərhələsindən əvvəl baş məşqçini dəyişsin.

Ona görə də planı dəyişə bilərlər. Millətlər Liqasında baş məşqçi yerli olur, fiasko yaşanır və DÇ-2022-nin seçmə mərhələsi ərəfəsində əcnəbi mütəxəssis gətirilir. Böyük ehtimalla, bu məsələyə görə təyinat yubanır.

Yığmaya baş məşqçi təyinatının gecikməsinin də heç bir fəsadı ola bilməz. Birincisi, yığmanın təlim-məşq toplanışı, yoxlama görüşləri koronavriusa görə ləğv edilib. Üstəlik, onsuz da Azərbaycan millisinin heç bir iddiası yoxdur. İstəyirsiniz, baş məşqçini dərhal təyin edək, istəyirsiniz yubadaq, onsuz da yığma komanda qrupda autsayder olacaq. Baş məşqçi oldu-olmadı, yığmanın nəticəsi qrupdakı son pillələrdən biridir".

"ARB24" Xəbər xidmətinin müxbiri Heybət Məmmədov milli komandaya yeni baş məşqçi təyin edilməməsinin səbəbini dünyanın üzləşdiyi koronavirus pandemiyası iləbağlı olduğu qənaətindədir:

"Yığmanın Malta toplanışına qədər yeni məşqçinin müəyyənləşəcəyi ilə bağlı AFFA-dan müxtəlif açıqlamalar verilirdi. Amma mövcud vəziyyətə görə Malta toplanışı və 2 yoldaşlıq görüşümüz ləğv edilib. Hətta komandanın baş məşqçi postuna namizəd də vardı.

İtaliyalı Canni de Byazi ilə danışıqlar aparılırdı. Mütəxəssis özü də mətbuata açıqlamasında xəbəri təsdiqləmişdi. Son günlər yaşananlar bu məsələni yubadıb. De Byazi hazırda karantindədir. Onun bura gəlməsi və təyinatının rellaşması real görünmür. Yəqin ki, bu məsələ daha bir müddət yubanacaq.

Bunun komandamıza ziyanı olacaq məsələsinə gəlincə, Millətlər Liqasına qədər daha çox oyun keçirmək, yeni məşqçinin futbolçuları yaxından tanımaq və digər məsələləri həll etmək olardı.

Nəzərə alaq ki, bütün milli komandalar bu vəziyyətlə üzləşib. Amma onların bizdən fərqli olaraq fəaliyyət göstərən məşqçiləri var. İndiki durumda çıxış yolu millini yerli məşqçiyə tapşırmaqdı. Bu isə başqa bir söhbətin müzakirə mövzusudur".

Sportinfo.az-ın şef-redaktoru İlkin Xəlilov Milliyə baş məşqçi təyinatının gecikməyini tam dolğun AFFA rəsmilərinin bildiyini və bu barədə ictimaiyyətə ən dəqiq cavabı onlar verə biləcəyini söylədi:

"Biz sadəcə bir jurnalist kimi öz ehtimallarımızı, fərziyyələrimizi irəli sürə bilərik. Ola bilsin, AFFA-nın siyahısında olan məşqçilərin şərtləri bizim federasiyanı qane etməyib, yaxud da əksinə, onların siyahısında olan məşqçilərin şərtləri bizi qane etməyib.

Bildiyim qədərilə AFFA-nın siyahısında kifayət qədər məşqçi namizəd var, demək olar ki, hamısı xarici məşqçilərdir. Daha çox Canni De Byazinin adı hallanır, Albaniya yığmasının keçmiş baş məşqçisi.

Bizim nə deməyimizdən və nə düşünməyimizdən asılı olmayaraq sonda seçimi AFFA edəcək. Amma daha yaxşı olardı bunu tez etsin. Onsuz da tsiklin sonunda - payızda AFFA rəhbərliyi yaxşı bilirdi ki Yurçeviçi yola salacaq, çünki vəziyyət çox bərbad idi. Komanda cəmi bir xal yığmışdı. Həmin vaxtdan namizədlərin axtarışına başlamaq lazım idi. İndi isə çox gecikirik.

Düzdür, son vaxtlar koronavirusla əlaqəli görülən tədbirlər və təxirə salınan oyunlar bir növ AFFA-nın qanının arasına girdi. Yeni məşqçi yanvarda fevralda təyin olunsaydı Azərbaycan çempionatını izləyəcəkdi, müəyyən futbolçular tapacaqdı, martın sonunda təlim-məşq toplanışı, yoldaşlıq oyunu nəzərdə tutulmuşdu.

Koronavirusa görə həm çempionat, həm də təlim-məşq oyunları təxirə salındı. Və bununla AFFA bir növ ictimai qınaqdan canını qurtara bildi. Eşitdiyimə görə yaxın günlərdə, Novruz bayramına qədər məşqçinin adı açıqlanmalıdır.

Ümüd edək ki, bu dəfəki seçimdə yanılmayacaqlar. İndiyə qədər istər yerli, istərsə də xarici olsun, məşqçi sarıdan yarımamışıq. Xarici məşqçilərin ziyanı odur ki, daha çox pul verirlər, nəticə isə yerli məşqçilərdən heç də fərqlənmir. Görək bu dəfə AFFA nın seçimi nə dərəcədə effektli olacaq" (sputnik).

Digər Xəbərlər
Xəbər Lenti