Elvin Cəfərquliyevin pis günündə milli komandanın baş məşqçisi Ayxan Abbasov ona sahib çıxdı.
2 aydan artıqdır əsas komandadan kənarda qaldığı halda ölkənin bir nömrəli komandasına dəvət etməklə.
O, bununla da kifayətlənmədi.
Malta ilə sınaq matçında 26 yaşlı futbolçunu start heyətində meydana buraxdı.
Final fitinə qədər əvəzləmədi.
Əsas məqsəd onu yenidən qazanmaq, vitrinə çıxarmaqdır.
Axı ikinci komandaya göndəriləndən ətrafında neqativ söhbətlər bitmir.
Əvəzində ciddi təklifləri yoxdur.
Milli formada görünməklə önə çıxmış oldu. Belədə 100% hansısa təkliflərə qapılar açılacaq.
Təcrübəli mütəxəssis verdiyi qərarla bir qədər də riskə getmiş oldu.
Müdafiəçi intizamsızlığa görə Qurban Qurbanovun sərt üzünü görüb. Abbasov onu geri qaytarmaqla Qurbanovla münasibətlərinə zərbə vurmaq ehtimalı az deyil.
Hər nə qədər klub ayrı, milli ayrı kollektiv olsa belə.
Cəfərquliyev də gərək Ayxan Abbasovun jestini cavabsız qoymasın.
Meydanda bacarığı, kənarda intizamı ilə.
XANOĞLAN / SPORTİNFO.AZ

