Minifutbol üzrə Azərbaycan millisi tarixində ikinci dəfə Avropa çempionu oldu.
Sadəcə, əhsən!
Bu gün böyük futbolda Almaniya, Fransa, İspaniya və İngiltərə nədirsə, minifutbolda Azərbaycan da məhz odur. Əslində, bu uğurun arxasında uzun illərin zəhməti, sistemli fəaliyyət və yüksək peşəkarlıq dayanır.
Federasiyanın prezidenti Orxan Məmmədovdan, vitse-prezident Taleh Nəsibovdan tutmuş ən sıravi əməkdaşına qədər hər kəs bu uğurda pay sahibidir.
Onların hər birinə xüsusi təşəkkür düşür. Azərbaycan Minifutbol Federasiyası illər ərzində peşəkar idarəetmə modeli formalaşdırmağı bacarıb.
Federasiyanın mükəmməl strukturu, işini sevən və öz sahəsində peşəkar olan əməkdaşları bir araya gətirməsi bu uğurların əsas səbəblərindən biridir.
Belə bir sistem qurulduqda nəticələrin gəlməsi təsadüfi deyil. Əksinə, uğur qaçılmaz olur. Avropa çempionluğu isə bu piramidanın ən üst nöqtəsidir. Hər böyük nəticənin arxasında sağlam təməl dayanmalıdır.
Azərbaycan minifutbolunda həmin təməl uzun illər ərzində formalaşdırılıb. Biz minifutbol üzrə ölkə çempionatlarının yüksək səviyyədə təşkil olunduğunu dəfələrlə görmüşük.
Yarışların keçirilməsi zamanı ciddi hakim səhvləri, qalmaqallar və ya turnirin nüfuzuna xələl gətirən hadisələrlə, demək olar ki, rastlaşmırıq. Bu isə idarəetmənin və təşkilatçılığın keyfiyyətindən xəbər verir.
Bundan əlavə, şirkətlər və dövlət qurumları arasında təşkil olunan minifutbol çempionatları da xüsusi qeyd edilməlidir.
Federasiya bu idman növünün kütləviləşməsi üçün əlindən gələni edir və bunun nəticələri artıq açıq şəkildə görünür.
Minifutbol ölkəmizdə ən çox oynanılan və sevilən idman növlərindən birinə çevrilib. Minlərlə insan asudə vaxtını belə futbol meydançalarında keçirir, bu oyun vasitəsilə həm sağlam həyat tərzini təşviq edir, həm də idmana marağını artırır.
Düşünürəm ki, artıq böyük futbolda olduğu kimi, mini futbol komandalarına da dövlət dəstəyinin göstərilməsinin vaxtı çatıb.
Belə bir dəstək olduğu halda bu idman növü daha da sürətlə inkişaf edər, komandaların sayı artar və mini futbol ölkənin bütün bölgələrinə daha geniş şəkildə yayılardı.
Bunun nəticəsində həm yeni istedadlar üzə çıxar, həm də daha böyük azarkeş auditoriyası formalaşar. Minifutbolun ən böyük üstünlüklərindən biri onun dinamik və baxımlı olmasıdır.
Oyun yüksək tempdə keçir, azarkeşlərə daim maraqlı epizodlar təqdim edir və izləyicini son dəqiqəyə qədər gərginlikdə saxlayır. Məhz buna görə də bu idman növünün azarkeş toplamaq potensialı kifayət qədər yüksəkdir.
Biz bunun ən parlaq nümunəsini Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında gördük. Həmin turnirdə tribunalardakı maraq və atmosfer minifutbolun ölkəmizdə nə qədər sevildiyini bir daha nümayiş etdirdi.
Bu möhtəşəm uğurda əməyi olan hər kəsə təşəkkür borcumuz var. İstər meydanda mübarizə aparan futbolçular, istər məşqçilər heyəti, istərsə də görünməyən sahədə çalışan federasiya əməkdaşları bu qələbənin memarlarıdır.
Onların əziyyəti nəticəsində Azərbaycan bayrağı növbəti dəfə Avropanın zirvəsində dalğalandı.
İstənilən yarışda ölkəmizin bayrağının yüksəlməsində birbaşa və ya dolayı rolu olan hər kəsə gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.
Azərbaycan minifutbolu artıq Avropanın aparıcı qüvvələrindən biridir və inanırıq ki, qarşıdakı illərdə də yeni qələbələr, yeni rekordlar və yeni zəfərlər qazanaraq, xalqımıza sevinc yaşatmağa davam edəcək.
MƏNdən demək…

