Andrey Demçenkonun gəlişindən sonra Tərlan Əhmədli "Araz Naxçıvan"ın əsas heyət üzvünə çevrildi.
Təcrübəli kiper meydandakı mübarizəsi ilə qazandığı şansın haqqını verdiyini deməliyik.
Ciddi səhvi olmadı, yaxşı seyvlərlə yadda qaldı.
Bəzi matçlarda komandasının xallar qazanmasında ön plana çıxmağı bacardı.
Belədə 31 yaşlı futbolçunun milli komandaya dəvət olunması belə müzakirə olundu.
Amma biz Əhmədlini geniş heyətdə görmədik.
Sportinfo.az-a açıqlamasında kiper yaranmış vəziyyətlə bağlı danışıb:
"Milli komanda hər bir futbolçu üçün böyük qürur və məsuliyyətdir. Açığı, son dönəmlərdə stabil oynadığım və komandama faydalı olmağa çalışdığım üçün müəyyən ümidlər var idi.
Amma yekun qərarı məşqçilər heyəti verir və buna hörmətlə yanaşıram. Təbii ki, adımı siyahıda görməyəndə insan bir az təəccüblənir.
Çünki hər futbolçu millidə oynamağı arzulayır. Amma bunu problem kimi yox, öz üzərimdə daha çox işləmək üçün motivasiya kimi qəbul edirəm.
İnşallah, gələcəkdə də yaxşı çıxış edib yenidən diqqət çəkməyə çalışacağam. Amma çox gözləyirdim.
Qismət, demək ki, xeyirlisi bu imiş".
XANOĞLAN / SPORTİNFO.AZ

