Özildən siyasi paylaşım, "Arsenal"dan bəyanat

14 Dekabr 2019 15:00 Layihə 1 540
Özildən siyasi paylaşım, "Arsenal"dan bəyanat

"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil Çinin Şərqi Türküstandakı insanlara qarşı etdiyi haqsızlıqdan yazıb.

Sportinfo.az xəbər verir ki, türk əsilli alman futbolçu şəxsi "İnstaqram" səhifəsində paylaşım edərək, müsəlman dünyasının buna səssiz qaldığını bildirib:

"Əziyyətlərə dözən, məcburən İslamdan uzaqlaşdırılmağa çalışanlara qarşı tək mübarizə aparan şanlı möminlər! Quranlar yandırılır, məscidlər bağlanır, mədrəsələrə qadağa qoyulur, din alimləri bir-bir öldürülür. Kişilər məcbur düşərgələrə göndərilir. Onların əvəzinə çinli kişilər ailələrinə yerləşdirilir. Qadınlar zorla çinli kişilərlə evləndirilir. Bütün bunlara rəğmən həzrəti Məhəmmədin yolçuları susur. Müsəlmanlar sahiblənmir. Bilmirlər ki, zülmə razılığın qarşılığı zülmdür?

Həzrəti Əli nə gözəl deyib: "Zülmün qarşısını ala bilmirsinizsə, onu hər kəsə çatdırın!". Qərb mediası və dövlətlərində bu hadisələr aylardır ki, gündəmdədir. Bəs, müsəlman ölkələri və mediaları haradadır? Bilmirlər ki, zülmün olduğu yerdə tərəfsizlik namussusluqdur? Bilmirlər ki, illər sonra oradakı qardaş və bacılarımız bu çətin günlər haqda xatırlayacaqları zalımların işgəncələri yox, biz müsəlmanların səssizliyi olacaq. Ya Rəbbim, Şərqi Türküstandakı qardaş və bacılarımıza kömək ol".

"Arsenal"ın Özilin sözləri ilə bağlı yaydığı rəsmi bəyanatda isə bildirilir: "Klub Məsut Özilin sosial şəbəkədəki şərhləri ilə bağlı mövqeyini aydınlaşdırmalıdır. Bunlar futbolçunun şəxsi fikridir. "Arsenal" futbol klubu olaraq, həmişə siyasətə qarışmamaq prinsipinə riayət edir".

Klubun bəyanatı Çin sosial şəbəkəsi olan "Weibo"da da yayımlanıb.

Xəbər Lenti