Azərbaycanda hər kəsdə İlham Əliyev özünəinamı var!

1 Oktyabr 2020 10:52 Köşə 615
Azərbaycanda hər kəsdə İlham Əliyev özünəinamı var!

“Bədbəxt o millətdir ki, tikmədiyini geyir, əkmədiyini yeyir!

Bədbəxt o millətdir ki, talançılarını qəhrəman mərtəbəsinə yüksəldir, təkəbbürlü qəsbkarlarını isə alicənab sayır!”

Müəllifinin kim olduğunu bilmədiyim bu kəlamı oxuyanda, söhbətin hansı millətdən getdiyi yəqin ki, hamınıza bəlli olur. Amma bu yazının dili fəlsəfi yox, daha çevik - idman ruhunda olacaq.

İlk noqdaunu “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında aldı Ermənistanın “inqilabçı” baş naziri. Azərbaycan Prezidentinin zərbəsi o qədər tutarlı oldu ki, sözün bütün mənalarında idarəetməni itirdi Paşinyan.

Ondan sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bütün açıqlamalar indiyə qədər aparılan danışıqlar prosesinə də, beynəlxalq hüquqa da zidd idi.

İdmanda belə bir tendensiya var, rəqib ilk zərbədən sonra konsentrasiyanı, nizam-intizamı itirəcəksə, ardıcıl zərbələr alacaq və məğlubiyyət qaçılmaz olacaq.

Erməni xalqına “xoş gələcək” vəd edən Paşinyan elə ilk zərbədəncə konsentrasiyanı itirdi. Özünəinamı yüksək səviyyədə olan İlham Əliyev bu fürsəti əldən verərdi? Əlbəttə, yox.

İkinci noqdaunu Münxen Təhlükəsizlik Konfransında aldı Paşinyan. Azərbaycan Prezidenti Ermənistanın işğalçılıq siyasətini və faşist simasını bütün dünyanın gözü qarşısında ifşa etdi.

Bu noqdaunun təsirindən özünə gəlmək mümkün deyildi. Paşinyan ardıcıl səhvlər edəcəkdi. Bunu Azərbaycan dövləti də, onun rəhbəri də yaxşı bilirdi.

Ona görə də böyük təbliğat kampaniyası başlandı. Beynəlxalq qurumlar, dünya dövlətləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməyə çağırıldı.

Noqdaunun təsirindən özünəidarəni itirən Ermənistanın da, onu rəhbərinin də yeni təxribata əl atacağı şəksiz idi. Əvvəlcə Tovuz təxribatını törətdilər, daha sonra isə cəbhə xəttində eyni addımı atdılar. Və bəlli oldu ki, artıq vaxtdır. Arda-arda noqdauna düşən düşmənin nokauta salınma vaxtı.

Ordumuzun işğal olunmuş Azərbaycan ərazilərində həyata keçirdiyi əməliyyatların 3-cü günündə Paşinyanın nokauta düşdüyü də bəlli oldu. “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında buna hər kəs şahidlik etdi.

Azərbaycan, vaxtı, məqamı düzgün seçərək, düşmənin konsentrasiyanı itirməsini müəyyənləşdirərək öz torpaqlarının azad olunması əməliyyatına başlayıb.

Dünənə qədər “sülhə gəlin” çağırışına məhəl qoymayan düşmən bu gün “sülh istəyirəm” deyib bağırır.

Erməni qəsbkarları Azərbaycan torpaqlarını tərk etdikdən sonra indi hava, su kimi arzuladıqları sülhü onlara verəcəyik. Amma Paşinyanın siyasi karyerası artıq bitmiş sayıla bilər.

“Kollektiv öz rəhbərinə oxşayır”. Bunu isə Deyl Karnegi deyib. Etiraz etmək mümkün deyil. Azərbaycan cəmiyyəti uzun illər torpaqlarının qaytarılması üçün beynəlxalq müstəvidə mübarizə apardı. Hətta bəzən cəmiyyətin səbri tükəndi “müharibəyə başlayaq” tələbini irəli sürdü.

Amma xalqın lideri inanılmaz səbirlə məqamın yetişməsini gözlədi. O lider bilirdi ki, tələsik addım, konsentrasiyanın, nizam-intizamın pozulması xalqın ruhuna elə bir zərbə vura bilər ki, bunu bərpa etmək çətin olar.

Bu gün – Ordumuzun torpaqlarımızı işğaldan azad etdiyi vaxtda Azərbaycan cəmiyyətindəki ruh yüksəkliyinin ucalığı görünməzdir. Bəs Ermənistan cəmiyyətində vəziyyət necədir?

Orada hamı Paşinyana oxşayır, Azərbaycanda isə hər kəsdə İlham Əliyev özünəinamı var.

Azərbaycanın Prezidenti bilirdi ki, bilir. Bildiyini bilən isə liderdir. Odur ki, hər bir azərbaycanlı Ali Baş Komandanın ətrafında sıx birləşib və onun istənilən əmrini canla-başla yerinə yetirməyə hazırdır.

Azərbaycan üçün!
Torpağımız üçün!
Dövlətimiz üçün!
Milli kimliyimiz üçün!

SPORTİNFO.AZ

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi