Niyə Azərbaycanda hansısa futbolçu ayda 15-20 min almalıdır, həkim 500 manat?

8 May 2020 16:00 Köşə 1 326
Niyə Azərbaycanda hansısa futbolçu ayda 15-20 min almalıdır, həkim 500 manat?

İspaniyada insanlar eyvana çıxıb onları alqışlayırlar.

Elə İtaliyada da onların şərəfinə alqış eşidilir.

Yox, İspaniyada Messini, İtaliyada Ronaldonu alqışlamırlar. İndi nə Messi yada düşür, nə də Ronaldo. İnsanlar evlərində gizləniblər, o cümlədən, Messi də, Ronaldo da.

Virusun qorxusundan gizləniblər. Nə futbol yada düşür, nə basketbol, nə hokkey, nə qaydasız döyüş nə də...

Hamı canının hayındadır. Hamının da canını etibar edə biləcəyi onlardır – həkimlər. Hamı evində gizləndiyi vaxt, virusla onlar mübarizə aparırlar.

Koronavirus həqiqəti göstərdi hər kəsə.

Göstərdi ki, əslində “inkişaf etmiş” dediyimiz dünya bircə virusun əlində əsir-yesir qala bilər.

Göstərdi ki, milyardları messilərə, ronaldolara, cordanlara, taysonlara yox, elmə, təhsilə yatırmaq lazım idi.

Koronavirus göstərdi ki, dünya futbolsuz da, basketbolsuz da, hokkeysiz də, qaydasız döyüşsüz də yaşaya bilər. Necə ki, yaşayır. Sağlamlıqla bağlı problem yaşanınca, başqa səmtə üz tuturmuş insan.

Koronavirus göstərdi ki, bu günə qədər sosial ədalətsizlik hökm sürüb dünyada. Məsələn, İngiltərədə həkimin orta aylıq əməkhaqqı nə qədər olar?

Lap olsun, 10 min funt. Amma Aqueronun həftəlik məvacibi nə qədərdir? 300 min funtdan yuxarı. Həftəlik ey! İndi bu Aquero evində gizlənib həkimi alqışlayır.

Koronavirusun göstərdiyi həqiqətdir bu. Əslində, bu məsələdə Aqueronu, Messini, Ronaldonu da qınamıram. Sponsorlar o vəsaiti ödəyirlərsə, onlar da alacaqlar.

ABŞ-da iki nəfəri qəfəsin içinə salıb dalaşdırırlar. Piyli milyonçular da həzz alırlar qəfəsdəki döyüşdən. Bu qanlı döyüş üçün sponsorlar milyardlar ödəyirlər.

Bütün dünyada idmana yönələn yatırımı sosial işlərə sərf etsəydilər, indi planetdə kasıb ölkə ölmazdı. Axı o vəsaiti o sponsorlar elə o kasıbları istismar etməklə qazanıblar.

Niyə Azərbaycanda hansısa futbolçu ayda 15-20 min manat məvacib almalıdır, amma həkim 500 manat? Karantin günlərində onlar evlərində gizləniblər, həkimlər isə virusla mübarizə aparırlar.

Hələ polisləri demirəm. Bizi qorumaq üçün səhərdən axşama qədər küçədədirlər. Təhülkə ilə üz-üzə. Az qala, küçədə olan hər kəslə ünsiyyətə girirlər, tovsiyə verirlər, danlayırlar, yalvarırlar, “evdə qal, maska tax” deyirlər.

Cərimə edirlər, cərimə olunanların ittihamına tuş gəlirlər. Güzəşt edirlər, mənim ittihamımla üzləşirlər, “niyə güzəşt edirsən” deyib deyinirəm, polisin qarasınca.

Tənha insanlara xidmət göstərən o könüllülərin fədakarlığının qiyməti varmı? Yoxdur. Cəmiyyəti belələri sağlamlaşdırır.

Koronavirus göstərdi bu həqiqəti bizə. Pıçıldadı ki, yatırım futbola, basketbola, qəfəs döyüşünə yox, elmə, təhsilə, tibbə, ekologiyaya – bir sözlə, planetin təhlükəsizliyinə, insani dəyərlərə yatırılmalıdır. Daha sosial uçurum yaratmamlıdır bu yatırım.

Bu məslədə xarabaya qalmış SSRİ-nin yanaşması yaxşı idi. Hər bir idmançının adı zavod-fabrikdə ştata salınırdı. Ona o zavod-fabrikdəki fəhlələr qədər məvacib verilirdi. Uğuru olanda da, bir-iki manat mükafat.

Yəni idmançıya işarə edilirdi ki, fəhlədən artıq deyilsən. Koronavirus bu həqiqəti bir daha pıçıldadı - heç bir idmançı fəhlədən, müəllimdən, həkimdən, zabitdən, polisdən artıq deyil.

Onların məvaciblərinin cəmiyyyətin orta aylıq məvacibini yüz dəfə üstələməsi sosial ədalətsizlikdir. Koronavirus üzə çıxartdı bu sosial ədalətsizliyi.

Koronavirus bütün dünyaya göstərdi bu həqiqəti. İndi deyirlər ki, pandemiyadan sonra dəyişəcək dünya.

Yəni bu həqiqəti qəbul edəcək dünya? Mənim inanmağım gəlmir. Amma həqiqət həqiqətdir. Qəbul etsəz də, etməsəz də.

Natiq Muxtarlı

Xəbər Lenti