Çiyin üzərində başın olmaması

3 May 2020 14:00 Köşə 1 209
Çiyin üzərində başın olmaması

Hələ yaranma təşəbbüsü elan ediləndə bilirdik ki, düz-əməlli məzhəbə qulluq etməyəcəklər.

Baxmayaraq ki, azad mətbuatın inkişafı üçün yola çıxdıqlarını bildirirdilər. Belə bildirişlərə bu gün cəmiyyət alışqandır.

Adətən, şarlatanlar, istedadlı dələduzlar yararlanırlar bu üsuldan. Həm də dalağımızı sancan o idi ki, başqaları var bu “əməlisalehlər”in yanında.

Sonra gördük ki, azad idman mətbuatının inkişafının qarşısının alınmasında birbaşa günahkar olanlar pərdənin arxasında gizlənib və QHT statuslu təşkilatın yaranma səbəbləri haqda deyilənlər, sadəcə, sözdür.

Bunlara azad mətbuat gərək deyil. Bu, birmənalıdır. Əcabə, bu, birmənalı olan məqamı Azərbaycan İdman Jirnalistləri Federasiyasını yaratmaq istəyənlər bilmirdilər? Çox yaxşı bilirdilər. Elə AFFA-ja da belələri – azad mətbuata dəxli olmayanlar lazımdır ki, lazım gələndə onlara təzyiq göstərisin.

Atam balası, Gənclər və İdman Nazirliyi dövlət qurumudur. “Azad mətbuatam” deyən kəslərin təşkilat yaratması və bu təşkilatı nazirliyin quyruğuna bağlaması nədir? Azad mətbuata təhqir. Jurnalist yox, zurnalist olmağın göstəricisi.

Başa düşürük, evinizə bir tikə çörək aparmağa borclusuz. Və bunun üçün də ən yaxşı vasitə elə “azad mətbuatam” qışqırıb, nazirliyin yaratdığı təşkilatın arxasında gizlənib, onu istədiyi “qəlib“ə salan, məcrasından çıxaran AFFA rəsmilərinin əlindən öpməkdir.

“Xoruzun quyruğu” çox görünmədi. Və məlum oldu ki, azad mətbuatın inkişafını qarşısına məqsəd qoyanlar 1937-ci ilin NKVD “üçlüyü” olmaq istəyindədirlər.

Hə, klublardan şikayət qəbul etməyə başladılar. Amma heç özləri də özlərinə sual vermədilər ki, biz hansı səlahiyyətlə bu şikayəti qəbul edirik? Üstəlik, bununla həm də Azərbaycanın hüquqi dövlət olmasına həqarət etdilər.

Gənclər və İdman Nazirliyinin gücünə sığınıb, reallıqda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun tapşırıqlarının icraçısına çevrilən, onun quyruğunda olan bəziləri Azərbaycanın hüquqi dövlət olmasına şübhə etdilər.

Guya bunlara “Keşlə” və “Neftçi” (hər iki klub dövlətin, yəni xalqın vəsaiti hesabına fəaliyyət göstərir ha) müraciət edibmiş. Bunların cavabı necə olmalı idi? Belə deməliydilər: ünvanı səhv salmısız, biz senzura, NKVD “üçlüyü”, prokurorluq orqanı, məhkəmə deyilik ki, kiminsə şikayətinə baxaq.

Əgər hesab edirsizsə ki, kluba şər-böhtan atılıb, onda zəhmət çəkin, məhkəməyə müraciət edin. Bizim jurnalist həmkarlarımızı, hərəmiz bir saytın rəhbəri ola-ola hansısa saytı itiham etməyiniz, “bunu düz yazmırsız” deməyimiz jurnalistikanın dəyərlərinə ziddir və həm də etik cəhətdən əxlaqsızlıqdır.

Amma onlar nə etdilər? Elə özlərini olduqları kimi apardılar. Guya “Sportinfo.az”a müraciət etdilər (amma heç kimə də müraciət etmədikləri dəqiq), biz soyuq yanaşdıq, onlar da bəyanat verməyə məcbur oldular.

Hələ aralarında ağıl, məsləhət verənləri də tapıldı (bu yerdə “dağıl, a dünya” deyək). Olsun, hansı cəmiyyətdə yaşadığımızın fərqindəyik. O idman cəmiyyətində yaşayırıq ki, əxlaqı olmayanlar əxlaqla bağlı dərs keçirlər.

Və çiyinin üzərində baş gəzdirənlər cəmiyyətin bu durumunun fərqindədirlər. Amma çiyini üzərində baş yox, nəsə gəzdirənlər heç nəyin fərqində deyillər.

Onlar bir tikə çörək hayındadırlar. Belə görünür ki, bəziləri bir tikə çörək təminatı alarkən, başqa öhdəliklər də götürmüş olublar. Məsələn, onlara deyilib ki, bizi kim tənqid etsə, cavab verməlisiz. Cavab verməyəcəyiniz təqdirdə, bir tikə cörək üçün pis vəziyyətdə qalacaqsız.

Azad mətbuat tənqid yazır, bunlar o vəziyyəti göz önünə gətirilər və cavab verirlər. Başa düşürük, ağır dərddir. Belə yerdə “Allah heç düşmənə də göstərməsin” demək lazım ki, biz də dedik.

Sportinfo.az

Xəbər Lenti