Hamı getdi, biri qaldı – Tarixi uğurdan geriyə qalan ACI FAKT

3 Fevral 2023 16:40 Köşə 1 692
Hamı getdi, biri qaldı – Tarixi uğurdan geriyə qalan ACI FAKT

O gün Cavid İmamverdiyevlə danışırdım.

“Sportinfo” üçün götürdüyüm müsahibənin gedişində söz 10-12 il əvvələ çəkdi.

Dedi, yadınızdadır o vaxtkı “Neftçi”nin heyəti? Ölkə futbol tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan komandanın heyətində gənc futbolçuların sayı bilirsiniz nə qədər idi?

Əlbəttə, yadımdadır. Köməkləşib bir-bir adları saydıq. 10-a yaxın futbolçu idi. Yəni “Neftçi”nin ağır yükünü daşıyan hər nə qədər Flavinyo, Culius Vobay, Erik Ramos, Nikolas Kanales, Saşa Stamenkoviç kimi legionerlər, Mahir Şükürovla Rəşad Sadiqov kimi təcrübəli yerlilər idisə, arxadan onlara yaşı 19-21 arası olan gənclər dəstək verirdi.

Həmin gənclər ölkə futbolunun gələcəyi hesab olunurdu. Bu gün oynasaydılar, ən parlaq dönəmləri sayılacaqdı.

Kim idi onlar?

APOEL-lə tarixi matçlarda əsas heyətdə yer alan Cavid İmamverdiyevlə Elvin Yunuszadə, “İnter”lə Bakıdakı dueldə “11-lik”də şans qazanan Kamil Nurəhmədov, oyunu sonradan gücləndirmək tapşırığı alan Araz Abdullayev, Tərlan Quliyev, Mirhüseyn Seyidov, həmçinin Emin Mehtiyevlə Kərim Diniyev.

Bəs, hanı onlar?

Cavid İmamverdiyev Birinci Diviziondakı çıxışdan sonra klubsuz qalıb və demək olar karyerasını başa vurub. Elvin Yunuszadə “divizion”da “Kəpəz-2”nin şərəfini qoruyur. Kamil Nurəhmədov qeybə çəkilib, futbol təsərrüfatında yoxdur. Mirhüseyn Seyidovla Emin Mehtiyev oyun alğı-satqısına görə futboldan ömürlük kənarlaşdırılıb. Kərim Diniyev 29 yaşında karyerasını başa vurub məşqçiliyə başlayıb, Araz Abdullayevə isə yaxın duran yoxdur.

Kim qalıb?

Yalnız və yalnız Tərlan Quliyev. Həmin nəsildən dözümlü çıxmağı bacaran müdafiəçi 2010-cu ildən bu yana Premyer Liqada mütəmadi şans qazanır və bu gün “Turan Tovuz”un uğurları üçün tər tökür.

Ağlamalı mənzərədir. Yəqin ki, dönüb geriyə boylananda özləri də gözlərindən axan yaşları silmək məcburiyyətində qalır.

HƏBİB

Xəbər Lenti