5 manata görə susanlar və ya Mahirlə Vaqifin ümidinə qalan mətbuat

12 Aprel 2022 17:00 Köşə 1 685
5 manata görə susanlar və ya Mahirlə Vaqifin ümidinə qalan mətbuat

O gün Mahir Şükürva zəng vurmuşdum.

Canni de Byazinin milli futbolçularını qorxaq və xaraktersiz adlandırmasına tanınmış futbolçunun reaksiyasını almaq üçün. “Salam-əleyküm”dən dərhal sonra eşitdiyim sual bu oldu.

-Bizimkilərdən kim danışıb? Nə deyirlər?

Bizimkilər dediyi vaxtilə çiyin-çiyinə top dalınca qaçdığı futbolçuları nəzərdə tuturdu. Özü ad çəkməsə də, onlar hər kəsin tanıdıqlarıdır.

Kamran Ağayev, Ruslan Abışov, Rahid Əmirquliyev, Vüqar Nadirov, Rauf Əliyev, Əfran İsmayılov, Rail Məlikov, Elvin Məmmədov, İlqar Qurbanov və digərləri.

Tutulub qaldım, cavab verməyə söz tapmadım. Çünki, açığı, italiyalı baş məşqçinin “qorxaq və xaraktersizi”nə bu adamların heç birindən reaksiya görməmişdim, oxumamışdım.

Və bir anda anladım ki, sabiqlərdən milli mövzusunda danışmağı özünə borc bilən, çəkinmədən tənqid etməyi bacaran bir Mahir qalıb, bir də Vaqif Cavadov. Yerdə qalanların heç biri danışmaqda maraqlı deyil.

Karyerasıboyu hərəkət etməkdən çox danışmağı ilə yadda qalan Kamran da susanlar sırasındadır. Əvvəl mətbuatdan küskünlüyünü əsas gətirib uzaq gəzirdi, indi millidə ona iş veriblər deyə, söz deməsi absurd olar.

Yaxın keçmişə qədər gözlərini yumub ağzını açan İlqar müəllim Qurbanov xeyli vaxtdır AFFA-nın adamıdır. Vüqar Nadirovu da bu qəbildən saymaq olar.

Ruslan, Əfran, Rauf, Rahid, Elvin – karyerasının qürub çağını yaşayan bu və digərləri isə yaxın gələcək üçün iş arzusundadır. Ki, butsları mismardan asandan sonrakı dönəmi indidən düşünürlər. İşsiz qalmaq olmaz. İş tapmaq üçünsə diqqətli olmalısan.

Mahirlə Vaqif futbolçu vaxtında ortaya qoyduğu xarakteri bu gün də nümayiş etdirir. AFFA-nın digərlərinə təklif etdiyi 1000-2000 manatlıq vəzifələr nə vaxtsa menyuda onların da qabağına qoyulub. Amma istəməyiblər.

Daha doğrusu, işləsələr belə, yanə haqın yanında olacağını bildiriblər.

Çünki onlar kim(lər)sə tərəfindən zərəsizləşdirilməyi qəbul etmir. İşə, maaşa görə ağız yummağı özünə sığışdırmır. Ölkə futbolunu məhvə aparanların varlığını qəbul etmir.

Bəylər, deməyim odur ki, siz də vaxtilə o şanlı formanı tərlədə-tərlədə Mahirlə Vaqif kimi top dalınca qaçmısınız, problemləri görmüsünüz, mükafatların ən “dadlı” yerindən “dadmısınız”. Onlar hələ də danışır, amma siz yox.

Kimdən qorxursunuz? Elxan Məmmədovdan?

Nədən qorxursunuz? İşsız və pulsuz qalmaqdan?

HƏBİB

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"