Futbol günü, Xruşovun 68 min dollarlıq teleqramı, masonlar, Aytmatov

1 Yanvar 17:00 Köşə 1 131
Futbol günü, Xruşovun 68 min dollarlıq teleqramı, masonlar, Aytmatov

Ümumdünya futbol günü

Uşaqlıqdan futbol dəlisi olan, müxtəlif futbol bölmələrinə yazılan, “Sevinc” respublika və “Dəri top” ümumittifaq futbol yarışmalarında iştirak edən, oyunlarda iki dəfə qol-qabırğasını sındıran, dizindən menisk zədəsi alan, günü bu gün də azarkeşliyini davam etdirən və futbol oynayan biri kimi özümü və milyonlarla futbol azarkeşini təbrik edirəm. Bu bayramı təqvimlərə BMT daxil edib, futbolun kütləviliyinə, adi oyun deyil, bir həyat tərzinə çevrilməsinə dəyər verib. Yeri gəlmişkən, “ayaqla top qovmaq oyunu” barədə ilk məlumat Çin mənbələrindədir, eradan əvvəlin ikinci minilliyinə aiddir. Qədim Roma və Yunanıstanda da 2500 il bundan əvvəl futbolabənzər oyun oynayırmışlar. Yunanlarda bu oyun “top uğrunda döyüş” adlanırmış. Növbəti xatırlatma 8-ci əsrdə İngiltərədə yaşayan saksonlarla bağlıdır, onlar döyüş zamanı öldürdükləri düşmənlərin başlarını kəsib vəhşi bir “top-top” oyunu oynayırmışlar.

Bu gün bütün dünya futbol oynayır, dünya futbolu inkişaf edir, çiçəklənir, daha sürətli, daha baxımlı, daha möcüzəvi xarakter alır. Nə yazıq ki, bu inkişafa biz azərbaycanlılar millimizin öz evində Allahın qələbəyə həsrət cırtdan Lüksemburqundan üç top yeməsi ilə, əbədi autsayder statusu ilə tamaşa edirik. Güclülər dəstəsində hətta Bakının bir rayonu boyda olmayan Farer kimi multicırtdan ölkələrdəkindən də az sayda komandası olan, uşaq, əyalət və məhəllə futbolu tamamilə darmadağın edilən, kimlərinsə korrupsiya və talama mənbəyinə, milyonlarla futbolsevər üçünsə gözdağına çevrilən futbolumuz, günün mübarək!

Nobel günü

44.jpg (7 KB)

Nobel Prizes Day – 1,1 milyon ABŞ dollarına bərabər olan Nobel mükafatının Stokholm şəhərində təqdim edilməsi mərasiminin şərəfinədir. Fizika, kimya, fiziologiya, tibb, ədəbiyyat, iqtisadiyyat və sülh üzrə verilən bu mükafatları İsveç kralı rəsmi təntənəli mərasimdə şəxsən təqdim edir. 10 dekabr tarixi Alfred Nobelin 1896-cı ilin həmin günündə San-Remoda dünyadan köçməsi münasibəti ilə seçilib. İlk dəfə bu mükafat 1901-ci ilin 10 dekabrında təqdim olunub. Unutmayaq, Alfred Nobel böyük varidatını Bakı neftinin hesabına qazanıb, amma azərbaycanlılar bu mükafata həsrətdirlər.

İnsan haqları günü

Bu haqda danışmağa sözüm yoxdur deyə keçirəm növbəti mövzuya.

Böyük rus yazarı Nekrasovun 200 illiyi

Çarizmin və istibadadın əleyhinə çıxması ilə diqqət çəkən Nikolay Alekseyeviç Nekrasov 1844-1845-ci bir sıra povest, felyeton və oçerklərini yazıb ki, bunların içində “Peterburq guşələri” xüsusi yer tutub. N.Nekrasovun “Rusiyada kim yaxşı yaşayır” poeması xüsusilə məşhurdur. Kənd uşaqlarını çox sevən ədib balacalar üçün çoxlu əsərlər qələmə alıb, uşaqların təhsilə cəlb olunması üçün 1872-ci ildə öz vəsaiti hesabına məktəb də açıb. N.A.Nekrasov rus ədəbiyyatı və ictimai fikri tarixinə yalnız şair kimi deyil, eyni zamanda istedadlı redaktor və mübariz jurnalist kimi də daxil olub. Nekrasovun nəşr etdiyi jurnallar həmin əsrdə Rusiya İmperiyasında ən görkəmli adamların yetişməsində, onların tərbiyə olunmasında böyük rol oynayıb. (Şübhəsiz, bizim maarifçilərə də bu təsir hədsiz olub). O, 1848-1866-cı illərdə vaxtilə Puşkin tərəfindən təsis edilmiş “Sovremennik” məcmuəsinə, 1867-1877-ci illərdə isə “Oteçestvennıye zapiski” jurnalına redaktorluq edib.

Şairlərimizin doğum günü

43.jpg (6 KB)

Bu gün iki Azərbaycan şairinin də doğum günüdür. Biri 1924-cü ildə Xırdalanda, əslən xızılı Ələkbər kişinin ailəsində dünyaya gəlmiş Azərbaycan SSR Xalq şairi, SSRİ Dövlət mükafatı laureatı, xüsusən həmyerliləri olan xızılıların, habelə “Canlanır hər qarış çöl Sumqayıtda” şeiri ilə sumqayıtlıların sevimlisinə çevrilmiş Nəbi Xəzridir, digəri isə müasirimiz, AYB katibi, orijinal şeirləri ilə yanaşı dünya ədəbiyyatından dəyərli tərcümələri ilə də seçilən, 1972-ci ildə Sumqayıtda dünyaya göz açmış Səlim Babullaoğludur. Nəbi Xəzriyə Allahdan rəhmət, Səlim Babullaoğluya isə uzun ömür və cansağlığı arzulayırıq.

Banişevski rüzgarı

Bir də, bu Ümumdünya futbol günü Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin anım günü ilə üst-üstə düşür. 1946-ci ilin 23 fevralında Bakıda dünyaya gələn, 1997-ci ilin 10 dekabrında Bakıda vəfat edən Banişevski futbol tariximizdə Ələkbər Məmmədovla birgə ən şərəfli səhifənin müəllifidir. Balaca idim, Sumqayıtda yaşayırdıq, Banişevskini hansısa səbəbdən “Nefçi”dən kənarlaşdırmışdılar, o, futbolsuz qalıb xeyli çəki yığmışdı, bir gün atam məni Mehdi Hüseynzadə stadionuna apardı ki, Banişevski və Bruxti Sumqayıtın “Xəzər” klubunda oynayacaqlar. Mən sonralar “Santyaqo Bernabeu”da, “Lujniki”də, “Ali Sami Yen”də, daha haralarda derbilər, finallar izləmişəm, amma ogünkü izdihamı bir də heç yerdə görə bilməmişəm. Stadionda insanlar bir-birinin içinə girmişdilər, ətraf binaların eyvanları, damları, stadionun hasarları, ağacların üstü – hər yer tamaşaçılarla dolu idi, bəlkə də yüz min insan var idi.

banishevski.jpg (31 KB)

Həmin mövsüm Banişevski Sumqayıtda bir dövrə oynadı, ona baxmağa bütün Azərbaycan axışırdı, üstəlik, Dağıstandan, Krasnodar və Rostov vilayətlərindən, Gürcüstandan azarkeşlər onun oyunundan həzz almağa gələrdilər. O bir futbol sehrbazı idi, formasını itirmişdisə də, yenə möcüzələr törədir, əlinə top keçdimi, qol vururdu. Autsayder olan “Xəzər” ənənəvi olaraq 2-3 top yeyirdi hər oyunda. Banişevski isə hər oyunda 3-4 top vurub “Xəzər”i təkbaşına qələbələrə aparırdı. Bax belə bir xatirə.
11 dekabr

Beynəlxalq dağlar günü

İnternetional Mountain Day – BMT-nin Baş Assambleyasının təklifi ilə 2003-cü ildən qeyd olunur. Planetin dörddə birini tutan dağlarda dünya əhalisinin 10 faizi yaşayır. Dağlar bir çox unikal bitkilərin, heyvanların təbii qoruğu olmaqla bütün iri çayların da mənbəyidir. Dünyanın ən hündür zirvəsi – Himalay dağlarındadır, 8844 metrlik Everest (Comolunqma) zirvəsidir, ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür dağ Mauna-Kea dağı sayılır.

Cənubi Qafqaz adlandırılan bir ərazidə yerləşməsi artıq Azərbaycanın dağlarla bağlı olmasına bir işarədir, axı söhbət Qafqaz sıra dağlarından gedir. Azərbaycanın ən hündür dağ zirvələri Bazardüzü (4466m) və Şahdağdır (4243m). Kiçik Qafqaz, Zəngəzur, Dərələyəz, Murovdağ, Qarabağ, Şahdağ, Talış dağ silsilələrinə qucaq açıb Azərbaycanımız. Qərbdə Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Şuşa, cənub-qərbdə Qubadlı, şimalda Qax, Balakən, Zaqatala, Qəbələ, İsmayıllı, şimal-şərqdə Qusar, Quba, Şabran, Xızı, cənub-şərqdə Yardımlı, Lerik sırf dağ rayonlarıdır.

Ümumdünya bronxial astma xəstəsi günü

Statistikaya görə, dünyanın yaşlı əhalisinin 5, uşaqların isə 10 faizi bu xəstəlikdən əziyyət çəkirlər. Ümudünya Səhiyyə Təşkilatı bu günü təqvimə saldırmaqla cəmiyyətin diqqətini bu xəstəliyə yönəltmək istəyir, onun xüsusən uşaqlar arasında sürətli artımının qarşısını almağa yönəli tədbirlər keçirməyi tövsiyyə edir. Allah bütün xəstələrə şəfa versin!

Beynəlxalq tanqo günü

345.jpg (73 KB)

İçinizdə çətin ki, tanqosevər tapılmasın. Tanqo XIX əsrin sonlarında meydana gəlmiş musiqi janrı və onunla assosiasiya olunan rəqsdir, Montevideo və Buenos-Ayresin yoxsul məhəllələrində yaranıb, sonradan bütün dünyaya yayılaraq dünya rəqs incilərinin sırasına qoşulub. Dünyaşöhrətli argentinalı postmodernist Xorxe Luis Borxes tanqonu Uruqvay rəqsi milonqanın oğlu və habaneranın nəvəsi adlandırmışdı, lakin tanqo öz mənşəyini milonqa və habanera ilə yanaşı, həm də polka rəqsindən götürür. Tanqo adının Afrika tamtamlarının çıxardığı tan-qo səslərindən, ya da Latınca toxunmaq mənasını verən tangere sözündən götürüldüyü ehtimal edilir. O illərdə yaşanan müharibələr, aclıq və susuzluq əhalini depressiyaya salırdı. Bu zaman əhalinin depressiyadan çıxmasının tək səbəbi tanqo olurdu. İnsanlar tanqo ilə hirslərini, yalnızlıqlarını, sevgilərini və qısacası, həyatlarını anladırdılar.
Sözümü qəribçiliyə salmayın, hazırda ən depressiv hallarında insanlar ortaya düşüb saatlarca rəqs edirlər, bu, onların xilasına çevrilir, odur ki, ən küskün və ən kədərli anlarınızda tanqo da olmasa, tutalım, “Qaytağı” oynaya bilərsiniz.

Xruşovun 68 500 dollara satılan teleqramı

1569677656_3.jpg (166 KB)

Deməyin ki, unutmuşam. Amerikalılar dünən milli lager pivəsi gününü qeyd ediblər, bu günsə onlarda iki bayram birdəndir, “Bublikin (simitin) olsun” günü və milli əriştə günü. Ümumiyyətlə, xoşbəxt amerikalılar xoşbəxtliklərini hər gün bir mətbəxə aid bayramla qeyd edirlər, yeyirlər, içirlər. Sabaha da mütləq bir mətbəx bayramları olmamış olmaz. Amma gəlin hadisələri qabaqlamayaq.

1994-cü ilin bu günündə rus ordusu Çeçenistana müdaxilə edib. 1993-cü ildə Nyu-York auksionunda tarixin ən bahalı teleqramının satışı baş tutub: SSRİ rəhbəri Xruşovun 12 aprel 1961-ci ildə kosmosa uçmuş kosmonavt Qaqarinə təbrik teleqramı 68500 dollara satılıb. 1988-ci ildə Leninakan yaxınlığında zəlzələdən zərər çəkən ermənilərə İl-76 təyyarəsi ilə köməyə gedən azərbaycanlılar qəzaya uğradılaraq həlak olublar, bu barədə Spitak zəlzələsi barədə qeydlərimdə ətraflı yazmışdım. 69 sərnişindən yalnız biri - Balayev Fəxrəddin təsadüf nəticəsində sağ qalıb, 68 nəfər sərnişin və 9 nəfər ekipaj üzvü bu terrorun qurbanı olub. Hələ də bu terror hər yerdə təyyarə qəzası kimi qeyd olunur, biz bu erməni cinayətinin üstünün açılmasına əsla cəhd etmirik.

Biq Ben saatı niyə dayandı?

1981-ci ildə Londondakı Biq Ben saatı tarixində ilk dəfə dayanıb, 12:27-də baş verən olay şiddətli şaxta səbəbindən baş verib. 1963-cü ildə oğlu oğurlanan Frenk Sinatra bundan ötrü quldurlara 240 000 dollar ödəməli olub. 1960-cı ildə fransızlar prezident Şarl de Qollun müstəmləkələri olan Əlcəzairə səfəri zamanı protest edən əlcəzairliləri gülləbaran ediblər. 1946-cı ildə milyarder və filantrop Con Rokfeller Nyu-Yorkda 18 akrlıq torpağı BMT-yə iqamətgah tikmək üçün hədiyyə edib. 1946-ci ildə Böyük Britaniyada ilk proqram kompüteri patent alıb. Həmin il YUNİSEF uşaq fondu yaradılıb. 1941-ci ildə Almaniya və İtaliya ABŞ-a müharibə elan edib. 1937-ci ildə Moskvada, Böyük Teatrda Stalin “Deputat- xalqın quludur” frazasını işlədib. 1894-cü ildə 9 firmanın iştirakı ilə Parisdə dünyanın ilk avtosalonu açılıb. 1872-ci ildə ABŞ tarixində ilk dəfə qaradərili şəxs qubernator olub – Luizianada Pinki Stüart. 1785-ci ildə Müqəddəs Roma imperiyasının imperatoru 2-ci İosif mason lojalarının leqallaşdırılması barədə qərar qəbul edib. Nəhayət, 630-cu ildə Məhəmməd peyğəmbər 10 min nəfərlik ordunu Məkkəyə yeridib.

Hüseyn Nihal Atsızı yad edək!

2548544_810x458.jpg (34 KB)

Bu gün təqvimdə doğulan və vəfat edən çox sayda ünlülərin adları qeyd edilib. Bəzilərinə mütləq nəzər salmağımız gərəkiyir. 1975-ci ildə İstanbulda çağdaş türk ədəbiyyatının zirvələrindən sayılan, böyük türkçü və turançı Hüseyn Nihal Atsız 70 yaşında dünyasını qeyb edib. 1969-cu ilin 11 dekabrı şahmat üzrə ən güclülərdən biri, dünya çempionu, hindistanlı Vişvanatan Anandın doğum günüdür. 1953-cü ildə “Maşina vremeni” rok-qrupunun solisti Andrey Makareviç dünyaya gəlib, ölkəmizdə onun pərəstişkarları həddən artıq çoxdur. 1945-ci ildə stratosferdə Yer kürəsini zərərli ultrabənövşəyi şüalardan qoruyan ozon qatının olmasını kəşf etmiş fransalı fizik Şarl Fabri dünyadan köçüb. 1933-cü ildə Azərbaycanın görkəmli yazarı, maarifçisi Əbdürrəhim bəy Haqverdiyev vəfat edib. 1918-ci ildə rus dissident yazıçısı Aleksandr Soljenitsin doğulub. Onun “QULaq arxipelağı” əsərini yəqin ki, oxuyanlarınız az deyil. Soljenitsin ilə eyni gündə Azərbaycanın xalq yazıçısı Bayram Bayramov da dünyaya gəlib. Sovet dönəmində ulduzu parlayan bu yazıçının müstəqillik dönəmində bəxti gətirməyib. Uzun söhbətdir.

1913-cü ildə bir vaxtların ən kult filmi olan “Fantomas”da baş rol almış məşhur fransız aktyoru Jan Mare dünyaya gəlib. 1882-ci ilin 11 dekabrı Nobel mükafatçısı, kvant mexanikasının banisi, alman fiziki Maks Bornun doğum günüdür. 1864-cü ildə soyğunçu Qaben obrazı ilə tarixə düşmüş fransız yazıçı Moris Leblan anadan olub. 1856-cı ildə marksizm ideoloqu, filosof Georgi Plexanov doğulub. 1843-cü ildə isə Nobel mükafatçısı, vərəmin müalicəsini tapmış alman mikrobioloqu Robert Kox dünyaya gəlib.

Oşo günü

Hamısını dedim, Oşonu sona saxladım. 1931-ci ildə Hindistanda doğulan, adı dillər əzbəri olan din xadimi və filosof Oşonun təlimləri Azərbaycanda çox məşhurdur, onu gənclər sevə-sevə oxuyurlar. Oşonun qızıla bərabər kəlamları var, onlardan bəzilərini diqqətinizə çatdırıram: Həyat, qorxunun bitdiyi yerdə başlanır; Əgər bir gülü sevirsinizsə onu qırmayın. Çünki siz onu qıranda o gül ölür, sizin sevdiyiniz də ölür. Deməli, əgər gülü sevirsinizsə, qoyun, o yaşasın. Sevgi nəyəsə sahib olmaq deyil, onu qiymətləndirməkdir; Kədər dərinlik, xoşbəxtlik yüksəklikdir. Kədər kök atır, xoşbəxtlik qol-budaq atır. Xoşbəxtlik başı göylərə dəyən ağac kimidir, kədər isə yerin dərin qatlarına işləyən kök kimidir. Hər ikisi vacibdir. Ağac nə qədər yüksəkliyə qalxsa, onun kökü də dərin olur; Körpə dünyaya gələndə ana da doğulur. Körpə doğulmazdan əvvəl o qadın idi, ana yox; Mən bu dünyanı sevirəm, çünki bu dünya mükəmməl deyil. Mükəmməl deyil, ona görə də inkişaf edir. Əgər mükəmməl olsaydı, çoxdan ölərdi, inkişaf etməzdi; Bu dünyaya çoxlu insan gəlib, sonra bu dünyanı tərk edib. Bu çox yaxşıdır. Onlar daha yaxşılar üçün yerləri boşaldırlar; Xoşbəxt olmağın çox sadə yolu var. Nə edirsinizsə edin, qoymayın ki, keçmiş sizin beyninizə köçsün, qoymayın ki, gələcək sizi narahat etsin. Çünki keçmiş artıq yoxdur, gələcək isə hələlik yoxdur. Xatirlərdə yaşamaq, xəyallarda mövcud olmaq mövcud olmamaqdır.

12 dekabr

Heydər Əliyevin anım günü

56.jpg (80 KB)

Bugünkü Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin vəfatından 18 il keçir. 2003-cü ildə ABŞ-da, Klivlenddə vəfat edən Heydər Əliyev 80 il yaşayıb, həyatı boyu ən yüksək kürsülərdə əyləşib. Hər şey dünyaya gəldiyi Naxçıvandan başlayıb. O, 1941–1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət edib, 1944-cü ilin mayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. Orada iyirmi beş il (1944–1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilib. 1967-ci ildə general-mayor rütbəsi alıb. 1969-cu ildə 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Qorbaçov hakimiyyətinəcən davam edən bu vəzifədaşımaya Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda xitam verilib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. 1993-cü ilin may-iyununda Gəncə şəhərində Surət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamının qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməli oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də prezident seçkiləri keçirildi, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, Heydər Əliyev hakimiyyətini qoruya bildi. Bu dönəmlərdə iki gündəmdə duran məsələ də öz həllini tapdı: 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.1994-cü il sentyabrın 20-də isə Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu ABŞ-ın Klivlend Klinikasında vəfat etdi, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olundu.

Xeyriyyəçilik günü

Azərbaycanın tarixdə Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçisi olub, məktəblər açaraq savadsızlıqla mübarizə aparan, xaricdə tələbələr oxudub ölkənin ziyalı potensialını yaradan, iş yerlərini ardıcıl sıralayaraq həm Azərbaycanın iqtisadiyyatını gücləndirən, həm insanlara çörək verən, yaraşıqlı binalar tikdirib Bakının hüsnünü gözəlləşdirən, incəsənətə pul qoyaraq xalqının milli mədəniyyətinin inkişafına böyük töhfələr verən, hətta Pakistanın epidemiyadan qırılan əhalisinə yardım etməklə iki xalqın əbədi dostluğunu təmin edən bu böyük şəxsiyyətə haqlı olaraq “Millət atası” deyiblər. Və bu Xeyriyyəçilik günündə məhz onun adını çəkmək bizim borcumuzdur. Çox təəssüf ki, hazırda ölkədə milli burjuaziya olmadığına görə xeyriyyəçilik hərəkatı da bir-iki nəcib və vətənpərvər insanın ianə toplamaqla həyata keçirdiyi xırda aksiyalar şəklini alıb. Dünyada isə xeyriyyəçilik missiyasını çox iri kompaniyalar, milyardçı filantroplar həyata keçirirlər, dövlətlər də onları dəstəkləyir. ABŞ və digər dövlətlərdə xeyriyyəçilik barədə ayrıca dövlət siyasəti də aparılır, müvafiq qanunvericilik qüvvədədir. Dünya bu gün xeyriyyəçi qurum və şəxsiyyətlərə minnətdarlıq ifadə edir. Xeyirxahlar olmasa dünya məhvərindən çıxar, biləsiniz.

Neytrallar, Emin Ağalarov, Aytmatov

30.jpg (60 KB)

Beynəlxalq neytrallıq günüdür həm də 12 dekabr. Müharibələrə qoşulmayan Avropanın cırtdan dövlətlərini, habelə İsveçrəni yada salaq. Neytral qala bilmək böyük xoşbəxtlikdir, belədə məğlubiyyət təhlükəsindən tam sığortalanmış olursan; Ümumdünya tam tibbi təminat günüdür. Allah bizləri bacarıqsız həkimlərlə və dava-dərmansız xəstəxanalarla sınağa çəkməsin əsla; Zınqırovda zəng çalma günüdür. Bəzi ölkələrdə bol-bol zınqırov çalınacaq; Amerikada milli ambrosi günüdür. Elə bildim nədisə hərblə bağlı bir gündür, deməzsənmiş, söhbət meyvə salatından gedir.

1979-cu ildə milyonçu Araz Ağalarovun oğlu, müğənni Emin Ağalarov dünyaya gəlib. Ata pullarını eyş-işrətə deyil, sənətə xərcləyən bu istedadlı gənc çoxlarına nümunə ola bilər. 1980-ci ildə neft maqnatı Armand Hammer 5,3 nilyon dollara London auksionunda 1508-ci ilə aid Leonardo da Vinçinin 36 səhifəlik qeydlər dəftərini alıb. 1979-cu ildə SSRİ “politbürosu” Əfqanıstana qoşun yeridilməsi barədə qərar qəbul edib. 1935-ci ildə Henrix Gimmler “Həyat mənbəyi” adlı əhali artımı barədə nasist proqram ortaya çıxarıb. 1928-ci ildə dünyaşöhrətli qırğız yazıçısı, “Kötük”, “Əsrə bərabər gün” kimi romanlarla adını ədəbiyyat tarixinə yazmış Çingiz Aytmatov dünyaya gəlib. 1925-ci ildə ABŞ-da “Motel” adlı yolkənarı otel açılıb, bütün motellər adlarını burdan götürüblər. 1917-ci ildə Fransada hərbi eşelon qəzaya uğrayıb, cəbhədən sağ-salamat qayıdan 700 fransız əsgəri həlak olub. 1821-ci ildə “Madam Bovari” adlı romanı əl-əl gəzən fransalı yazıçı Qustav Flober doğulub. 1792-ci ildə Vyanada 19 sent ödəməklə 22 yaşlı Lüdviq van Bethoven Frans Yozef Qaydndan ilk musiqi kompozisiyası dərsi alıb. Həmin il rus komediyalarının atası Denis Fonvizin rəhmətə gedib. 1766-cı ildə isə rus yazıçısı və tarixçisi Nikolay Karamzin doğulub.

Aşıq Pənahın 95 illiyi

Sovetlər dönəmində bütün dövlət konsertlərində başında iri papaq olan bəstəboy bir aşıq çıxış edər, saz çalar, rəqs edər, pariyadan, Lenindən mahnılar oxuyardı, Əlipənаh Ələsgər оğlu Pənаhоv (Аşıq Pənаh) idi o. Salyan rаyonunda аnаdаn оlan Aşıq Pənah Şirvan aşıqlarının yetişdirilməsində müstəsna rol oynamışdı. İşin ideoloji tərəflərini çıxsaq, insafən, yaxşı aşıq idi, sadəcə, qırmızı kommunist kabusuna xidmətdən sui-istifadə etmişdi.

Aşıq Pənah iki dastanın (“Sülh”, “Pambıqçılar”), 18 aşıq havasının (“Dilbər”, “El gözəli”, “Ala gözlüm”, “Yeddi qardaş”, “Səhər nəğməsi”, “Azərbaycanım” və s.), 128-ə qədər qoşmanın müəllifi olub, onun “Saz və söz”, “Sözlərimi saxla yadda”, “Məhəbbətdən danışaq”, “Təzə söz, təzə mahnı”, “Mənim sazım” kimi şeirlər kitabı işıq üzü görüb. Аşıq Pənаh kеçmiş SSRİ-nin müхtəlif şəhərlərində, Finlandiya, Bolqarıstan, Rumıniya, Polşa, Çexoslovakiya, Hindistan kimi xarici ölkələrdə Azərbaycan mədəniyyətini, aşıq sənətini təbliğ edib, mədəniyyətimizin inkişafı sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 1978-ci il аvqust ayının 26-da vəfаt еdən aşığın adını Salyanda bir küçə, 1 lisey və Salyan rayon Yenikənd Folklor Evi daşıyır. 2007-ci ildə haqqında film də çəkilib.

Qaradərililərin möcüzəsi

Həyatda elə təsadüflər olur ki, onların zərurətdən doğulması əsla inandırıcı görünmür, amma təsadüfün miqyası da insanda şübhələr yaradır. Elə bax indi deyəcəyim də. Bilirsiniz ki, Afrikanın Keniya adlı ölkəsində dünyanın ən bərk qaçan insanları doğulurlar. Hüseyn Boltun vətəni idmanın qaçış növü üzrə bütün medalları daşımaqda pərgardır. Demək, 1969-cu ilin 12 dekabrında Keniyada gələcəkdə qaçış üzrə ən müxtəlif çempionluqlar qazanacaq Uilfred Kiroşi dünyaya gəlib. 1971-ci ilin yenə də 12 dekabrında Keniyada çempionluqlar sıralayacaq qaçışçı Semmi Korir, 1972-ci ilin 12 dekabrında isə çempionluqlar sıralayacaq digər qaçış ustası Uilson Kipketer doğulublar. 1974-cü ilin yenidən 12 dekabrında bu ölkədə növbəti qaçış üzrə çempionlar çempionu Bernard Laqat doğulub. Yox, hamısı deyil. 1990-cı ilin yenə də 12 dekabrında bu ölkədə daha bir qaçış çempionu – Nikson Çepseba doğulub. Demək, 12 dekabrda balaca ölkədə birdən-birə 5 dünya çempionu atlet ad gününü qeyd edəcək. Möcüzə deyilmi?

Vəfat edən üç ədibimiz

12 dekabrda üç tanınmış Azərbaycan ədibi dünyasını dəyişib. Xalq şairi Cabir Novruz, xalq yazıçısı Hüseyn Abbaszadə, habelə istedadlı istiqlalçı şair Ağamalı Sadiq. İndi Cabir Novruzdan “Gecikmiş məhəbbət” şeirini əzbər deyərəm, amma bilirəm ki, onu çoxunuz bilirsiniz. Odur ki, vaxtsız aramızdan gedən böyük şair Ağamalı Sadıq Əfəndidən bir-iki bənd demək istədim həftəyə yekun olaraq:

543.jpg (7 KB)

Bu dünyanın axırına inandım,
Əzəlini gülə-gülə yaşadım.
Yaş keçdikcə daşa dəydi inadım,
Korun-korun, gilə-gilə yaşadım.

Sən əylənmə, aylı dağda qar azdı,
Mənim yolum Həkəridi, Arazdı
Görən yazan taleyimə nə yazdı?
Göz yaşımı silə-silə yaşadım.

VARİS

Xəbər Lenti