Bu, sizə heç yaraşmır!

31 Dekabr 2021 22:40 Köşə 1 705
Bu, sizə heç yaraşmır!

"Yığmada təməlqurma prosesi gedirdi.

Mənə elə gəlir ki, millinin indiki heyəti tarixi ərzində ən yaxşısıdır.

DÇ-2022-də uğur əldə etməsək də, oyunçuların bir-birini başa düşməsini, xətlərarası əlaqənin yaxşı olmasını müsbət məqam kimi vurğulaya bilərəm. Məncə, irəliləyiş var.

Futbolçularımız rəqiblər ilə başabaş oynamağa qadirdirlər. Ümid edirəm ki, gələcəkdə yaxşı nəticələr görəcəyik".

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan millisinin sabiq çalışdırıcısı, hazırda isə AFFA Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərən Şahin Diniyev dilə gətirib.

Şahin müəllimin futbolçu karyerasını tanımasam, məşqçilik fəaliyyətindən xəbərim olmasa və futbol biliklərindən xəbərsiz olsam, elə bilərəm ki, yuxarıdakı fikirlər hansısa futboldan xəbərsiz birinə məxsusdur. Şahin müəllim, elə sizi tanıdığım üçün fikirlərinizin üzərindən də rahatlıqla keçə bilmədim.

Yığmada qurulan təməlqurma prosesindən danışırsınız. Hansı təməl təməlqurma prosesi?

Bugünkü Azərbaycan millisinin özəyi 32 yaşlı Maksim Medvedev, 30 yaşlı Filip Ozobiç, 29 yaşlı Emin Mahmudov, Qara Qarayev, Höccət Haqverdi, 27 yaşlı Şahruddin Məhəmmədəliyev və Azər Salahlıdırsa, siz hansı təməlqurmadan danışırsınız?

Təməlqurma prosesi 18-20 yaşlı gənclərlə aparılır. Deyə ki, futbol ölkəsi deyilik, futbolçu bazamız azdı və.s, və.i.

Belə olan halda da heç olmasa təməlqurma üçün yaşı həddi 22-23 olmalıdır axı. Bizdə bu yaşda əsas heyət üzvü olan neçə nəfər var? Maksimum 2 nəfər.

Şahin müəllim, bəs o zaman siz hansı yaxşı gələcəkdən danışırsınız? Suallar çox, cavablar isə yoxdur. Nəinki suallarımıza, heç zənglərimizə, mesajlarımıza da cavabınız yoxdu, Şahin müəllim.

İnciməyin, 55 yaşında birinə nə belə danışmaq, nə də zənglərdən, mesajlardan qaçmaq yaraşmır. Sizə isə heç yaraşmır, Şahin bəy!

Xanoğlan İmanov

Xəbər Lenti