De Byazi günahkardır, bəs onu milliyə urcah edənlər?

10 Oktyabr 2021 09:40 Köşə 2 621
De Byazi günahkardır, bəs onu milliyə urcah edənlər?

DÇ-2022, A qrupu. 6 tura 5 məğlubiyyət.

Qrupun qələbə qazana bilməyən yeganə üzvü – Azərbaycan millisi.

Dublindəki 1:1-in təsadüfi olduğu sübuta yetdi. Əksini göstərmək olardı, irlandlar imkan vermədi.

AFFA-ya yaxınlığı şübhə doğurmayan media qrupu Canni De Byaziyə qarşı «səlib hücumu»na başlayıb. Bax, bu da təsadüf deyil.

Onlarını həddi nədir ki, federasiyadan xəbərsiz italiyalı baş məşqçinin üzərinə yerisinlər?! Bağışlamazar, «yal»larını kəsərlər.

AFFA-dakılar belə «səhvlər»i keçmir. Mavi ekrandan baş məşqçinin əleyhinə danışmaq heç olmazdı. Dünənə, srağagünə kimi.

Bu gün isə sıraya düzülüblər, hamısı bir ağızdan De Byazini pisləyir. AFFA-dan işarə etsəydilər, hardansa dar ağacı da tapıb, gətirib stadionun ortasında yerləşdirər, De Byazini asardılar.

Hə, nə oldu, biz deyəndə ki, De Byazi millimizə yeni nəfəs gətirmək gücündə deyil, səviyyəli mütəxəssis olsaydı, bura gələnədək 3 il işsiz qalmazdı, razılaşmırdılar.

Hay-haray qoparırdılar ki, yox e, doşab almışıq, bal çıxıb. Az qalmışdı ki, bizləri vətən xaini elan etsinlər.

Əlbəttə, millinin hər məğlubiyyəti üzücüdür, kədərlidir. Hər belə oyundan sonra adam günlərlə özünə gələ, yenilginin təsirini üzərindən ata bilmir. Axı bu, sənin, mənim, onun - hamımızın komandasıdır və üzərində Azərbaycanın adı var.

De Byaziyə media üzərindən hücumların mənbəyi AFFA-dır. Məhz «şüşəbənd» arxasında əyləşənlərdir bu «kampaniya»nın tətikçiləri.

Yenə deyirəm, AFFA-dan tapşırıq almasalar, əlaltıları italiyalı məşqçinin kölgəsini belə rahat, belə sərbəst, belə geninə-boluna tənqid etməyə özlərində cəsarət tapmaz.

Bu, millini bərbad duruma düşürənləri hədəfdən yayındırmaq məqsədi daşıyır. onlar oradadır - AFFA-da.

Gizlənibər indi. Biri də ortalıqda görmür, biabırçılıqlara münasibət bildirmir.

İctimai fikri çaşdırmaq üçün De Byazinin adınıı hallandırırlar, elə görüntü yaradırlar ki, guya, səbəbkar odur.

Bəs bu italyana Azərbaycanın yolunu tanıdan, milyonluq müqaviləyə imza atdııranlar kimlərdir?

De Byazidə günah birdirsə, AFFA-nıın idarəçilərində ondur. «Şüşəbənd» tərəfindən idarə olunan media kəsimi millinin bu məşqçinin rəhbərliyi altında heç bir uğur qazana bilməyəcəyini deyir indi.

Vaxtilə Berti Foqts, Robert Prosineçki, Qurban Qurbanov, Nikola Yurçeviç haqda dedikləri kimi.

İtalyandan sonra gələn baş məşqçi kim olacaqsa, onu da əvvəlcə tərifləyəcək, sona yaxın isə «ağ yuyub, qara sərəcəklər».

AFFA-nın qaydası belədir. Milli hər dəfə uduzanda məşqçi və futbolçular təqsirkar çıxarılımalıdır, yetər ki, onlara dəyib-toxunan, yada salan olmasın.

Xəzər Hikmət

Xəbər Lenti