Yadelli qələbəsinə qol götürüb oynamaq kompleksi

1 İyun 2021 13:20 Köşə 1 151
Yadelli qələbəsinə qol götürüb oynamaq kompleksi

“Çelsi” azarkeşlərinin Bakıda çıxardığı xoşməramlı pəstəhanı, küçədə qol götürüb oynamalarını göstərən videonu görəndə, açığı, oynayanların başına diqqətlə baxdım, dedim, görüm, aralarında kürənlər, sarısaçlar, yəni ingilislər, şotlandlar, irlandlar varmı.

Hamısı bizimkilər idi, qarasaç, qaragöz oğlanlar.

Elə ürəkdən sevinir, atılıb düşürdülər, sanasan, sabirabadlıdırlar və Sabirabadın “Pamblqçı” komandası superliqaya çıxdığı il həm çempion olub, həm də ölkə kubokunu qazanıb.

Hətta kimsə videoda görünən məkanın 39-42-ci paralellərdə yerləşən ölkənin paytaxtı yox, London olduğunu desə, çox inandırıcı çıxardı. Adam düşünərdi ki, Londonun arxa məhəlləsinin cavanlarıdır, aborigen xalqın övladları olmasa da, artıq yerli camaata qaynayıb-qarışıblar və şəhərin komandasının Çempionlar Liqasının qalibi olmasına sevinirlər.

Fəqət bura Londondan 5-6 min uzaqda yerləşən şəhərdir və burada yaşayan əhalinin 99 faizi Londonu yalnız televizorda görüb. Amma bu, bizə “Çelsi”yə fanatikcəsinə azarkeşlik etməyə mane olmur.

Amma bu azarkeşliyin səbəbi, qaynağı nədir, ən maraqlı burasıdır. Çünki hər bir azarkeşliyin öz motivi olur və onları məhəllə, kənd-qəsəbə, şəhər-rayon, ölkə-vətən təəssübkeşlikləri doğurur.

Dünyanın iri şəhərlərinin camaatı, adətən, öz komandasına azarkeşlik edir – məsələn, liverpullular “Liverpul”a, manşesterlilər “Manşester Siti” və “Manşester Yunayted”ə, milanlılar “İnter” və “Milan”a, istanbullular “Beşiktaş”a, “Qalatasaray”a, “Fənərbağça”ya, barselonalılar “Barselona”ya, madridllilər “Real” və “Atletiko”ya və sair və ilaxır.

Olur, bəzən bir şəhərin komandası beynəlxalq yarışda – Çempionlar Liqasında, Avroliqada yarımfinala, finala çıxanda həmin ölkənin başqa şəhərlərindəki futbol azarkeşləri müvəqqəti olaraq dünənəcən rəqib saydıqları komandanın azarkeşinə çevrilirlər.

Məsələn, bizdə “Qarabağ” Avroliqada oynayanda stadionda lənkəranlılar, naxçıvanlılar, şirvanlılar, gəncəlilər, bakılılar üstünlük təşkil edir, nəinki qarabağlılar.

Hərçənd istisnalar da var, məsələn, “Qalataaaray” ÇL-də, Avroliqada irəli gedəndə “Fənərbağça” azarkeşləri nəinki ona azarkeşlik edirlər, hətta istəyirlər ki, doğma şəhərlərinin o biri komandası biabırçı hesabla uduzsun.

“Qalatasaray” azarkeşləri də aşağı-yuxarı eyni düşüncədədir, hətta bir dəfə bir alman komandası “Fənər”in qapısına qol vuranda sevincindən “qoool” deyə bağıran “Qalatasaray” azarkeşi görmüşəm. Amma bu heç. Bu, futbolda türk fenomenidir.

Əslində, dünyanın bütün ölkələrində azarkeşlərin 99,9 faizi başqa şəhərlərin, ölkələrin komandalarına azarkeşlik etmirlər.

Əmin olun ki, bu saat Londonda, Madriddə, Milanda bir nəfər də olsun qeyri-azərbaycanlı, ingilis, ispan, italyan “Qarabağ” və ya “Neftçi”yə azarkeşlik etmir. Deyilə bilər, əgər “Neftçi” və “Qarabağ” Çempionlar Liqasının qalibi olsaydı, yəqin ki, onların da ingils, italyan, alman, fransız azarkeşləri olardı.

Əlimi Viktor Hüqonun, Dino Bussatinin, Ceyn Ostinin, Migel Servantesin, Herta Müllerin kitablarına basıb and içərəm ki, elə şey olmazdı. O xalqlar o qədər göylə gedən, özlərinə hörmət qoyan camaatlardır ki, başqa ölkəyə aid olan heç nəyə azarkeşlik etməzlər.

Çünki ortada səbəb yoxdur, nəyə görə azarkeşlik etsinlər, yad bir millətin, ölkənin idman nailiyyətinə niyə sevinsinlər, bu onlara nə verir? Gedib öyünəcəklər ki, halaldır, qitənin ucqarında əla bir “Qarabağ” komandası var, yaxşı futbol oynayır? Amma bizim Qara Qarayev gedib “Lion”da, “Milan”da, “Liverpul”da, “Bavariya”da əla oynasa, o zaman vəziyyət dəyişər, o ölkələrin azarkeşləri deyər, our Kara iz the best. Hətta Fransa mediası onu “fransız futbolçu” adlandırar (əlcəzairli Zidanı və Benzemanı “fransız” adlandırdıqları kimi), almanlar da eləcə, italyanlar da, ispanlar da.

Bir bizik, bir də bizim günümüzdə olan, natamamlıq kompleksindən əziyyət çəkən xalqlar, eyzən onun-bunun komandalarına azarkeşlik edərik.

Yazıram, yadıma düşür ki, biz də 1986-cı ildə Kiyev “Dinamo”sunun UEFA kubokunun qalibi olmasına sevinmiş, hətta Gəncədə “Arifin pitixanası”nda (indi sökülüb) Rats, Yaremçuk və Yakovenkonun (Belanov xaric, ondan zəhləmiz gedirdi) sağlığına limonlu araq badəsi qaldırmışdıq. Amma o zaman beləydi ki, biz SSRİ vətəndaşıydıq, Kiyev də ölkəmizin şanlı-şöhrətli şəhərlərindən biriydi – yəni arada bir bağ, bir doğmalıq vardı, bir ayağımız ordaydı.

Vizasız gedə bilmədiyimiz Londonla, Madridlə, Milanla aramızda hansı bağ var? Yox, ola bilər ki, o gün “Çelsi”nin qələbəsinə qol götürüb oynayanların içində Londonda təhsil aldığı vaxt sırf sinfi eynilik baxımından bu “zadəganlar komandası”na könül verən gənclər də olub. Mümkündür. Amma olsa da, az olar. Çünki bildiyimiz qədər, bir ara kütləvi şəkildə Londona gedib ali təhsil alan gənclərin bir çoxu futbol azarkeşi olmaqdansa, kef-damaq, əyləncə, viski-şampan azarkeşi olublar və qürbət ellərdə ad çıxarıblar.

Xüləs, uzun söhbətdir. Arzu edək ki, öz komandalarımız elə oynasınlar ki, dünyanın o başındakı komandaları qələbəsindən ötrü özümüzü burda ülgücləməyək.

Samir SARI

Xəbər Lenti